Azərbaycanda səfərdə olan ABŞ-ın Hyuston Universitetinin rektoru və prezidenti Renu Xatur və rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycandadır.
Bakı Dövlət Universitetinin (BDU) mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dünən Hyuston Universiteti, BDU və Bakı Ali Neft Məktəbi (BANM) üçtərəfli niyyət sazişi imzalayıb. Sazişdə tələbə və mütəxəssislərin mübadiləsi, tədris proqramlarının hazırlanması və tətbiqi, birgə tədqiqatların aparılması və digər məsələlər üzrə birgə əməkdaşlıq nəzərdə tutulur.
Məlumat üçün bildirək ki, Renu Xatur 29 iyun 1955-ci ildə Hindistanda anadan olub.. Kanpur Universitetində mühəndislik ixtisası üzrə bakalavr təhsilini alıb. Magistratura və doktorantura təhsillərini isə Purdu Universitetində politologiya ixtisası üzrə alıb. Beynəlxalq ekologiya siyasəti sahəsində tanınmış alimlərdən olan R.Xatur bu mövzuda çoxsaylı kitab və məqalələrin müəllifidir.
Hyuston Universitetinə təyin olunmazdan öncə Florida Universitetində 22 il müddətində müxtəlif vəzifələrdə çalışıb. 2008-ci ildən etibarən R.Katur həm Hyuston Universiteti Şəbəkəsinin prezidenti, həm də universitetin rektorudur. Bu universitetin ilk qadın rektoru və ABŞ-da elmi-tədqiqat yönümlü ali təhsil müəssisəsinə rəhbərlik edən ilk Hindistanlı immiqrantdır. Hazırda Amerika Təhsil Şurası, Dallas Federal Ehtiyatlar Bankı, Böyük Hyuston Tərəfdaşlığı, Hyuston Texnologiya Mərkəzi, Texas Tibb Mərkəzinin Siyasi Şurası, Biznes üzrə Ali Təhsil Forumu və Xarici Əlaqələr Şurasının üzvüdür.
Onu da bildirək ki, Hyuston Universitetində Xocalı soyqırımı, eləcə də Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı bir sıra tədbirlər hər il ənənəvi olaraq keçirilir. Hyuston şəhəri isə Bakı ilə qardaşlaşmış şəhərdir.
SEVİL