2020-ci il sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan 44 Günlük Vətən müharibəsindəki qələbəmizin üçüncü ilinin tamam olması ilə əlaqədar olaraq Neftçala Rayon İcra Hakimiyyəinin təşkilatçılığı ilə rayonda “Zəfər Günü” böyük coşqu ilə qeyd olunub.
Teleqraf.com xəbər verir ki, tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların məsul şəxsləri, şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon ictimaiyyət və qonaqlar iştirak edib.
Tədbirdən öncə ulu öndər Heydər Əliyevin Neftçala şəhərinin mərkəzində ucaldılan əzəmətli heykəli və Şəhidlər Xatirə Kompleksi ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhları ehtiramla yad olunub, şəhidlərimizin əziz xatirəsinə ağacəkmə aksiyası keçirilib. “Zəfər Günü” ilə əlaqədar olaraq təşkil olunan sərgiyə tədbir iştirakçıları tərəfindən baxış keçirilib.
Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səslənib.
Tədbirdə çıxış edənlər sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlanan Azərbaycan ordusunun Vətən müharibəsindəki qələbəsindən, Azərbaycan Xalqının əzmindən, müharibə ruhundan, əsgər və zabitlərin şücaətlərindən, döyüş yollarından danışıblar. İcra başçısı Mirhəsən Seyidov bildirdi ki, bu gün ölkə Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin siyasi yolunu uğurla davam etdirir.
O qeyd edib ki, Prezidentin uzaqgörən və qətiyyətli siyasəti nəticəsində 30 ilə yaxın işğalda olan torpaqlarımız xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində azad olunub: “Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun böyük qəhrəmanlıq göstərərək 44 günlük Vətən müharibəsində, 19-20 sentyabrda 23 saat davam edən lokal antiterror tədbirləri zamanı mənfur düşmənimizi ağır məğlubiyyətə uğratdı və ölkəmizin ərazi bütövlüyü, suverenliyi tam bərpa olundu”. İcra başçısı “Zəfər Günü” münasibətilə bütün neftçalalıları və qonaqları təbrik edib. Neftçala rayon sakinləri və qonaqları üçün 8 Noyabr - Zəfər Gününə həsr olunan respublikanın tanınmış incəsənət xadimlərinin iştirakı ilə musiqili konsert proqramı təqdim olunub və konsert proqramı atəşfəşanlıqla yekunlaşıb.