Hazırda ölkə üzrə 44 ali təhsil müəssisəsi, 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 167 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 130 947 ( bakalavr), 11 740 ( magistr) nəfər Bakıda təhsil alır.
Bunu Teleqraf.com-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Onun sözlərinə görə, paytaxtda universitetlərin əksəriyyətinin mərkəzdə və mərkəzə yaxın ərazidə yerləşməsi avtomobil sıxlığının artmasına səbəb olur: “Tələbələrin şəxsi avtomobildən istifadə etməsi və ya valideynlərin onları universitetə maşınla gətirməsi də tıxaclara şərait yaradır.
Bu bir faktdır ki, ali təhsil müəsissələri şəhərdən kənara köçürülsə, bu, paytaxtın tıxac probleminin həllində vacib rol oynaya bilər. Əslində bu gün pik saatlarda yaranan sıxlıq ali təhsil müəsissələrinin yollara bitişik ərazilərdə olması hesabınadır. Buna görə də universitetlərin şəhərdən kənara köçürülməsi məqsədəuyğundur. Belə olsa, ali təhsil müəsissələrinin yerləşdiyi küçə və prospektlərdə tıxacların qarşısı alınar”.
Ekspert paytaxtdan kənara köçürülməsinə ehtiyac olan univerisitetlərin adlarını da çəkib: “Əsasən Azərbaycan Dillər Universiteti, İqtisad Universiteti, Slavyan və Pedaqoji universitetlərini misal göstərmək olar. Çünki bu universitetlərin tədris binaları paytaxtın mərkəzində, nəqliyyatın sıx hərəkətdə olduğu ərazilərdə yerləşir. Düşünürəm ki, həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərində yerləşdirilməsi daha effektiv olar. Bu, həm də Bakı ətrafı ərazilərin inkişafına təkan verər”.
Dünya təcrübəsindən danışan mütəxəssis bildirib ki, Amerikada və dünyanın başqa böyük ölkələrində universitetlər həm böyük şəhərlərdə, həm də mərkəzdən kənarda yerləşir: “Qardaş Türkiyədə universitetlərin çoxunun tələbə şəhərcikləri var. Bu tip şəhərciklər tələbələrin təhsili, istirahəti və yaşaması üçün bütün sosial obyektlərlə təmin olunub. Avtomobili olmayan tələbələr isə aylıq ödəniş etməklə, xüsusi avtobuslarla universitetə gedib gələ bilərlər.
Qeyd edim ki, Azərbaycanda təhsilin inkişafı üzrə yeni Dövlət Strategiyasında kampusların yaradılması nəzərdə tutulur. Bu o deməkdir ki, yaxın vaxtlarda ölkəmizdə universitetlərin Bakıdan kənara köçürülməsinə şahid ola bilərik.
Düşünürəm ki, bütün universitetlərin şəhərdən kənara köçürülməsinə ehtiyac yoxdur. Şəhərin mərkəzində tıxacların yaranmasına səbəb olan ali təhsil müəssisələrini köçürmək kifayət edər. Elə universitetlər var ki, onların həyətləri, sahəsi yoxdur. Həmin universitetlərin şəhərin mərkəzində olmasının heç bir əhəmiyyəti yoxdur. Şəraiti olmayan ali təhsil ocaqlarının şəhər kənarında ayrıca şəhərcikdə yerləşdirilməsi daha məqsədəuyğundur. Artıq Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı və Bakı Ali Neft Məktəbi şəhər ətrafına köçürülüb”.
Kamran Əsədov düşünür ki, önəmli olan təhsilin keyfiyyətidir: “Universitetin harada olmasından asılı olmayaraq, bütün güc təhsilin səviyyəsinin qaldırılmasına yönəldilməlidir. Düzdür, Bakıda şəhərsalma zamanı məktəblər yaşayış binalarına yaxın inşa edilib ki, məktəblilər nəqliyyat problemi ilə üzləşməsinlər. Amma nəzərə alsaq ki, hazırda 4472 orta məktəbdə 1.6 milyon şagird təhsil alır, deməli, bu problem az da olsa var.
Yaxşı olar ki, şagirdlər fərdi avtomobillə dərsə gəlməsinlər. Bu, məktəb ətrafında sıxlıq, xaos yaradır. Digər tərəfdən məktəblərin xüsusi avtobuslar saxlamağa büdcələri yoxdur. Bu gün özəl məktəblərdə nəqliyyat servisi xidməti var. Adi məktəblər isə bunu edə bilmirlər. Çünki nazirlik dövlətin nəzdində olan lisey və gimnaziyalar üçün nəqliyyat saxlamağa büdcə ayırmır. Belə halda valideynlər yığılıb kiçik bir büdcə yaratmaqla məktəb avtobusu təşkil edə bilərlər”.