23 Noyabr 2023 11:50
309
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 22-də Vyetnam Sosialist Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti ilə Vyetnam Kommunist Partiyasının (VKP) Siyasi Bürosunun üzvü, Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü və Təşkilat Komissiyasının sədri xanım Çionq Txi May arasında görüş keçirilib.

Teleqraf.com xəbər verir ki, nümayəndə heyətini salamlayan Çionq Txi May Azərbaycanla Vyetnamın bir-birinin maraqlarına hörmət edən dost ölkə olduqlarını, çoxşaxəli münasibətlərin inkişafının məmnunluq doğurduğunu qeyd edib. O, “İstər dövlətlər, istərsə də partiyalar arasında hər bir təmas ümumi hədəflərimizə, ilk növbədə münasibətlərin inkişafına yönəlib və əməkdaşlığın genişlənməsinə xidmət edir” deyib.

Azərbaycanın qazandığı nailiyyətlərin dost Vyetnam xalqını sevindirdiyini bildirən Çionq Txi May ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin əsasının Vyetnam xalqının Lideri Ho Şi Min və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayıb. O bildirib ki, müasir dövrdə dövlət başçılarının diqqəti sayəsində inkişafa hədəflənən bərabərhüquqlu işbirliyinin gücləndirilməsi milli maraqlarımıza cavab verməklə uğurlu nəticələr vəd edir.

2017-ci ilin sentyabr ayında Azərbaycanda səfərdə olduğunu qeyd edən Çionq Txi May Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırlayıb və səfərin xoş təəssüratlarla yadda qaldığını diqqətə çatdırıb. O, Azərbaycan Prezidentinin həm ölkələrimiz, həm də partiyalarımız arasında münasibətlərin inkişafına xüsusi diqqət yetirməsinin böyük önəm daşıdığını vurğulayıb.

YAP ilə VKP arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə diqqəti yönəldən Çionq Txi May “Əminəm ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin ölkəmizə səfəri faydalı olacaq, hərtərəfli əməkdaşlığa stimul verəcək. Xüsusilə də, bu səfər çərçivəsində partiyalarımız arasında Əməkdaşlıq Sazişinin imzalanması hər iki tərəf üçün yeni imkanlar yaradır. Ümid edirəm ki, bundan sonra da birlikdə addımlayaraq yeni uğurlar qazanacaq, dostluq münasibətlərimizin daha da möhkəmlənməsinə nail olacağıq ”,- deyə bildirib.

Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tarixi köklərə əsaslanan Azərbaycan-Vyetnam münasibətlərinin konstruktiv xarakter daşıdığını, dostluq əlaqələrinin möhkəmlənməsi və əməkdaşlığın dərinləşməsi fonunda mühüm perspektivlər vəd etdiyini diqqətə çatdırıb. Azərbaycanın Cənub Qafqaz regionunda, Vyetnamın isə Cənub-Şərqi Asiyada aparıcı mövqelərə malik olduğunu söyləyən Tahir Budaqov hər iki ölkənin milli maraqlara və müasir çağırışlara əsaslanan siyasət həyata keçirməklə davamlı sosial-iqtisadi inkişafı təmin etdiyini bildirib. O, iqtisadi-ticari, mədəni-humanitar, təhsil, turizm, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, prioritet hədəflərin reallığa çevrilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb: “Sizin də qeyd etdiyiniz kimi, ölkələrimiz arasında uzunmüddətli dostluq münasibətlərinin təməli xalqlarımızın öndərləri tərəfindən yaradılıb. Xalqlarımızın taleyində və dövlətçilik tariximizdə müstəsna yeri olan dahi liderlərin - Ho Şi Minin 1959-cu ildə Azərbaycana, Heydər Əliyevin isə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini kimi 1983-cü ildə Vyetnama səfəri tariximizin önəmli və parlaq səhifələrindəndir. Qeyd etmək istəyirəm ki, Heydər Əliyevin səfəri o zaman təkcə SSRİ-Vyetnam münasibətlərinin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycan ilə Vyetnam xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyət daşımışdır. Müdrik dövlət xadimi Heydər Əliyev Azərbaycanın müstəqilliyinin bərpasından sonra ölkəmizə rəhbərlik etdiyi dövrdə də Vyetnam ilə münasibətlərin inkişafına ciddi diqqət yetirib”.

Tahir Budaqov müasir dövrdə Azərbaycan-Vyetnam münasibətlərinin tarixi ənənələrə söykəndiyini və yeni çağırışlar əsasında inkişaf etdiyini bildirib. Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama, Vyetnamın o zamankı Prezidenti Truong Tan Sangın isə 2015-ci ildə Azərbaycana səfərini xatırladan YAP Sədrinin müavini deyib: “Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Vyetnamla əməkdaşlığın dərinləşdirilməsinə xüsusi diqqət yetirir. İki ölkənin fəal siyasi dialoqu tərəflər arasında çoxşaxəli işbirliyinin dərinləşməsini şərtləndirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz ikitərəfli əlaqələrimizin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, mədəni-humanitar, təhsil və digər sahələrdə inkişafına böyük əhəmiyyət veririk". Dövlətlərimiz, eyni zamanda, beynəlxalq müstəvidə də bir-birinin maraqlarının müdafiəsinə böyük önəm verir, çoxşaxəli qarşılıqlı münasibətlərin milli mənafelər və beynəlxalq hüquq normaları əsasında inkişafını zəruri hesab edir”.

Daimi təmasların istər ölkələr, istərsə də siyasi partiyalar arasında münasibətlərin inkişafına töhfə olduğunu söyləyən Tahir Budaqov qarşılıqlı səfərlərin önəminə diqqəti cəlb edib: “Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasındakı əlaqələr Azərbaycan-Vyetnam münasibətlərinin mühüm tərkib hissəsidir. Ötən il Vyetnam Kommunist Partiyasının nümayəndə heyətinin ölkəmizə səfərini məmnunluqla xatırlatmaq istəyirəm. Həmin səfər zamanı biz səmərəli fikir mübadiləsi apardıq, əlaqələrin genişləndirilməsi istiqamətində ardıcıl fəaliyyətin davam etdirilməsinin, yeni təşəbbüslərin irəli sürülməsi və reallaşdırılmasının vacibliyini bildirdik. Xüsusi vurğulamaq istəyirəm ki, Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin Vyetnama hazırkı səfəri çərçivəsində faydalı təmaslarımız, məhsuldar görüşlərimiz oldu. YAP ilə VKP arasında Əməkdaşlıq Sazişi imzalamaqla dostluq və tərəfdaşlıq əlaqələrinin əsaslarını möhkəmləndirdik və işbirliyinin yeni istiqamətlərini müəyyənləşdirdik. Heç şübhəsiz, Sazişdən irəli gələn vəzifələrin icra olunması səmərəli nəticələr verəcək, yeni nailiyyətlər qazanaraq qarşılıqlı faydalı əməkdaşlığımızı daha da gücləndirəcəyik”.

YAP Sədrinin müavini hər iki ölkənin parlamentləri arasında əlaqələrin sıxlaşdırılmasının Azərbaycan-Vyetnam münasibətlərinin inkişafı baxımından önəmli olduğunu diqqətə çatdırıb.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində müasir texnologiyalardan istifadə etməklə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin aparıldığını bildirən YAP Mərkəzi Aparatının rəhbəri Vyetnam şirkətlərinin də bu prosesdə iştirakının arzuedilən olduğunu söyləyib. Tahir Budaqov yeni çağırışlar və reallıqlar fonunda Azərbaycan-Vyetnam münasibətlərinin uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyətinə partiyanın Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov, partiyanın Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov və Mərkəzi Aparatın Beynəlxalq əlaqələr və humanitar məsələlər şöbəsi müdirinin müavini Hülya Məmmədli daxildir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər