"Azərbaycanın ərazi bütövlüyünü bərpa edən, eyni zamanda, separatizmin kökünü kəsərək, ölkəmizin bütün ərazisində Azərbaycanın konstitusion quruluşunu bərpa edən Ali Baş Komandan İlham Əliyev növbədənkənar prezident seçkilərində prezidentliyə namizədlərdən biridir. Hesab edirəm ki, AXCP və Musavat Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanın tarixi uğurlarını və şanlı Zəfərini gördükdən sonra növbədənkənar prezident seçkilərində ona rəqib ola bilməyəcəklərini açıq şəkildə hiss etmiş və baykot qərarını verməklə, həm də bir daha cəmiyyət və ictimaiyyət, eyni zamanda, özlərinin partiyadaşları qarşısında nüfuzlarını aşağı salmış oldular. Çünki elə həmin partiyaların üzvlərinin böyük əksəriyyəti bu gün əvəzsiz və şəksiz lider İlham Əliyevin ölkəyə rəhbərlik etməsini arzulayanlardır. Niyə? Çünki hazırda dövlətimizə qarşı olduqca çirkin və məkrli kampaniyalar aparılır, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsini qəbul etməyən çox güclü düşmənlərimiz bizə müxtəlif cəbhələrdən hücum edirlər. Diplomatiyada, mətbuatda, özlərinin müəyyən dövlət qurumlarında qərar və qətnamələr qəbul etməklə həm Prezidentimizə, həm də dövlətimizə təzyiq göstərməyə çalışırlar".
Teleqraf.com xəbər verir ki, bu sözləri Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.
Hüquq müdafiəçisi bildirib ki, bu gün məkrli düşmənlərimizə sinə gələcək, layiqli cavab verə biləcək başqa bir lider yoxdur:
"İndiki dövrdə Prezident İlham Əliyevdən başqa belə bir lider yoxdur. Cənab Prezident hər şeyin yerini zərgər dəqiqliyi ilə bilən və lazımi anda qətiyyətli addım ataraq milli maraqlarımızı qorumağı bacaran liderdir. Düşünürdüm ki, siyasi partiyalar növbədənkənar prezident seçkilərində iştirak etməməklə qərarlarını belə əsaslandıracaqlar ki, şəksiz və güclü bir liderlə seçkilərə gedib əziyyət çəkmək istəmirik və belə hesab edirik ki, bu gün xalqın böyük etimadını qazanmış bir lider var, o da cənab İlham Əliyevdir. Ona görə də seçkiyə qorxaqcasına getməməyi, növbəti dəfə də çox asanlıqla məğlub olacaqlarını bilib baykot qərarına gəliblər. Müxtəlif bəhanələr gətirmək, yersiz və əhəmiyyətsiz suallar vermək, mübarizə meydanından qaçmaq gücsüzlərə xas olan xüsusiyyətdir. Belə mənasız bəhanələr heç kim tərəfindən qəbul olunmayacaq".
Ç.Qənizadə bildirib ki, seçkilərin keçirilməsi ilə bağlı Konstitusiya qanunu mövcuddur:
"Bu vaxta qədər dünyanın əksər ölkələrində, o cümlədən Azərbaycanda da növbədənkənar prezident seçkiləri keçirilib. Bu seçkilər tam qanunauyğundur və burada hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Ona görə də müxalifətin prezident seçkilərinin növbədənkənar keçrilməsi ilə əlaqədar bəhanəsinin heç bir əsası yoxdur. Əgər qanun buna yol verirsə, deməli, müxalifətin bəhanəsi ara qarşıdrmaqdan başqa bir şey deyil. Seçki haqqında qanuna uyğun olaraq, artıq tədbirlər görülməyə başlanılıb. Güclü siyasi partiyalar, təbii ki, hər an seçkiyə hazır olmalıdır. Çünki ən azı, Azərbaycanda və dünyada baş verən proseslər hər an, seçkilər, referendum keçirilməsi zərurəti yaradır. Məgər güclü partiyalar gözləməlidirlərmi ki, hansı müddətdə seçkilərin vaxtı çatacaq və biz də onda seçkilərə hazırlaşacağıq? Hər bir partiyanın ali məqsədi hakimiyyətə gəlməkdirsə, deməli, o, hər an seçkilərə hazır olmalıdır. Seçkiyə getməmək üçün hər hansı bir bəhanə inandırıcı deyil. Hesab edirəm ki, özündə təpər tapan, özünə inanan, güvənən hər bir partiya seçkilərdə iştirak etməlidir".
“İnanıram ki, AXCP və Müsavat Partiyasından başqa digər müxalif partiyalar seçkilərə qatılacaq və biz növbəti dəfə Azərbaycanda prezident seçkilərini xarici müdaxilələr, sapı özümüzdən olan baltaların könül bulandıran hərəkətləri olmadan şəffaf və obyektiv keçirilməsinə nail olacağıq. Qalibin kim olması isə xalqın iradəsindən asılı olacaq. Görünən budur ki, Azərbaycan xalqı bu gün öz liderini - Prezidentini və Ali Baş Komandanını yenidən seçməklə, həm də xalqımızın, həmçinin dövlətimizin təhlükəsizliyinə və inkişafına səs vermiş olacaq”, - deyə Ç.Qənizadə bildirib.