Bu gün Yasamal rayon Məhkəməsində Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı müdafiə tərəfinin vəsatətinə baxılıb.
Teleqraf.com xəbər verir ki, Orxan Hacılının vəkilinin verdiyi vəsatət təmin edilib və onun barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib.
Müsavat başqanı Arif Hacılı oğlunun azadlığa buraxılması barədə sosial şəbəkə hesabında yazıb. O bildirib ki, Orxan Hacılı bu gün azadlığa çıxıb.
Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsində Orxan Hacılı barəsində Cinayət Məcəlləsinin 263.1 (nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanılıb.
Xatırladaq ki, bir müddət öncə Orxan Hacılının Bakıda yol qəzası törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub.
Həmin dövrdə Yasamal Rayon Məhkəməsi Orxan Hacılı barəsində 2 aylıq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar çıxarmışdı.