Bakıda "Media savadlılığı" platformasının təqdimatı keçirilib.
Teleqraf.com xəbər verir ki, təqdimat "Media savadlılığı" konfransı proqramı çərçivəsində baş tutub.
Medianın İnkişafı Agentliyinin "Media dəstək layihələri və strateji planlaşdırma" şöbəsinin müdiri Ləman İsgəndərova təqdimat zamanı bildirib ki, veb-sayt platforması 5 bölmə və 10 altbölmədən ibarətdir.
Onun sözlərinə görə, hər bir istifadəçi saytdakı testləri edərək öz media savadlılığını yoxlaya bilər.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi üzrə Dövlət Xidmətinin rəisi İlqar Musayev çıxışı zamanı sosial şəbəkə vahidlərinin sayının artmasının istifadəçilərə qarşı kiberhücumların çoxalmasına zəmin yaratdığını söyləyib.
Onun sözlərinə görə, bu hal sosial şəbəkə istifadəçiləri üçün ciddi problem yaradır.
"Biz dövlət xidməti olaraq, mütəmadi şəkildə dövlət orqanlarının informasiya sistemində monitorinqlər keçirir, onların təhlükəsizliyi istiqamətində qiymətləndirmələr edirik. Bu il ərzində 1 milyon 400 mindən çox zərərli elektron poçtun dövlət orqanları və əməkdaşlarına göndərilməsinin qarşısı alınıb".
Türkiyənin Radio və Televiziya Ali Şurasının İnsan Resursları və Təhsil İdarəsi rəhbərinin müavini Feyza Gizligider deyib ki, İnsanlar televiziya ekranlarında nə görürlərsə, ona meyl edirlər.
O qeyd edib ki, insanların bir günlərinin 4-4,5 saatı televiziya, 7 saatdan çoxu internetlə əlaqəlidir: "İnsanlar televiziya ekranlarında seriallarda şiddət görəndə şiddətə meyil edir. Bunu araşdırmalar da göstərir. Bu baxımdan media savadlılığına ehtiyac var. Bu, informasiyanın analizi və qiymətləndirilməsini nəzərdə tutur. Bəzən bilərəkdən və ya bilməyərəkdən qeyri-dəqiq xəbər yayırıq. Bəzən müxbir hadisə yerindən çəkiliş edir. Sonra redaksiyada montaj prosesində həmin süjet kəsilir və ən maraqlı yeri iki-üç dəqiqəlik materialda saxlanılır. Nəticədə təqdim etdiyimiz xəbər qeyri-dəqiq olur".