Azərbaycanda daha 473 nəfər hərbi qulluqçunun yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.
Teleqraf.com bu barədə Maliyyə Nazirliynə istinadən xəbər verir.
Məlumata görə, Prezident İlham Əliyevin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli fərmanı ilə yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Fərmana əsasən, Azərbaycan Ordusunda 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunması nəzərdə tutulur.
Komissiyanın sədri, nazir Samir Şərifov bildirib ki, Ali Baş Komandanın hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi istiqamətində Fərmanla qoyduğu vəzifələrin icrası olaraq Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu dövlətin bu mühüm sosial proqramından bəhrələnərək mənzillərlə təmin olunublar.
Komissiyanın iclasında Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında 953 nəfər hərbi qulluqçu mənzil növbəsinə qəbul edilib. İclada iclasında qəbul edilən digər qərar ilə hazırda mənzil növbəsində olan 473 nəfər hərbi qulluqçu Bakı şəhərində və Abşeron rayonunda tam təmirli mənzillərlə təmin olunacaq.
Bu günə qədər dövlət vəsaiti hesabına 20 il və daha çox xidmət etmiş 3 646 nəfər hərbi qulluqçu, 26 şəhid olmuş hərbi qulluqçunun ailəsi mənzillərlə təmin olunub. Komissiya Müdafiə Nazirliyinin təqdim etdiyi siyahılar əsasında mənzil növbəsinə mütəmadi baxır və vaxtaşırı mənzil almaq hüququ qazanan hərbi qulluqçular mənzil növbəsinə əlavə edilir.