Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İsveçdə fəaliyyət göstərən "Həyat sözü" xristian dini cəmiyyətinin MDB ölkələri və beynəlxalq xidməti üzrə nümayəndəsi Karl Qustav Severini qəbul edib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı qonaq bildirib ki, Bakıya ilk səfəri 1994-cü ildə olub və o zaman ümummilli lider Heydər Əlyevlə görüşüb. O tarixi görüşü böyük məmnunluq hissi ilə xatırladan Karl Qustav Severin qeyd edib ki, ötən bu illər ərzində Azərbaycan çox böyük inkişaf yolu keçib. Qonaq vurğulayıb ki, Azərbaycanı ona sevdirən ən vacib məqam burada bütün dini konfessiyaların birgə sülh və əmin-amanlıq şəraitində yaşamalarıdır: "Azərbaycanda tolerantlıq çox yüksək səviyyədədir. Siz bununla fəxr etməli, bu ənənəni qoruyaraq, bir nümunə kimi dünyaya təbliğ etməlisiniz".
M.Qurbanlı bildirib ki, bütün dinlərin özəyində insanlar arasında bərabərlik, sülh, əmin-amanlıq və ədalət prinsipi dayanır: “Əgər dinlər məhz bu yöndən təbliğ olunarsa, bəşəriyyət qarşılaşdığı problemlərin bir çoxundan xilas ola bilər. Dinlərarası dialoq, sülhəçağırış, konfessiyaların birgə fəaliyyəti dünyada sülhün bərqərar olması üçün ən vacib şərtlərdən biridir”.
Komitə sədri qeyd edib ki, Azərbaycan dünyəvi dövlətdir, ölkədə hər bir kəsin dini etiqad azadlığı təmin olunub. O, eyni zamanda, dinin daim dövlətin qayğısı və himayəsi altında olduğunu vurğulayıb.
BƏXTİYAR