Uzun müddət yollarda avtobus növbəsi gözləyən, tıxaclardan əziyyət çəkən insanları xoş xəbər gözləyir. Böyük Bakının Regional İnkişaf Planı layihəsinə görə, 2030-cu ildə Abşeron yarımadası ərazisində sürət dəmiryol xəttinin çəkilişi nəzərdə tutulub.
Verilən məlumata görə, elektrik qatarı uzunluğu 90 kilometrlik xətt üzrə hərəkət edəcək.
Üzərində işlərin hələ başa çatmadığı plana görə, bu xətt Biləcəri dəmiryol stansiyasından başlayacaq və M.Ə.Rəsulzadə, “8-ci kilometr”, Sabunçu, Suraxanı, Binə, Mərdəkan, Maştağa, Zabrat, eləcə də Novxanı və Pirşağı qəsəbələrini də əhatə edəcək.
Plan Bakının 11 rayonunu, eləcə də Sumqayıt və Xırdalan da daxil olmaqla, ümumi sahəsi 280 min hektar olan Abşeron rayonunu əhatə edəcək.
Layihənin icrası elə də böyük xərc tələb etmir
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, məsələyə hökumə qurumlarında baxılır. Bu, Nəqliyyat Nazirliyinin təşəbbüsüdür, yeni xəttin layihəsi hazırlanıb və icrası üçün iş gedir: “Təbii ki, bu, tıxacın aradan qaldırılmasına, insanların gediş-gəlişinin asanlaşdırılmasına böyük töhfə verəcək. Maliyyə məsələləri ilə bağlı Asiya İnkişaf Bankına müraciət olunub. Xarici mütəxəssilərlə birlikdə layihənin reallaşması üçün araşdırma aparılır. Çünki mövcud yol təmir olunmalı, yenisi çəkilməli, rabitə, siqnal xətləri yenilənməlidir, elektrokasiya işləri aparılmalıdır”.
Qeyd olunub ki, bu layihənin icrası üçün elə də böyük xərc tələb olunmayacaq. Çünki köhnə dəmir yol xətlər var, işin əksəriyyəti köhnədən görülüb: “Sadəcə bəzi yeniliklər edilməlidir ki, Bakı-Zabrat-Sumqayıt xətti üzrə sürətli qatar hərəkət etsin. Köhnədən 50 kilometrlik yol var. Amma təmir işləri görülməlidir. Çünki qatarlar sürətli olacaq, ona görə bütün xətlər dəyişdirilməlidir. Avropada sürətli qatarın yolları hər iki tərəfdən çəpərlənir və qatar saat 230 sürətlə gedir. Bizdə isə bu təhlükəsizlik baxımından mümkün deyil, sadəcə, sürəti müəyyən qədər artırmaq mümkün olacaq”.
Yol bərpa olunduqdan sonra qrafikə ediləcək dəyişikliyə, biletin qiymətinə, qatarın sürət məsələsinə də aydınlıq gətirilib. Harada sıxlıq çoxdur müəyyənləşdiriləcək və orada yeni stansiya yaradılacaq.
Bakı-Zabrat-Sumqayıt elektrik qatarı xətti üzrə işlərə bu ilin ikinci yarısında başlayacaq və bir il ərzində başa çatdırılacaq. 2016-cı ildə sürətli qatarla Bakıdan Sumqayıta gedən qatarın bilet qiyməti o qədər də baha olmayacaq və gün ərzində qatarlar 6 dəfə hərəkət edəcək.
Qiymətə gəlincə, bu, Sumqayıta gedən avtobus qiymətlərindən nisbətən ucuz olacaq ki, daşınan sərnişinlərin sayı arzuolunan səviyyədə olsun.
Əhalinin tıxac problemi həllini tapacaq
Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov da deyir ki, Bakı şəhərində dəmir yol xəttinin bərpası avtomobil yollarının nəqliyyat yükünü azaldacaq: “Bakıətrafı qəsəbələrə, kəndlərə dəmir yolu xəttinin bərpası avtomobil yollarının nəqliyyat yükünü azaltmaq üçün çox gözəl ideyadı. Çünki bu, həm sərnişinlər üçün əlverişli, həm də ekoloji baxımdan xeyirlidir. Bu plan vaxtında həyata keçirilsə daha yaxşı olar. Ən əsası əhalinin tıxac problemi həllini tapacaq. Yollarda itirilən vaxta qənaət olunacaq”.
Ekspert deyir ki, bu planın reallaşması üçün müvafiq vəsait ayrılmalıdır: “Sovet dövründə Bakıətrafı dəmir yol xətti vağzaldan başlayırdı, Sabunçu, Suraxanı, Hövsan, Buzovna və Sumqayıta qədər davam edirdi. Düzdü, köhnə xətt hazırda durur, amma onlar köhnəlib, şpalları çürüyüb. Ola bilsin, bəzi hissələri sökülüb. Ona görə də hazır dəmir yolu üzərində sadəcə yenilənmə işinin aparaılacağı kimi nikbin fikirləri bölüşmürəm. Bu işə xeyli vəsait lazımdır”.
İlhamə