Çar Rusiyasının dağıldığı dövrdə “Azərbaycan” adlı dövlətin yaradılma prosesində Məhəmmədəmin Rəsulzadənin qarşısına çıxarılan ən mühüm əngəllərdən biri ölkənin adı ilə bağlı olub. Qacar dövləti hələ cümhuriyyətdən öncə də muxtariyyət tələbinin gündəmdə olduğu vaxtda “Azərbaycan” adlı tarixi ərazinin ancaq onun şimal torpaqlarındakı yerləri ehtiva etdiyini, Müsavat firqəsinin fəaliyyətinin Arazın güneyindəki torpaqlara da sahiblik güddüyünü iddia edib. Buna görə də Qacar mətbuatında bu mövzuda xeyli məqalələr çıxıb, M. Rəsulzadə də dəfələrlə cavab yazıları yazaraq bu iddiaların puçluğunu isbat edib.
Qacar dövləti məsələni siyasi cəbhəyə də daşıyıb. M. Rəsulzadənin Cənubi Qafqazda “Azərbaycan” adlı dövlətin yaradılması ilə bağlı İstanbul səfirliyinə təqdim etdiyi memoranduma “bu adda dövlət tanımırıq” deyə cavab veriblər. Eyni mahiyyətli cavabı Qacar təmsilçiləri Əlimərdan bəy Topçubaşova da bildiriblər. Nəticədə cümhuriyyət dövründə Qacar-Azərbaycan münasibətləri bir qədər gec şəkildə həllini tapıb.
Qacar dövlətinin ölkəmizi tanımaq istəməməsinə görə Azərbaycan hökuməti cənubdan gələn tacirlərə sərt gömrük sistemi və bürokratik əngəllər yaradıb. Çünki Bakı oradan gələn tacirlərin önəmli qazanc mənbəyi idi və hökumət bu yolla təzyiqə başlayıb. Nəticədə tacirlər, Qacar vətəndaşları hökumətlərinə şikayət məktubları göndəriblər, onlar da məcbur olub Ziyaəddin Təbatəbainin rəhbərliyində danışıqlar üçün nümayəndə heyəti yollayıblar.
Diplomatik münasibətlərin qurulmasından sonra iki ölkə təmsilçiləri arasında müxtəlif görüşlər baş tutub, nəticədə Azərbaycanın Tehranda səfirliyi açılıb, Qacar dövləti ölkəmizi de-yure şəklində tanımaq istəyib. Təəssüf ki, cümhuriyyətin işğalı bu prosesin tamamlanmasına imkan verməyib.
Bu dövrdə baş verən Qacar-Azərbaycan münasibətlərinə dair bir neçə önəmli mənbə mövcuddur. Qacar nümayəndə heyətinin raporları, eləcə də Qacar dövlətində “Azərbaycan” adına qarşı yazılan məqalələr dilimizdə nəşr olunub. Bu baxımdan mövzu ilə bağlı qaynaqları zənginləşdirmək üçün dövrün şahidlərindən, Cümhuriyyət parlamentinin steneoqrafı, ictimai-siyasi xadim Mirzəbala Məhəmmədzadənin 1954-cü ildə Ankarada çıxan “Azərbaycan” jurnalında yazdığı məqaləni dilimizə uyğunlaşdıraraq təqdim edirik:
***
Mirzəbala Məhəmmədzadə
Azərbaycan İran konfransı
5 dekabr 1919-cu ildə Bakıda Xariciyyə Nəzarətinin salonunda Azərbaycan-İran konfransı açılmışdı. Konfransın böyük mərasimlə açılan ilk iclasında hüquqi, mali-ticari və siyasi olmaq üzərə təşkil olunan komissiyalar müzakirələrin hansı istiqamətdə cərəyan edəcəyini göstərməkdə idi. İran ilə Rusiya arasında bir hail (iki şeyin arasını ayıran – D.Ə) dövlət olmaq üzərə təşəkkül edən bu ilk türk-müsəlman cümhuriyyəti İranı Qara dənizə və Avropaya bağlayan dəniz və quru yollarının üzərində dururdu. Bakı Azərbaycan üzərindən edilən İran ticarətindən ildə 8.000.000 qızıl rubl təmin etməkdə idi. İran üzərindən isti dənizlərə çıxmaq üçün Qafqaza soxulmuş Rusiya, xüsusilə Azərbaycana hakim olmaqla İranı öz kontroluna almış və bu məmləkəti bir müstəmləkə halına gətirmişdi. 1907-ci il ingilis-rus anlaşmasından sonra iki nüfuz bölgəsinə ayrılan İranın şimal əyalətləri (Cənubi Azərbaycan, Gilan, Mazandaran, Xorasan) tamamilə bir rus vilayətləri halında rus konsulları tərəfindən idarə edilməyə başlanmışdı. İranın mali, iqtisadi, siyasi və əsgəri işləri ruslar tərəfindən idarə olunmaqda idi. Buna görə də Rusiyanın Qafqazdan çıxarılması, Azərbaycan, Şimali Qafqaz, Gürcüstan və Ermənistan kimi müstəqil milli dövlətlərin təşkil olunması İran tərəfindən məmnuniyyətlə qarşılanması və hətta dəstəklənməsi icab edən məsud bir hadisə tələqqi olunmalı idi. Halbuki Tehran siyasi çevrələri və İran mətbuatı bunun tam əksini etmiş, Azərbaycan Cümhuriyyətinin təşəkkülünə qarşı əleyhdar bir mövqe sərgiləmişdilər. Azərbaycanın istiqlalının elanına və istiqlal savaşına təqəddüm edən 1917-ci ilin siyasi mücadilə günlərində İran Demokrat Partiyasının Bakıda türkcə nəşr etdiyi “Azərbaycan” qəzeti bu məmləkətin “cüz-i la yenfekki-i İran”, yəni İranın ayrılmaz bir parçası olduğu iddiasını irəli sürməkdə idi. Azərbaycanı ikiyə ayıran və şimal qismini rus hakimiyyətinə tərk edən 1828-ci il tarixli Türkmənçay müqaviləsinin artıq hökmsüz olduğu və bu müqavilədən əvvəlki vəziyyətin bərpasının icab etdiyi söylənilirdi. Azərbaycan türk camiəsinin müasir məna ilə yekparə bir millət olduğunu və bu torpaqlar üzərində yalnız onun iradəsinin hakim olacağını irəli sürən istiqlalçılar deyirdilər ki: Sasanilər dövründə belə müstəqil dövlət həyatı yaşayan bu məmləkət Səlcuqluların süqutu üzərinə Azərbaycan Atabəyləri dövründə müstəqil Türk-müsəlman dövləti olaraq mövcud idi. XVI əsrdə yenə türk və azərbaycanlı olan Səfəvilərin İrana ilhaq təşəbbüsləri şiddətli müqavimətlə qarşılaşmışdı. XVIII əsrin əvvəlində Səfəvilər çökərkən bu məmləkət xalqının istiqlal elan etdiyini, eyni əsrin ortalarında Əfşarlara boyun əymədiyini, Nadir şah Əfşarın ölümündən sonra müstəqil xanlıqlar halına gəldiyini görürük. Bu xanlıqlar türk və hətta qismən azərbaycanlı olan Qacar sülaləsinin qurucusu Ağaməhəmməd şahı dəxi əldə silah qarşılamışdılar. Nadir şahın Şəki məğlubiyyəti, Ağaməhəmmədin Qarabağda öldürülməsi tarixdə məlumdur. Şimaldan gələn təhlükə qarşısında şahzadə Abbasmirzə Qacar orduları ilə 25 il müttəfiqlik edən Azərbaycan xanlıqlarını Rusiya tamamilə müstəqil bir halda görmüşdü. Qaldı ki, o dövrlərdə milliyyət məsələsi də bəhs mövzusu ola bilməzdi. Bu gün isə İran milli bir fars dövlətidir. Halbuki Azərbaycan farslıqla heç bir əlaqəsi olmayan, dili, ədəbiyyatı, örf, adət, ənənə, tarix və mədəniyyət xəzinəsi ilə bir türk ölkəsidir. Rus əsarətində ayrı-ayrı xanlıqlar halına düşən bu türk camiəsi milli şüurunu və milli vicdanını tapmış və milli iradəsini təcəlli etdirmişdir.
Azərbaycan-İran konfransına belə bir fikir mübahisəsi təqəddüm edirdi. Konfransın da üzərində dayandığı bir məsələ olmaq üzərə “Azərbaycan” təbirinə də etiraz edilməkdə idi. Şərqi Qafqazın əski “Şirvan” və “Aran” əyalətlərinə heç bir zaman “Azərbaycan” deyilmədiyi iddia olunurdu. Farsçı paniranistlərin bu gün dəxi israrla irəli sürdükləri bu iddianın çürük olduğu meydanda idi. Çünki Azərbaycanın şimal hüdudunun hələ Sasanilər dövründə Dərbəndə qədər uzandığına dair son zamanlarda əldə edilən arxeoloji sənədlərdən başqa Təbəridə bu sətirləri oxuyuruq: “Azərbaycan ərazisi Həmədan və Zəncan şəhərlərindən başlayar və Dərbəndə qədər davam edər. Bu əraziyə Azərbaycan deyilir”.
Elxanlılar dövrünün müəllifi olan Həmdullah Qəzvini də “Nüzhətül-qülub”nda Bakını Azərbaycanın şimal hüdudu olaraq göstərməkdədir. Fəqət əsl dava coğrafi olmaqdan ziyadə qövmi-etnikdir. Bu gün elm dünyasınca qəbul edilmiş bir Azərbaycan və ya azəri türklüyü vardır ki, dil, folklor, ədəbiyyat, sənət, antropoloji və s. baxımdan Şərqi Qafqazın əski Şirvan və Aran türkləri də o camiəyə daxildir. Hətta azəri türk camiəsinə mənsub zümrələr Azərbaycanın etnik və coğrafi hüdudları xaricində də mövcuddur. Buna görə də məsələyə əfsanələrin sövqi ilə deyil, sosiologiyanın ölçüləri ilə yanaşsaq, Şərqi Qafqaz türklərinin öz yurdlarına “Azərbaycan” adı vermələrini çox təbii qarşılamaq icab edər.
Beləliklə, Azərbaycan-İran konfransı da belə etdi və başına bir “Qafqaz” kəlməsi əlavə etmək surətiylə Azərbaycanın (Qafqaz Azərbaycanının) haqqını təslim edərək həm adını, həm də istiqlalını tanıdı. Fəqət bu əlavə (“Qafqaz” kəlməsinin əlavə edilməsi) tanınma hadisəsinin Cənubi Azərbaycana şamil olmadığını açıqlamaq qorxusundan irəli gəlirdi.
Azərbaycan-İran konfransı dörd ay davam etdikdən sonra 23 mart 1920-də bir müqavilə və ticarət anlaşmasının imzalanması ilə sona çatmışdır. İran nümayəndə heyəti hüzurunda edilən əsgəri keçid və möhtəşəm bir ziyafətlə qeyd edilən bu məsud hadisə iki dövlət arasında səfirlərin göndərilməsi ilə də həyata keçirilmişdir.