27 Yanvar 2015 18:33
1 722
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Səni axtarıram” verilişinin uzun zaman itkin düşmüş 5 qardaşın axtarışını yekunlaşdırıb.

“Səni axtarıram” verilişinin müəllifi və aparıcısı Xoşqədəm Hidayətqızı Teleqraf.com-a açıqlamasında 1920-ci ildə bir-birlərindən ayrı düşən qardaşların həyatı haqda qeyri-adi axtarışdan və onun nəticələrindən danışıb: “Bu ailə 1920-ci ildə Cənub-qərbi Azərbaycandan qovulan minlərlə ailədən biri olub. Beş qardaş bir evdə yaşayırlarmış. Onlardan üçü evli olur. Gecə ermənilərin hücumu xəbəri gəlir. Onları silah gücünə çıxarırlar. Nəticədə bir evdə yaşayan beş ailədən üçü darmadağın olur.

Böyük bir faciənin nəticəsində 5 qardaş müxtəlif ölkələrə - Azərbaycana, Türkiyənin Qars şəhərinə dağılır. Hətta qardaşlardan həbsxanaya düşəni də olur. Türkiyənin Qars şəhərinə gedən, Türkiyənin başqa şəhərlərinə köçən qardaşların da başına müxtəlif hadisələr gəlir”.

Xoşqədəm Hidayətqızı deyir ki, bir-birilərindən ayrı düşən qardaşlardan biri İran şahına məktub da yazıb: “Onu da qeyd edim ki, qardaşlardan biri Türkiyədə paşa statusu alır. O, İran şahına məktub yazır ki, biz beş qardaşıq, bizə kömək edin. Müraciət etdikləri yer qalmır. Azərbaycan müstəqillik qazandıqdan sonra həmin qardaş öz yaxınlarından kimisə tapmaq ümidi ilə Azərbaycana gəlir. Amma bir nəticəsi olmur. O vaxtdan indiki günə qədər qardaşlar hər yerdə bir-birlərini, yaxınlarını axtarıblar”.

Aparıcı qeyd edib ki, qardaşlar evlərindən çıxarılan zaman yalnız evin açarını götürüblər: “Qardaşlardan biri 3 il əvvəl Türkiyədən “Səni axtarıram” verilişinin müraciət etdi. Biz də “Səni axtarıram” ailəsi olaraq müraciət edilən zamandan axtarışa başladıq. Uzun axtarışlar 2 gün öncə yekunlaşdı.

Qardaşlardan biri nərgiz çiçəyini çox sevirmiş. Mən İstanbulu gəzib o çiçəyi tapdım, məzara o çiçəklə getdim. 5 qardaşın həyat hekayəsini, onların başına gələnləri, həyatda sağ qalanlarının olub-olmadığı “Səni axtarıram” verilişində öyrənə bilərsiz.

Dediyim kimi, onlar isti ocaqlarından çıxanda yalnız evin açarını götürüblər. Həmin açar da bu günə kimi xatirə olaraq saxlanılır. Sevinirəm ki, bu axtarış yekunlaşıb. Bu “ Səni axtarıram” ailəsinin ən böyük uğurlarından biridir”.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər