Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi cari ilin hazırlıq planına əsasən, Hərbi Dəniz Qüvvələrinin (HDQ) Hərbi Hava Qüvvələri (HHQ) ilə birgə "Xəzər səması-2024" hava hücumundan müdafiənin təşkili mövzusunda taktiki təlimi keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, taktiki təlimə ümumilikdə 300 nəfərədək şəxsi heyət, döyüş, idarəetmə və gözətçi gəmiləri, katerlər, döyüş vertolyotları və pilotsuz uçuş aparatları cəlb edilib.
Plana uyğun olaraq həyəcan siqnalı ilə baza məntəqəsindən ayrılan gəmilər Xəzər dənizinin Azərbaycana məxsus sektorunda HHQ-nin aviasiya vasitələri ilə birgə dəniz enerji infrastrukturunun hava hücumundan müdafiəsinin təşkili, şərti düşmən hədəflərinin məhv edilməsi, eləcə də digər döyüş tapşırıqlarının icrası üzrə praktiki fəaliyyətləri yerinə yetiriblər.
Bundan başqa, təlimdə gəmi taktiki qruplarının rayonda lövbərə dayanması və lövbərdən çıxması, hava hücumundan və sualtı diversiya əleyhinə müdafiənin təşkili üzrə fəaliyyətlər də müvəffəqiyyətlə icra olunub.
İki mərhələdə keçirilən taktiki təlimdə HDQ və HHQ-nin şəxsi heyəti qarşıya qoyulan bütün tapşırıqların icrasında yüksək peşəkarlıq nümayiş etdirib.