14 May 2014 13:43
1 050
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondu əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində görülən işlər çərçivəsində mayın 14-də Qəbələdə “Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması” adlı regional təqdimat keçirib.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Qəbələ, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Ağsu, İsmayıllı, Şamaxı və Qobustan rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər.

DSMF-nin şöbə müdiri Famil Qədimov bildirib ki, Fond müasir informasiya texnologiyalarından istifadə etməklə interaktiv və informativ elektron xidmətlər vasitəsilə əhalini maraqlandıran, sığorta-pensiya sisteminə aid bütün məsələlərə aydınlıq gətirir. Vətəndaşların müraciətlərinə elektron qaydada baxılması üç istiqamət üzrə - Fondun rəsmi saytında yerləşdirilmiş sual-cavab bölməsi, vətəndaşlar tərəfindən Fondun saytina birbaşa ünvanlanan məktub və 190 nömrəli “Çağrı Mərkəzi” vasitəsi ilə həyata keçirilir.

Fondun saytında olan sual-cavab bölməsi əmək pensiyaları, məcburi dövlət sosial sığorta haqları və məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər, hərbi qulluqçulara dair pensiya və müavinət, fərdi uçot və digər mövzuları əhatə etməklə vətəndaşlar tərəfindən ünvanlanmış elektron müraciətləri cavablandırır.
2014-cü ilin I rübü ərzində Fondun saytının sual-cavab bölməsinə 424 sual daxil olub və onlar müvafiq qaydada cavablandırılıb.

Elektron Müraciət (Məktub yazmaq) bölməsi vasitəsi ilə istənilən vətəndaş sığorta-pensiya sisteminə dair onu maraqlandıran məsələ ilə bağlı elektron məktub göndərə bilər. Bu məktublar Fondun elektron kargüzarlıq sistemində qeydiyyata alınır və müvafiq şöbələr tərəfindən cavablandırıldıqdan sonra vətəndaşa göndərilir.
Ümumilikdə 2014-cü ilin I rübü ərzində Fondun elektron ünvanına 591 müraciət daxil olub.
Sığortaolunanlar, pensiyaçılar, eləcə də hər bir vətəndaş pensiya sistemi ilə bağlı onları maraqlandıran istənilən məsələyə “190” nömrəli telefona müraciət etməklə cavab tapa bilər. Xidmət ödənişsizdir və ayrı-ayrı xidmət rejimləri olmaqla fasiləsiz fəaliyyət göstərir.

2014-cü ilin I rübü ərzində “190” nömrəli telefon məlumat xidmətinə 77482 zəng daxil olub.
Təqdimatla çıxış edən DSMF-nin informasiya texnologiyaları şöbəsinin müdiri Sabir Qocayev müraciətlərə elektron qaydada baxılması ilə yanaşı, Fondun əhaliyə göstərdiyi digər çoxsaylı elektron xidmətlər və onlardan istifadə qaydaları barədə də ətraflı məlumat verib.

Naibə


Müəllif: Teleqraf.com