5 İyun 19:00
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yazıçı Aqşin Yenisey sosial media hesabından bildirib ki, ziyalıya hər şeyə münasibət bildirməsi üçün yüklənirlər.

O paylaşımında belə qeyd edib: “Tez-tez haqqımda ordan-burdan belə bir zırrama ittiham eşidirəm ki, guya, mən hər evnə artıq mistikləşdirilmiş anlayışlar olan haqsızlığa, ədalətsizliyə qarşı səsimi çıxarmadığım üçün bir qəpiklik insan və yazıçı, şair deyiləm. Və bunu mənim qorxaqlığıma bağlayırlar. Çünki gerizəkalıdırlar! Bilmirlər ki, yaradıcı şəxslərin boynuna haqsızlıq, ədalətsizlik mücahidi olmaq öhdəliyini qoyan marksizm ideologiyası idi. Nə qədər ki, lideral dəyərləri müdafiə edən institutlar formalaşmamışdı bu sosial missiya sözü hər evə, hər kəsə çata bilənlərin boynuna yüklənmişdi”.

Maraqlıdır, yazıçı öz yaradıcılığından başqa ictimai-siyasi proseslərə münasibət bildirməlidirmi?

Teleqraf.com mövzuya digər yazıçıların münasibətini öyrənib.

Şərif Ağayarın fikrincə, yaradıcılığın özü artıq ictimai mövqedir:

“Yazıçı, şair hər hansı bir ictimai-siyasi məsələ ilə bağlı mətbuata açıqlama verməyə bilər. Onun ifadə azadlığına heç kim qarışa bilməz. Susmaq da bir cür ifadə azadlığıdır. Ancaq yaradıcılığın özünün mahiyyətində ictimai mövqe var. Bir yazıçı ətrafı ilə – istər iqtidar, istər müxalifət, istər cəmiyyət olsun – ziddiyyət yaşamırsa, hesab edirəm ki, yaradıcılığı dayanıb. Yaradıcılıq dramaturgiyadır. Ətrafdakı qəbuledilməzliyə daxili müqavimətdir.

Sən ətrafla için arasında ziddiyyət görmürsənsə, yaradıcılığa yaxın durma. Bizdə yaşlanıb dövlətdən hər şey alan yazıçı-şairlər bundan sonra yaza bilmirlər. Çünki dramaturgiya bitir. Onların daxili ilə ətraf arasında ziddiyyət qalmır. Hər şeylə barışırlar”.

Şərif Ağayar hesab edir ki, yazıçı mətbuatda açıqlama verdi-vermədi onun ictimai mövqeyi olmalıdır:

“Bu yoxdursa, yaradıcılıq da yoxdur. Ən dərin psixoloji əsərlərdə belə sosial motiv və daxili müqavimət var. Ən çox öz içinə qapanan, ətrafdan təcrid olan Marsel Prustun belə “İtmiş zamanın axtarışında” əsəri ətraf gerçəkliyə müqavimətlə doludur. Bu mənada Azərbaycanda vəziyyət daha ağırdır. Sosial çətinliklər daha çoxdur.

Bir Azərbaycan yazıçısı ətrafdakı ciddi problemləri görməzdən gəlirsə, heç nə yaza bilməz. Bunu təcrübədə dəfələrlə görmüşük. Bizim yazıçıların çoxunda müəyyən yaşa çatandan sonra ciddi yaradıcılıq bitir.

Halbuki dünyada əksinədir. Balzak, Hüqo, Tolstoy, Folkner yaşlandıqca daha gözəl əsərlər yazdılar, 40 yaşdan sonra müdriklik pilləsinə qədəm qoydular, bizdə isə 40 yaşa çatmamış mənəvi ölüm başlayır. Çünki həqiqəti qoyub şöhrətin, var-dövlətin, karyeranın dalınca düşürlər. Bizim mühitin reallıqlarında bu saydıqlarım həqiqəti istisna edir. Belə adamlar çox vaxt “siyasətə qarışmıram” deyib özlərinə haqq qazandırmağa çalışırlar, halbuki siyasi hakimiyyətlərin sevimlisinə çevrilmək üçün susmaq siyasətə qarışmağın ən böyüyü və yazıçı üçün ən faciəvisidir”.

Yazıçı İlham Əziz isə deyir ki, ictimai məsələlərə münasibət bildirmək şəxsi seçimidir:

“Yazıçı da insandır, dövlətin vətəndaşıdır. İstəsə fikir bildirə bilər, istəməsə bildirməz. Dünyada iki cür yazıçı var. Bəziləri ictimai-siyasi proseslərə fəal qoşulub, ciddi reaksiyalar verirlər. Burada söhbət böyük yazıçılardan, ciddi söz sahiblərindən gedir. Digər qrup yazıçılar isə heç nəyə reaksiya vermir, insanlarla görüşmürlər. Əlbəttə, onların buna hüquqları var.

İnsanların da onlardan ictimai məsələlərə fikir bildirmələrini istəməkdə qeyri-adi nəsə yoxdur. Yazıçılar sənət adamlarıdır, fikirlərini daha dolğun ifadə edib, deyirlər. İnsanlarda gözlənti var ki, gedən proseslərə yazıçılar da öz fikirlərinin ifadə etsinlər. Qalan kütlədə də həmin ifadələri özününküləşdirmə prosesi getsin.

Ancaq yazıçının boynun borcu deyil ki, gedən proseslərə mütləq reaksiya versin. Yazıçıya irad tutmaq olmaz ki, sən niyə proseslərə fikir bildirmirsən”.

İlham Əziz vurğulayır ki, yazıçının ən böyük işi onun mətnləridir.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər