21 İyun 13:28
326
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qanunvericiliyə “velosiped zolağı”, “velosiped cığırı” və bu anlayışların hər ikisini ehtiva edən “velosiped yolu” anlayışı daxil edilir.

Teleqraf.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Yol hərəkəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, 1.26 nişanlanması velosiped yolunu göstərir. Velosiped zolağı yolun hərəkət hissəsinin velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş, 1.26 nişanlaması ilə işarələnmiş və uzununa nişanlama xətti ilə ayrılmış hissəsidir. Velosiped cığırı velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulmuş və 1.26 nişanlaması ilə işarələnmiş ayrıca yol və ya yol hissəsidir. Velosiped cığırı digər yoldan və ya eyni yolun digər elementlərindən konstruktiv şəkildə ayrılır. Velosiped yolu velosiped və kiçik elektrik nəqliyyat vasitələrinin hərəkətini təmin etmək üçün nəzərdə tutulmuş velosiped cığırı və ya zolağıdır.

Velosiped yollarında materialların yığılması və predmetlərin saxlanılması (səkilərdə materialların və ya predmetlərin saxlanılması nəticəsində yaranmış məhdudiyyətlərin piyadaların gediş-gəlişi üçün yolun hərəkət hissəsindən istifadə etməsinə səbəb olmadığı hallar istisna olmaqla), yol hərəkətinin təhlükəsizliyinə mane olan şəraitin yaradılması və yolların hərəkət hissəsində, habelə yolların, yol qurğularının tikintisi və təmiri ilə əlaqədar olmayan yüklərin yüklənilməsi və ya boşaldılması qadağandır.

Velosiped zolağı qırıq-qırıq nişanlama xətti ilə qalan hərəkət hissəsindən ayrılmışdırsa, nəqliyyat vasitələri dönərkən bu zolağa keçə bilərlər. Avtomobil yollarında eyni zamanda velosiped zolağı və ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaq tətbiq oluna bilər. Bu halda velosiped zolağı ümumi istifadədə olan nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş zolaqdan sağ tərəfdə ayrıca tətbiq olunmalıdır.
Velosiped yollarında velosiped və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin hərəkəti, dayanması və ya durması qadağandır.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.


Müəllif: Tapdıq Qurbanlı