"Dünyanın ən mərhəmətli, vətənpərvər polisi Azərbaycan polisləridir, desək şişirtmiş olmarıq. Ölkədə ictimai asayişin, sabitliyin qorunmasındaonların xidmətləri danılmazdır. Polislərimiz üzərlərinə düşən vəzifələrə çox böyük məsuliyyətlə yanaşır və onu yüksək peşəkarlıqla həyata keçirirlər. Bizim polislər mərhəmətli və vətənpərvər olmaqla yanaşı həm də qətiyyətli və peşəkardılar. Təsadüfi deyil ki, hər bir vətəndaşımız polislərimizə güvənir, onları görəndə özlərini tam təhlükəsiz hiss edirlər, cinayətkarlar isə əksinə, narahat olurlar, qaçıb gizlənmək istəyirlər. Xarici ölkələrdə isə biz bunun əksini görürük. Kriminal ünsürlər polisləri özlərinə dost bilirlər, öz adamları sayırlar, sadə insanlar isə özlərini polisdən qoruyurlar".
Bunu Teleqraf.com-a açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev bildirib.
Onun sözlərinə görə, polislərimizin sayəsində paytaxt Bakı daxil olmaqla bütün şəhər və rayonlarımızda günün istənilən saatlarında sərbəst, təhlükəsiz hərəkət edə bilirik: "Məhz buna görə də, Bakı dünyanın ən təhlükəsiz şəhəri hesab olunur. Polislərimiz öz xidmətləri ilə dünya polislərinə nümunədir. Onlar öz çiyinlərində təkcə öz rütbələrini deyil, həm də xalq, dövlət qarşısındakı məsuliyyətlərini də daşıyırlar.
Birinci və İkinci Qarabağ müharibələrində şərəflə iştirak edən polislərimiz, Daxili Qoşunların əməkdaşları mərdliklə vuruşublar, şəhid olublar, yaralanıblar. Polislərimiz pandemiya dövründə öz sağlamlıqlarını təhlükə altına ataraq gecə-gündüz karantin qaydalarını qorudular. Bu gün asayiş keşikçiləri Qarabağ və Şərqi Zəngəzurda təhlükəsizliyin təmin edilməsində çox böyük rol oynayırlar".
R.Alıyev qeyd etdi ki, Azərbaycan xalqı hər zaman polisə yüksək dəyər verib: "Gənclərimizin böyük həvəslə polis orqanlarında çalışmaq istəmələri bunun bariz göstəricisidir. Polis cəmiyyətdə özünü olduqca ləyaqətli apardığı üçün gənclərimiz onların peşəsini davam etdirmək istəyirlər. Bu günlərdə kriminal ünsür tərəfindən Azərbaycan polisinə atılan güllə həm də dövlətimizə, xalqımıza, vətəndaşımıza atılıb. Öz ailə üzvlərinin, qadın və uşaqların arxasında gizlənərək öz vəzifə borclarını ləyaqətlə yerinə yetirən polislərə atəş açan cinayətkar ona qarşı sərgilənən mərhəmətdən, humanist münasibətdən sui-istifadə etmişdir.
Hesab edirəm ki, Azərbaycan polisinin səlahiyyətlərinin artırılmasına ehtiyac vardır. ABŞ-də və bəzi Avropa ölkələrində polisin böyük səlahiyyəti var, buna görə də hər kəs onlardan çəkinir və polisə qarşı hər hansı bir təxribatdan çəkinir. Biz bunu istər əməliyyat sistemində, istərsə də yol potrol xidmətində görə bilərik. Demək olar ki, bütün inkişaf etmiş ölkələrdə belədir!
Düşünürəm ki, bizdə də qanunvericilikdə müəyyən dəyişiklik edilməli və polislərə əlavə səlahiyyətlər verilməlidir. Azərbaycan xalqının təhlükəsiz, sabitlik şəraitində yaşaması üçün onları canları bahasına qoruyan polislərə qanunla müəyyən olunmuş qaydada yeni imkanlar verməliyik".