28 İyun 17:45
1 641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Builki sertifikasiya imtahanlarında 64 min 500 müəllim iştirak edib. Məlumata görə, Lənkəran, Astara, Qarabağ və Mərkəzi Aran Regional Təhsil İdarələrindəki müəllimlər sertifikasiya imtahanlarında zəif nəticə göstəriblər. Elm və təhsil naziri Emin Əmrullayev elan edib ki, Astara rayonunda hər üç müəllimdən biri ilə sağollaşmaq məcburiyyətində olacaqlar.

Bölgələrdə əldə edilən zəif nəticələrin səbəbləri nələrdir?

Teleqraf.com-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi sualı belə cavablandırıb:

"Müstəqillik əldə etdikdən sonra müxtəlif universitetlər və orta ixtisas müəssisələri fəaliyyət göstərməyə başladı. O zamankı qarışıq dövrdə onların fəaliyyətləri, verdikləri təhsilin keyfiyyəti yoxlanılmırdı. Təhsil proqramlarını bilməyən təhsilverənlər pedoqoji təhsil alaraq ölkənin müxtəlif bölgələrində əmək fəaliyyətinə başlamışdılar. Aşağı nəticə göstərənlər vaxtilə fəaliyyət göstərən, indi fəaliyyətini dayandıran təhsil müəssisələrinin, ümumiyyətlə hansısa universiteti bitirməsi haqda sənədi olmayan, müxtəlif üsullarla təhsil müəssisələrinə cəlb olunanlardır. Tanışlıq, korrupsiya digər faktlar əsasında təəssüf ki, orta və ümumi təhsilə ayaq açmışdılar. Bunun da məntiqi nəticəsi olaraq, bu gün biz elə də yüksək nəticələr görmürük. Əlbəttə sertifikasiyanın keçirilməsinə başlıca məqsəd o idi ki, təhsil pilləsində müasir çağışırlara cavab verən pedoqoji heyyət formalaşsın. Xüsusən ibtidai təhsil pilləsində, çünki bu ən strateji təhsil pilləsidir. Bölgələr üzrə xüsusən də Astarada təəssüflər olsun ki, az sayda ibtidai sinif müəllimi müsabiqə şərtini ödəyib”.

Elçin Əfəndi hesab edir ki, bölgələrdə aşağı nəticələr pedoqoji təhsil verən kolleclərdə təhsilin keyfiyyətin zəif olması ilə bağlıdır:

“Bu onu deməyə əsas verir ki, həmin bölgədə bu zamana qədər verilən təhsilin keyfiyyəti bir o qədər də yüksək olmayıb. Onun üçün də həmin ərazilərdə buraxılış, blok imtahanlarına baxanda müşahidə edirik ki, abituriyentlər arasında bu bölgənin nəticələri elə də uğurlu deyil. Astarada Pedaqoji Texnikum fəaliyyət göstərirdi. O cümlədən, müxtəlif kolleclər var idi. Yaxın məsafə olduğu üçün Lənkəran Dövlət Humanitar Kolleci, Lənkəran Məktəbəqədər Pedoqoji Texnikumunu seçirdilər. Bu bölgələrdə əmək fəaliyyətinə başlamışdılar. Nəticələrin uğurlu olmamasını özünü sertifikasiya vasitəsilə göstərmiş oldu. Təkcə Astara rayonunda deyil, digər bölgələrdə də mənzərə ürəkaçan deyil. Ağcabədi, Lənkəran, Lerik, Ağdaş, Kəlbəcər, Füzuli, Laçında təəssüf ki, problemlər mövcuddur. Bunların aradan qaldırılması üçün tədbirlər, müəllimlərin işə qəbulu müsabiqəsi keçirilir. Bu ərazilərdə də yeni kadrların cəlb olunması nazirlik tərəfindən qarşıya qoyulan məqsəddir. Düşünürəm ki, bu istiqamətdə nazirlik sosial-iqtisadi durumu nəzərə alaraq, müəyyən həvəsləndirici tədbirlər həyata keçirməlidir. Azərbaycan Müəllimlər İnistutun filialları faktiki olaraq Pedaqoji Universitetin filialları olaraq fəaliyyət göstərirlər. Nazirlik tərəfindən pedoqoji təhsil verən universitetlərdə monitorinqlər keçirilməlidir”.

Ekspertin sözlərinə görə, yalnız pedoqoji təhsil üçün uyğun olan hansı universitet varsa, orada pedoqoji kadrların hazırlanması daha uğurludur:

“Hazırda daha uğurlu pedaqoji təhsili olan universitetlərin təhsil verməsinə imkan yaradılmalıdır. Qalan digər hallarda isə pedaqoji ixtisaslar ləğv olunmalıdır. Bu proses mütləq həyata keçirilməlidir. Orta ixtisas təhsil müəssisələrində təhsil səviyyəsi istədiyimiz həddə deyil. Peşə məktəbləri var ki, onların kadr hazırlığı bəzi kolleclərdən daha üstündür. Ona görə də bütün orta ixtisas müəssisələrində pedoqoji kadrların hazırlığı dayandırılsın. Əvvəl bu ona görə var idi ki, kadr çatışmazlığı var idi, indi belə deyil. Düşünürəm ki, indi bakalavr təhsili tələb edildiyi kimi gələcəkdə müəllimlərdən magistr təhsilin vacib olması da tələb ediləcək”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər