5 İyul 15:03
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında Astanada imzalanmış "Starteji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə imkan yaradacaq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, son illər ölkələr arasındakı ticarət dövriyyəsində kəskin artım müşahidə olunur:

“Belə ki, 2021-ci ildə 1 milyard 780 milyon dollarlıq ticarət dövriyyəsi 2022-ci ildə 2 milyard 159 milyon dollar, 2023-cü ildə isə 3 milyard 101 milyon dollar olub. Bu o deməkdir ki, son 2 ildə Azərbaycan ilə Çin arasındakı ticarət dövriyyəsi 74 faiz artıb. Bu ilin ilk 4 ayında ölkələr arasında 1 milyard 37 milyon dollarlıq dövriyyə qeydiyyata alınıb.

Göründüyü kimi Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin genişlənməsi müşahidə olunur. Tərəflər arasında digər iqtisadi əməkdaşlıq nəqliyyat və logistika sahəsini əhatə edir. Azərbaycan Orta dəhlizi dəstəkləyən ölkələrdəndir. Orta dəhliz - "Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu", bütövlükdə "Bir kəmər, bir yol" layihəsinin bir hissəsi kimi də qiymətləndirilir.

Rusiya-Ukrayna müharibəsindən sonra Orta dəhlizə marağın artdığının müşahidə edilməsi ölkələr arasında əməkdaşlığın daha da güclənəcəyindən xəbər verir. Zəngəzur dəhlizi istifadəyə verildikdən sonra Orta dəhlizin əhəmiyyəti daha da artacaq. Nəticə etibarilə Çindən Avropaya daşınan yüklər Azərbaycan üzərindən daşınan yüklərin də əhəmiyyətli artımına səbəb olacaq. Zəngəzur dəhlizi yalnız Çin və Azərbaycan arasında münasibətlərin gücləndirilməsində deyil, bütövlükdə regionda nəqliyyat və logistikanın inkişafı baxımından da vacib hesab olunur. Bu, Cənubi Qafqaz üçün xüsusi əhəmiyyət daşıyacaq bir layihədir. Layihə həm Azərbaycanın Çinlə, həm də digər aparıcı ölkələrlə iqtisadi əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. Bütövlükdə, Astanada imzalanmış Birgə Bəyannamə Azərbaycan ilə Çin arasında strateji əməkdaşlığın dərinləşməsində yeni səhifə açacaq".


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər