Şamaxı rayonunda hüquqi konsultasiya xidmətinə ehtiyacı olan aztəminatlı şəxslərlə görüş keçirilib. “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Aztəminatlı region sakinlərinin hüquqi müdafiəsinə dəstək” layihəsi çərçivəsində təşkil olunan tədbirə Şamaxı rayonundan olan 20 nəfər qatılıb.
Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən layihə rəhbəri Xalid Kazımov həyata keçirilən fəaliyyətlə bağlı iştirakçılara məlumat verib. QHT sədri bildirib ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan layihə Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarının ərazisini əhatə edəcək. Dörd ay müddətində icra olunacaq layihənin əsas məqsədi Bərdə, Göyçay, Şamaxı və Quba rayonlarında yaşayan müharibədən zərər çəkən və digər aztəminatlı qruplardan olan (Azərbaycanın digər ərazilərindən onlayn müraciət edənlər) şəxsləri hüquqi maarifləndirmək, pulsuz hüquqi konsultasiya xidməti göstərmək və məhkəmədə hüquqi müdafiəsini təşkil etməklə problemlərini həll edərək sosial vəziyyətlərini yaxşılaşdırmağa töhfə verməkdir.
Daha sonra layihənin hüquqşünası Araz Nurməmmədov hüquqi problemlərlə bağlı müraciət edən şəxsləri ümumilikdə və fərdi şəkildə qəbul edib. Müraciətlər əsasən müharibə iştirakçısı olan şəxslərin, torpaq sahəsi, mənzil, işlə təminatı, özünüməşğulluq proqramında iştirakla bağlı olub. Həmçinin “Müharibə veteranı” adı verildikdən əvvəlki 3 il üçün sosial müavinətin ödənilməsi, dəymiş zərərin ödənilməsi ilə mülki iddia tələbi ilə bağlı vətəndaşların müraciətləri dinlənilərək məsləhət verilib.
Görüş zamanı 3 nəfərin dövlət qurumlarına müraciətləri hazırlanaraq vətəndaşlara təqdim edilib. Digər vətəndaşların sənədlərinin surətləri götürülüb və müvafiq qeydlər aparılıb. Qarşıdakı günlərdə vətəndaşların sənədləri hazırlanaraq imzalanıb aidiyyatı qurumlara göndərilməsi üçün onlara çatdırılacaq.