Talassemiyadan əziyyət çəkən uşaqlar üçün toplanmış vəsaitləri dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan "Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova ilə Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçən prosesdə təqsirləndirilən Aynur Bayramovanın vəkili Zaur Hüseynovun hakimə etirazı elan olunub.
Vəkil bu işə hakim Azad Məcidovun sədrliyilə baxılmasını istəmədiyini qeyd edib. O, yazılı şəkildə etirazını elektron məhkəmə sisteminə yerləşdirib. Bu barədə məhkəmədə hakim özü məlumat verib. Lakin vəkilin etirazı müzakirəyə çıxarılmayıb.
Daha sonra hakim zərərçəkmiş Solmaz Eyvazovanın məhkəməyə göndərdiyi mülki iddianı elan edib. Zərərçəkmiş göstərib ki, təqsirləndirilən şəxslərdən Aysel Məmmədovaya 6800 manat pul verib, əvəzində ona saxta qəbz verilib. O, həmin pulun qaytarılmasını tələb edib. Solmaz Eyvazova özü məhkəmə iclasında iştirak etmədiyinə görə onun mülki iddiası da müzakirə olunmayıb.
Təqsirləndirilən şəxslərdən Nuridə Seyidova ötən məhkəmə iclasında ifadə versə də, tərəflərin suallarına cavablar növbəti iclasa qalmışdı.
Bugünkü iclasda Nuridə Seyidova əvvəlcə prokuror Fariz Rzayevin suallarına cavablandırıb. O, suallara cavab verərkən deyib ki, zərərçəkmişlərin bəzilərindən müalicə adıyla pulları digər təqsirləndirilən Aysel Məmmədova ilə brilikdə alıblar.
Onun sözlərinə görə, Aynur Məmmədova özünə çatan pulları götürüb. Daha sonra Nuridə Seyidova zərərçəkmişlərə dəymiş ziyanın ödənilməsi haqda sualı cavablandırıb. O bildirib ki, həbsdən buraxılarsa, ziyanın ödənilməsi üçün müəyyən addımlar ata bilər.
Nuridə Seyidovanın bu sözlərinə hakim Azad Məcidov belə cavab verib: “Mənim qarşımda şərt qoyursunuz ki, sizi buraxaq, gedib ziyanın ödənilməsi üçün iş görəsiniz? Mən 15 ildir hakiməm. Burada belə işlərə çox baxmışıq. Bir işə baxırdıq, 11 milyonluq ziyan vardı. Deyirdi, məni 2 günlük buraxın, gedim Dubaydakı bankdan pullarımı götürərək gəlim. Bankda yalnız özü imza ataraq pulu götürə biləcəyimi deyirdi. Siz işin mahiyyətindən danışın ki, kimin vasitəsilə bu işə cəlb olunmusunuz, xəstələri hardan tapırdınız?”
Hakim əlavə edib ki, talassemiyalı xəstələrin əməliyyatı üçün donorun tapılması çətin prosesdir. O, xatırladıb ki, həm donor külli miqdarda pul tələb edə bilər, hazırlıq prosesindən tutmuş, əməliyyatın özünə qədər ciddi vəsait lazım olur. Hakim soruşub ki, talassemiya xəstəliyi və onun müalicəsi haqqında məlumatları var idimi?
Nuridə Seyidova suala cavabında bildirib ki, bu sahə ilə bağlı məlumatsız olub. Onun sözlərinə görə, bu işləri araşdırmağı Aynur Bayramovaya həvalə eləyib, çünki o, əvvəllər Talassemiya Mərkəzində işləyib.
Zərərçəkmişlərdən Sahid Mövsümov məhkəmədə bildirib ki, bu cinayət işində adı keçən talassemiyalı xəstələrdən biri olan 12 yaşlı uşaq iki gün əvvəl vəfat edib. O bu məsələnin araşdırılmasını istəyib: “Bu, bir ailə üçün böyük faciədir. Bunları araşdırmaq lazımdır. Həm ailənin pulu gedib, həm də övladı. Araşdırmaq lazımdır ki, bu şəxslər Talassemiya Mərkəzinə necə keçiblər... Bunun üçün Səhiyyə Nazirliyinə sorğu göndərilməlidir. Çünki Talassemiya Mərkəzi qapalı müəssisədir. Bu adamların orada qeydiyyatda olan xəstələrin siyahısına necə əlləri çatıb? Onların qan nümunələri oradan götürülüb, Türkiyəyə aparılaraq laboratoriyadan keçirilib. Bu məsələlər mütləq araşdırılmalıdır. Bu işdə 1 milyon manata yaxın ziyan var. Bu pullar hara gedib? Bu işin kökünü araşdırmaq lazımdır”.
Zərərçəkmiş tribunada çıxış edib, bu fikirləri səsləndirərkən qəfildən vəziyyəti pisləşib və huşunu itirib. Qarabağ müharibəsi əlili olan Sahid Mövsümov epilepsiya xəstəliyindən əziyyət çəkir. O, təqsirləndirilən şəxslərə uşağının müalicəsi üçün pul verib. Zərərçəkmişin huşunu itirməsilə əlaqədar məhkəmə prosesində fasilə elan olunub.
Fasilədən sonra sualların cavablandırılması davam etdirilib. Nuridə Seyidova bildirib ki, xəstələri Aynur Bayramova və Aysel Məmmədova cəlb edib. Cəlb olunan xəstələrdən təxminən 30 nəfərin müalicəsinə köməklik göstəriblər. Nuridə Seyidova onu da qeyd edib ki, anasına məxsus evi sataraq, zərərçəkmişlərə ziyanın ödənilməsinə xərcləyib. Amma o, satılmış evin hansı ünvanda yerləşdiyini, satışdan əldə olunan vəsaitin hansı zərərçəkmişlərə ödənilməsi haqda suallara “xatırlamıram” cavabını verib.
Bundan sonra hakim Nurdidə Seyidovanın diqqətinə çatdırıb ki, o, əsas adamlardan biridir. Hakim təqsirləndirilən şəxsin “bilmirəm”, “xatırlamıram” kimi cavablarla kifayətlənməyin mümkünsüz olduğunu deyib: "Zərərçəkmişlərə demisiniz ki, beynəlxalq təşkilatlar vəsait köçürərək, əməliyyatlara yardım edəcək. Bunlar hansı təşkilatlardır, onlardan danışın”.
Daha sonra Aynur Bayramovanın vəkili onun ev dustsqlığına buraxılması barədə vəsatət verib.
Vəkil bildirib ki, Aynur Bayramova kəskin xəstəlikdən əziyyət çəkir. Vəkil qeyd edib ki, müvafiq orqana sorğu verib və cavab alıblar: “Həmin cavabı da vəsatətə əlavə edirik. Orada da onun xəstə olması təsdiqlənir. Bu xəstəliyin həbsdə müalicəsi mümkün deyil”.
Vəkil deyib ki, Aynur Bayramovanın özü ilə yanaşı, azyaşlı övladı da xərçəng xəstəliyindən əziyyət çəkir, himayəsində həm xəstə, həm də yetkinlik yaşına çatmayan iki övladı var. Onun sözlərinə görə, Aynur Bayramova bir müddət əvvələ qədər həbsdə olmayıb: "Həmin dövrdə istintaqdan, məhkəmədən yayınmayıb, şahidlərə, zərərçəkmişlərə təsir göstərən addımlar atmayıb".
Müşavirə keçirən hakimlər Aynur Bayramovanın ev dustaqlığına buraxılmasıyla bağlı vəsatəti təmin etməyiblər. Hakim Azad Məcidov bildirib ki, Aynur Bayramova zərərçəkmişlərin heç biri ilə barışıq əldə etməyib, zərərin ödənilməsi istiqamətində addım atmayıb.
Növbəti prosesi iyulun 24-də davam edəcək.
İttihama görə, talassemiyalı xəstələrin valideynlərinin Daxili İşlər Nazirliyinə müraciətindən sonra ötən ilin fevralında cinayət işi başlanılıb.
Müəyyən edilib ki, Nuridə Seyidova digərləri ilə əlbir olaraq 36 talassemiya xəstəsinin valideynlərinin etibarından sui-istifadə edərək həmin şəxslərin övladlarını Türkiyədə müalicə etdirmək adı ilə 1 milyon manata yaxın dələduzluq edib. Qeyd olunub ki, övladı qan xəstəliyindən əziyyət çəkən bir neçə valideyn Nuridə Seyidovaya ümumulikdə 67 min dollar veriblər.
Nuridə Seyidova valideynlərə söz verib ki, sənədlər hazırlanandan sonra azyaşlı xəstələri Türkiyənin Antalya şəhərindəki “Antalya Medical Park” hospitala yollayacaq. Amma pulu alsa da, vədinə əməl etməyib.
Bundan başqa, Nuridə Seyidova yalandan bildirib ki, Şəkinin Cumakənd kənd sakini Vüqar İsayevin talasemiyadan əziyyət çəkən qızı Gülbər İsayevanın ilik transplantasiyası üçün tələb olunan laborator müayinələr, donor xərci, cərrahi əməliyyat və digər xərcləri qarşılamaq üçün tələb olunan pulu sponsorlar ödəyəcəkdilər.
Guya əməliyyata 70 min dollar tələb olunub, onun da 20 min dollarını “Çinar Plaza”da ofisdə Nuridə Seyidova ondan alıb, qalan məbləği isə yardım olaraq xaricdəki donor təşkilatlar ödəyəcəyinə vəd edib. Sonra zərərçəkmişə məlum olub ki, ortada nə donor var, nə bir şey.
Digər zərərçəkmiş Tural Nəsmiyev iki azyaşlı övladını müalicəsi üçün 2022-ci ilin mayında Nuridə Seyidovaya 35 min dollar verib. Nuridə Seyidova onun övladlarının Türkiyədəki Samsun şəhərində müalicə olunacağını bildirib. Həmin ilin oktyabrında Türkiyəyə gedib xəstəxanada gözləməyi tapşırıb. Tural Nəsmiyev 3 aydan çox həmin xəstəxanada qalsa da, nə donor, nə də əməliyyat olub.
Hər dəfə Nuridə Seyidovayla əlaqə saxlayanda, sonuncu ona səbrli olmağı məsləhət görüb. Nəhayət, aldadıldığını başa düşən Tural Nəsmiyev Türkiyədə keçirdiyi aylar ərzində xərclədiyi 8 min manat ziyanla geri dönüb.
İttiham aktında göstərilib ki, Nuridə Seyidova vətəndaşlardan pulları əsasən “Çinar Plaza”dakı ofisdə alıb. İstintaq zərərçəkən kimi 36 nəfəri müəyyən edib. Bunlar azyaşlı övladları talassemiyadan əziyyət çəkənlərdir.
Dəstə üzvləri zərərçəkmişlər Ceyran Musayeva və Elman Nuriyevdən 20 400, Məsumə Hacıyeva, Ömər Məmmədov və Sahid Mövsümovdan 17 000, Mənsur Qarayev, Natiq Qubatov və Elnur İsbəndiyarovdan 25 500, Kəmalə Muliyeva, Nüşabə Məmmədova, Taleh Hacıməmmədov, Şahbacı İsayeva, Xəyal İlmanovdan 34 000 manat məbləğində vəsaiti alaraq dələduzluq ediblər. Nuridə Seyidova öz qulluq mövqeyindən istifadə etməklə Elxan Əliyevdən 12 min 745 manat və Rasim Cavadovdan 25 min 500 manat alaraq onların övladlarını Türkiyədə əməliyyat olunmasına köməklik göstərəcəyi ilə bağlı yalan vəd verib. Daha sonra Nuridə Seyidova digər təqsirləndirilən Aysel Məmmədova ilə qabaqcadan əlbir olub, Tural Nəsmiyevdən 59 min 500 manat, Zeynəb Cəlilovadan 25 min manat, Kamil Əhmədovdan 23 min manat, Ramin Dadaşovdan 51 min manat, Xəyal İsayevdən 51 min manat, Lamiyə Hüseynovadan 20 min 50 manat, Nərgiz Mahmudovadan 9 min manat, Elnarə Xanmirzəyevadan 25 min manat, Sevinc Səmədovadan 22 min 500 manat, Elvin Fətəliyevdən 25 min manat alıb. O da müəyyən edilib ki, Nuridə Seyidova tanışı Aysel Bayramova ilə əlbir olaraq, Aynur Orucova, Solmaz Eyvazova və Vüqar Eminovdan 25 500, Laura Həsənovadan 51 000, Günay Ağayevadan 25 000, Aytəkin İsayevadan 19 000, Elnaz Hacıyevadan 5 000, Faiq Nəcəfovdan 5 100 manat məbləğində pul alıb.
Övadları xəstəlikdən əziyyət çəkən zərərçəkmişlər – Sevinc Səmədova, Faiq Nəcəfov, Rlnur İsbəndiyarov, Xəyal İlmanov, Kəmalə Muliyeva, Elman Nuriyev, Taleh Hacıməmmədov, Elvin Fətəliyev, Ceyran Musayeva, Mənsumə Hacıyeva, Solmaz Eyvazova, Nüşabə Məmmədova, Mənsur Qarayev, Lamiyə Hüseynova, Sahid Mövsümov, Aysel Abdullayeva, Tural Nəsmiyev, Vüqar İsayev, Elnarə Xanmirzəyeva, Kamil Əhmədov, Elnaz Hacıyeva, Vüqar Eminov, Aytəkin İsayeva, Ramin Dadaşov, Aynur Orucova, Zeynəb Cəlilova, Günay Ağayeva, Ömər Məmmədov, Xəyal İsayev, Laura Həsənova, Rasim Cavadov, Nərgiz Mahmudova, Natiq Qubatov, Şahbacı İsayeva, Ramin İsmayılov və Elxan Əliyevdir.