Bakının Sabunçu rayonunda yerləşən 310 nömrəli uşaq bağçası ilə əlaqəli yayılan məlumatlar nəzarətə götürülüb.
Teleqraf.com-un məlumatına görə, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Anar Qafarov bildirib ki, bir neçə valideyn bağçanın tərbiyəçisi olmuş T.Sadıqovanın uşaqları döyməsi, bağçanın direktoru olmuş H.Hüseynovanın isə maddi maraq müqabilində normadan əlavə uşaq qəbulu və aylıq ödəniş tələb etməsi ilə bağlı şikayətlər ediblər.
"Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
Araşdırmanın nəticəsindən asılı olaraq onların əməllərinə hüquqi qiymət veriləcək", - A.Qafarov deyib.