Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 149 il ötür. Əsası 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsinin nəşri ilə qoyulan milli mətbuatımızın keçdiyi çətin və şərəfli yola nəzər salaq.IX əsrin sonlarına yaxın bütün Qafqazda böyük əks-səda doğuran bu qəzetin naşiri də, redaktoru da, korrektoru da Həsən bəy Zərdabi idi.
Teleqraf.com xəbər verir ki, bu barədə Nərimanov Rayon Məhkəməsinin hakimi Gültəkin Əsədova yazdığı məqalədə qeyd edib.
“Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub. Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb.
Milli mətbuatımızın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı mətbuatımızın inkişaf tarixində də yeni mərhələ açdı.1998-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatının üzərindən dövlət senzurasının ləğv edilməsi ilə ölkəmizdə söz və mətbuat azadlığının əsası qoyuldu və bu, mətbuatın inkişafına ciddi təkan verdi. Ulu Öndər Heydər Əliyev hər zaman mətbuatın cəmiyyətə təsir gücünü yüksək qiymətləndirib, mətbuat və söz azadlığı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirib, senzuranı ləğv etməklə mətbuatın inkişafının sürətləndirilib.
Azad medianının kişafına yönələn bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə söz və mətbuat azadlığı təmin olunub. Kütləvi informasiya vasitələri dövlətin diqqət və qayğısı nəticəsində inkişaf edir.
Azərbaycan müstəqillik əldə etdikdən sonra digər sahələrdə olan inkişaf media sahəsinə də təsir edib. Hazırda ölkəmizdə xeyli sayda media subyekti fəaliyyət göstərir. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi.
Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı özündə köklü dəyişiklikləri əks etdirməklə qarşımıza yeni və daha məsuliyyətli vəzifələr qoyub. 2022-ci ildə “Media haqqında" qanunun qüvvəyə minməsi ilə mətbuatın inkişafında yeni imkanlar yaranıb. Ötən müddət ərzində Media İnkişaf Agentliyi (MEDİA) tərəfindən media subyektlərinin inkişafına dəstək vermək, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi müxtəlif layihələr həyata keçirilib. Görülən işlər və bu sahədə əldə olunan naliyyətlər dövlətin söz və mətbuat azadlığının qorunmasında, medianın daha da inkişafında maraqlı olmasının göstəricisidir.
Azərbaycanda kütləvi informasiya vasitələri bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində görülən işlərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayır. İctimaiyyətin məhkəmə sistemini necə qəbul etməsi və ona etimad göstərməsi xeyli dərəcədə medianın çatdırdığı məlumatdan asılıdır. Bu gün ölkəmizdə məhkəmə hakimiyyəti ilə media arasında səmərəli və qarşılıqlı əməkdaşlıq əlaqələri mövcuddur. Məhkəmələr operativ kommunikasiya qurmaqla bir çox hallarda mediada yayımlanan sensasiyalı materiallarda insan hüquqları pozuntularının qarşısını almağa yönələn addımlar ata bilirlər. Azərbaycanın media orqanları ictimaiyyətin məhkəmə sisteminə etimadını artırmaq üçün önəmli rol oynayırlar. Nəzərə alsaq ki, media da ictimaiyyətin bir hissəsidir, mətbuatla məhkəmələrin qarşılıqlı əlaqələri, geniş ictimaiyyətlə birbaşa ünsiyyət imkanları açır.
Lakin bununla belə bəzi hallarda kütləvi informasiya vasitələrində təqsirsizlik prezumpsiyasının pozulması hallarına da rast gəlinir. Nəzərə almaq lazımdır ki, məhkəmənin yekun qərarı olmadan cinayət törətməkdə şübhəli bilinən şəxsin təqsirli olduğunu bildirən məlumatların mətbuatda dərc olunması yolverilməzdir. Bu cür məlumatlar təqsirləndirilən şəxsin nüfuzuna və ləyaqətinə xələl gətirir. Təqsirsizlik prezumpsiyası böyük hüquqi təcrübə ilə dəstəklənir və bir sıra konvensiyalar vasitəsilə müasir beynəlxalq hüquq bu prinsipə riayət olunmanı təmin edir və bu işdə medianın rolu əvəzsizdir.
Başqa bir xoşagəlməz hal isə mediada şərəf və ləyaqətin müdafiəsinin pozulmasına yol verilən məlumatların yayımlanmasıdır. Son illərdə dünyada, eləcə də Azərbaycanda ictimaiyyətin mediadan istifadəsi geniş vüsət alıb. Bu gün danılmaz həqiqətdir ki, onlayn media ənənəvi medianı üstləyib. İnsanlar da öz fikirlərini məhz internetdə, sosial şəbəkələrdə paylaşmağa üstünlük verirlər. İnternet azadlığından istifadə edib hər hansı bir şəxsin kimisə təhqir etməsi isə yolverilməzdir. Hər bir internet istifadəçisi həm özünün, həm də digər şəxslərin şərəf və ləyaqətini alçaldacaq qanunazidd addım atmaqdan çəkinməli, təhqirə yol verməməlidir. Sevindiric haldır ki, media mənsublarının istər internet mediasında, istərsə də yazılı mətbuatda belə hallara yol verilməməsi üçün maksimum dərəcədə çalışdıqları müşahidə olunur. Təsadüfi deyildir ki, məhkəmə təcrübəsində artıq media orqanlarına qarşı belə xarakterli iddiaların qaldırılması demək olar minimuma enib.
Medianın inkişaf etməsi və sosial şəbəkələrin inkişafı davamlı informasiya axınlarını yaradır ki, bu axınların da içərisində məhkəmələrin fəaliyyəti ilə bağlı ictimaiyyətə geniş informasiya axını müşahidə olunur. İctimaiyyətin məhkəmə zallarına çıxışının təmin edilməsi daha məhkəmə qərarının “açıq” şəkildə qəbul edildiyini hesab etmək üçün yetərli deyil. Açıqlıq əlçatanlığı nəzərdə tutur, o isə öz növbəsində sadə, anlaşılan və dəqiq məlumatların insanların mümkün qədər geniş dairəsinə çatdırılmasını tələb edir ki, bu işdə də ictimaiyyət məhz media vasitəsilə bütün lazımi məlumatlara əlçatanlığını təşkil edir.
Medianın ölkənin ictimai-siyasi həyatında mühüm rol oynadığını qeyd edərək və jurnalistlərin öz qələmi və obyektiv mövqeyi ilə ictimai rəyin formalaşmasında ciddi amil olmasını vurğulayaraq arzu edirik ki, Azərbaycan mediası daima inkişaf etsin və vətəndaşlarımızın informasiya ehtiyaclarını ödəməklə real, obyektiv informasiya daşıyıcısı olsunlar. Bu işdə bütün media işçilərinə işlərində uğurlar arzulayır və onları peşə bayramları münasibətilə təbrik edirik!