Azərbaycanda 30-a yaxın populyar brend olan "Go Crispy" və "Tea Time" restoranlarının açılması planlaşdırılır.
Teleqraf.com FED.az-a istinadla xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Xatırladaq ki, iyulun 25-də Qətərin "Al Baladi Holding" şirkəti ilə Azərbaycan sərmayəsi ilə BƏƏ-də təsis edilmiş "Green Capital Management" şirkəti arasında strateji əhəmiyyətli saziş imzalanıb:
“Həmin sazişə əsasən, Azərbaycanda "Go Crispy" və "Tea Time" restoranlarının açılması nəzərdə tutulur. Bu strateji plan çərçivəsində 2 il ərzində təxminən 30 yeni restoranın fəaliyyətə başlaması planlaşdırılır".
KOBİA sədri bu razılaşmanın Azərbaycana xarici sərmayənin yatırılması və yeni iş yerlərinin yaradılması baxımından vacib olduğunu bildirib: " Yeni layihələr sayəsində ölkədə yeni iş yerlərinin açılması və iqtisadiyyatın inkişafına töhfə verilməsi gözlənilir".
Xatırladaq ki, qarşıdakı 2 il ərzində sözügedən "Go Crispy" və "Tea Time" brendlərinin dünyanın 27 ölkəsində ümumilikdə 400-dən çox restoranının açılması nəzərdə tutulur.