4 Avqust 12:11
1 109
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qoz sağlamlıq baxımından çox faydalı qidadır. Ölkəmizdə bolluca yetişən qozun uzun müddət qalması ona üstünlük verilməsinin əsas səbəblərindəndir.

Teleqraf.com xəbər verir ki, hər gün ac qarına qoz yeməyin çoxlu faydaları var. Lazımi miqdarda istehlak edildikdə əvəzolunmaz qoz lif, karbohidrat, vitamin, zülal və dəmirlə zəngindir.

Tərkibində E vitamini, melatonin və polifenol kimi antioksidan birləşmələr var. Bu birləşmələr daxili hissəsini əhatə edən membranla birlikdə oksidləşdirici streslə mübarizə apararaq orqanizmi qoruyur.

Araşdırmalar göstərir ki, qoz istehlakı pis xolesterin kimi tanınan LDL-nin oksidləşdirici zədələnməsinin qarşısını ala bilir. Bu, damarlarda yığılmağa səbəb olan oksidləşmiş LDL-ni azaltmaqla ürək xəstəliyi riskini də azaldır.

Digər çərəzlərə nisbətən qoz omeqa-3 yağ turşuları baxımından daha zəngindir. Xüsusilə ALA adlanan omeqa-3 yağ turşusu orqanizmin xarici qaynaqlardan almalı olduğu yağ növüdür və bu, qozda boldur. Onun tərkibindəki polifenollar oksidləşdirici stress və iltihabla mübarizə apararaq bədəni qoruyur. Bundan əlavə, ALA omeqa-3 yağ turşusu, maqnezium və arginin kimi birləşmələr də iltihabı azaltmağa kömək edir.

Qoz bağırsaq sağlamlığı üçün faydalı olan bakteriyaların artmasına yardımçı olur. Bir araşdırma gündə 43 qram qoz istehlakının faydalı bakteriyaların əhəmiyyətli dərəcədə artmasına səbəb olduğunu sübuta yetirib.

Qoz polifenol ellagitanninlərlə də zəngindir. Bu birləşmələr bağırsaqlarda urolitinə çevrilə bilir və antiinflamatuar xüsusiyyətlərə malikdir. Bu, bəzi xərçəng növlərinə qarşı qoruyucu təsir göstərir.

Qozda olan qidalar beyində oksidləşdirici zədələri azalda və zehni funksiyaları dəstəkləyə bilir. Tədqiqatlar göstərir ki, onun istehlakı mənimsəmə bacarıqlarını və yaddaşı yaxşılaşdırmağa kömək edir. Qan şəkərinə nəzarəti dəstəkləyən qoz 2-ci tip diabet riskini də azaldır. Bir araşdırmada qoz yağının oruc tutarkən qan şəkəri səviyyəsinin əhəmiyyətli dərəcədə azalmasına səbəb olduğu da müşahidə edilib.

Bəzi tədqiqatlar qoz istehlakının qan təzyiqini aşağı sala biləcəyini də göstərir. Bu, ürək sağlamlığına da müsbət təsir göstərir.

Melatoninlə zəngin olan qoz yuxu üçün əlavə rahatlıq zonası yaradır. Yuxu zamanı ifraz olunan melatonin hormonu yuxunun keyfiyyətinin yaxşılaşdırılmasına və nizamlılığının təmin edilməsinə cavabdehdir.

Ac qarına qoz yemək xolesterin səviyyəsini tarazlaşdırmağa kömək edir. Qan şəkərini də tarazlayan qoz diabetin idarə olunmasında faydalıdır.

Yüksək yağ tərkibinə malik qozun 100 qramında təxminən 674 kalori var. Çəkinizi tarazlı saxlamaq üçün qoz yeyərkən həddi aşmaq olmaz. Gündə təxminən 7-10 bütöv qozdan çox istifadə etməməyə diqqət yetirilməlidir.

Lakin qozun sağlamlıq faydaları ondan müntəzəm və balanslı şəkildə istehlak edildikdə baş verə bilər.

Mələksəda Zeynallı


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər