6 Avqust 17:20
4 231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Universitetlərə qəbul üçün test üsulunun ləğv edilməsi müzakirələr yaradır. Hesab edilir ki, test üsulu şagirdləri sadəcə əzbərləməyə vadar edir. Nəticədə öyrəndikləri fənnin mövzularının mahiyyətini tam dərk etmirlər. Bəs test üsulu ləğv edilməlidirmi?

Teleqraf.com xəbər verir ki, təhsil eksperti Kamran Əsədov hesab edir ki, formatın dəyişməsinə ehtiyac var:

“Azərbaycanda ilk dəfə test üsulu ilə imtahan 1992-ci il noyabrın 15-də tətbiq olunub. Test üsulunun müsbət cəhətləri imtahanın demokratik, şəffaf, ədalətli şəkildə həyata keçirilməsi, abituriyentlərin bir neçə ixtisas içərisindən seçim edə bilməsidir. Lakin müasir dövrün tələbləri ölkəmizdə 32 ildir tətbiq edilən formatın dəyişməsini zəruri edir. Təsəvvür edin ki, mart ayında imtahan verən şagird, azı 6 ay sonra, avqustun sonunda tələbə olub-olmadığını bilir. Azərbaycanda mövcud imtahan modeli dəyişməlidir.

Qəbul imtahanlarının formatının dəyişdirilməsi təhsil sisteminin inkişafı və tələbələrin daha ədalətli qiymətləndirilməsi üçün vacibdir”.

Ekspert hesab edir ki, imtahanlarda iştirakçıların yalnız nəzəri biliklərini deyil, həm də praktik düşünmə, problem həll etmə və analitik bacarıqlarını yoxlanmalıdır:

“Bu, tələbələrin gələcəkdə daha uğurlu olmasına kömək edə bilər. İmtahan formatına layihə əsaslı tapşırıqlar, yazılı esse və müzakirə sualları daxil edilməlidir. Bu, tələbələrin praktiki bilik və bacarıqlarını yoxlamağa imkan verər. Onlayn imtahanlar və interaktiv testlər imtahan prosesini daha çevik və əlçatan edə bilər. Bu, həm də tələbələrin texnologiya bacarıqlarını inkişaf etdirməyə kömək edər.

Tələbələr imtahan stressinin azaldılması üçün dəstək proqramları və psixoloji xidmətlərlə təmin edilməlidirlər. İmtahanlar tələbələrin psixoloji sağlamlığına mənfi təsir göstərməməlidir. Bu təkliflər Azərbaycanda qəbul imtahanlarının formatının dəyişdirilməsi və təhsil sisteminin daha da inkişaf etdirilməsi üçün bir başlanğıc nöqtəsi ola bilər. Hazırkı imtahanlar iştirakçılarda ciddi stress yaradır, bəzən isə həyatları üçün təhlükəyə çevrilir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər