Son zamanlar avronun bahalaşması fonunda dolların dəyərinin də artacağı, nəticədə Azərbaycan manatının ciddi təzyiqlə üzləşəcəyi düşünülür.
Mövzu ilə bağlı iqtisadiyyat üzrə fəlsəfə doktoru, İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyinin sədri Ruslan Atakişiyev Teleqraf.com-a danışıb.
O, son dövrlər avro və manatın məzənnələri arasında dəyişikliyin baş verdiyini deyir:
“Avronun məzənnəsi qalxır. Amma dolların və manatın məzənnəsi əvvəlki kimi, eyni səviyyədədir. Məsələ bundadır ki, avro ilə manatın münasibəti daha çox üzən məzənnəyə yaxındır. Ancaq dollar-manat münasibətləri Mərkəzi Bankın tətbiq etdiyi humanitar siyasətə uyğun olaraq təsbit olunmuş məzənnədə qalır.
Manata vaxtaşırı regional, beynəlxalq, yerli iqtisadi proseslərlə bağlı təzyiqlər olur. Ancaq onun tənzimlənməsi üçün Mərkəzi Bankın ehtiyatları stablizator rolunu oynayır. Bu baxımdan Mərkəzi Bankın valyuta ehtiyatlarında nəzərə çarpan enmələr olmadığı üçün deyə bilərik ki, dövlət məzənnəni sabit saxlamağa çalışacaq.
Dövlətin qərar verib məzənnəni dəyişməsi, manatın dollar qarşısında ucuzlaşması iqtisadiyyata, xüsusən manata inamı zəiflədə bilər. Bu isə sahibkarlıq fəaliyyəti məsələlərində problemlərə səbəb olar. Ona görə hesab edirik ki, avro və manatla bağlı məzənnə dəyişikliyinin dollar-manat məzənnəsinə təsiri ehtimallar azdır”.
İqtisadçı-ekspert Akif Nəsirli isə hesab edir ki, ilin sonuna qədər dolların sabit saxlanmasına çalışılacaq:
“Fakt budur ki, dollara tələbat artıb. Bu səbəbdən bəzi bankların tələbatları ödənmir. Bankların əksəriyyətində dollar satılmır. Mərkəzi Bank bəzi banklara dollar satmır, həmin banklar da dollar satışını dayandırıblar. Ötən illə müqayisədə bu ilin 8 ayında dollara tələbat 2 dəfə artıb”.
Ekspert dollar bahalaşarsa, manatı nəyin gözlədiyini də izah edib:
“Dolların Azərbaycan manatına münasibətdə məzənnəsinin dəyişməsini hökumət tənzimləyir. Bu bazar münasibətlərindən asılı deyil, konkret qərarla bağlıdır. Azərbaycan hökumətinin dolların məzənnəsini belə saxlamaq imkanı var. Neftin qiyməti ucuzlaşmayıb, kifayət qədər baha qiymətə satılır. Hökumətin əlində valyuta ehtiyatları var və bu valyuta ehtiyatları ilə manatın məzənnəsini tənzimləmək mümkündür”.