3 Sentyabr 16:04
1 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada onkoloji xəstələrin sayı durmadan artır.

Teleqraf.com Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir ki, Azərbaycanda da onkoloji xəstələrin sayında artım var.

Komitənin 2023-cü ilin sonuna olan məlumatına görə, ölkədə qeydiyyatda 70 minə yaxın xərçəng xəstəsi var ki, onlardan 13.666 nəfəri keçən il qeydiyyata alınanlardır. 2022-ci ildə isə Azərbaycanda 62 385 onkoloji xəstə qeydiyyatda olub. Rəsmi statistikaya görə, hər il xəstələr arasında qadınların sayı artır.

2023-cü ildə qeydə alınan 13,666 onkoloji xəstənin 7,224-ü qadındır. Döş xərçəngi ölkədə ən çox diaqnoz qoyulan onkoloji xəstəliklər sırasında birinci yerdədir (2023-cü ildə 2541 hal). Sonrakı yerlərdə traxeya, bronxlar və ağciyər xərçəngi (1461 hadisə), mədə xərçəngi (1363 hal), düz bağırsaq xərçəngi (775 hadisə), qida borusu xərçəngi (504 hadisə) və sair gəlir.

Bildirilir ki, onkoloji xəstəliklər daha çox 40 yaşdan yuxarı vətəndaşlarda aşkar edilir.

Professor Adil Qeybulla deyir ki, bu xəstəlik bütün dünyada artmaqdadır:

“Xərçəng hüceyrələri deyilən atipik hüceyrələr bizim orqanizmdə daim yaranır, bədəndən xaric edilir. Bu xəstəliyə qlobal bir problem kimi baxmaq lazımdır. Bu gün həddindən artıq qidalanma, zərərli vərdişlərin, oturaq həyat tərzinin artması, insanların hədsiz dərəcədə tənbəlləşməsi sağlamlığa ciddi ziyan vurur. Bunları normallaşdırmaq üçün çox ciddi proqrama ehtiyac var.

Qadınlar arasında siqaret, kişilərdə isə alkoqoldan istifadə halları çoxalıb. Bütün bunlarla yanaşı, oturaq həyat tərzi və ekoloji amillər öncə stressin , daha sonra isə xərçəng xəstəliyinin yaranması ilə nəticələnir. Bu gün bütün dünyada konservləşmiş qidaların, fast-foodların istifadəsi insanların çəkisini artırır. Həddən artıq çəkiyə malik olmaq isə ürək üçün böyük riskdir. Həmçinin maddələr mübadiləsi pozulur”.

Həkim deyir ki, qidalarda konseregen maddələrin olması, insanların az hərəkət etməsi bu xəstəliyin əsasını təşkil edir:

“Qidaların böyük əksəriyyətinin keyfiyyəti aşağıdır. Oturaq həyat tərzi, keyfiyyətsiz yemək, az hərəkət etmək xərçəng xəstəliyinin yaranması üçün də şərait yaradır. Stress xərçəng xəstəliyinin yaranması ilə nəticələnir”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər