09:23
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu həftə Türkiyə-Azərbaycan Universiteti 2024-2025 tədris ilinə başladı.

Türkiyə ilə Azərbaycanın ortaq ali təhsil müəssisində ilkin mərhələdə yalnız Azərbaycan vətəndaşları oxuyacaq. Bu ilki qəbulun nəticələrinə görə universitetdə 86 tələbə üç ixtisas üzrə təhsil alır. Türkiyə-Azərbaycan Universiteti “çətir universitet” funksiyasını yerinə yetirir.

Ali təhsil müssisəsi ölkəmizdən Azərbaycan Texniki Universiteti, Türkiyədən isə Orta Doğu Texniki Universiteti, İstanbul Texniki Universiteti və Hacettepe Universitetinin tərəfdaşlığı ilə faəliyyət göstərir.

Türkiyə-Azərbaycan Universitetinə gedib, müəllim və tələbə heyətilə həmsöhbət olduq. Həm tələbələr, həm də müəllimlər yeni universitetdə çox həyəcanlı və həvəsli olduqlarını söylədilər. Aydın oldu ki, bu il tələbələrin akademik ingilis dilini öyrənmələri üçün dərslər keçiriləcək. Akademik ingilis dilinə hazırlıq prosesini bir il müddətində Türkiyədən gələn müəllimlər tədris edəcək.

Türkiyə-Azərbaycan Universitetinin müəllimi Mətin Özdəmir bura Orta Doğu Texniki Universitetindən gəldiyini bildirdi:

“Orta Doğu Texniki Universitetindəki sistemi burda tətbiq etmək istəyirik. Türkiyə-Azərbaycan Universitetində ilk il ingilis dilinə hazırlıq ili olacaq. Burada tədris ingiliscə olduğu üçün ixtisaslarını keçdiklərində bu dildə rahat danışmalarını, akademik həyatlarında uğurlu olmalarını istəyirik. Bu səbəbdən bir il müddətində tələbələrimizə ingiliscə proqramı öyrədəcəyik. Mən ODTU-da bir çox fərqli səviyyələrdə dərs demişəm. Tələbələrə akademik səviyyədə ingiliscə yazmaq və danışmaq dərsləri verirəm. Bir il burada olacağıq və sistem qurmağa çalışacağıq”.

Mətin Özdəmir Azərbaycana gəlməyin onun üçün gözəl təcrübə olacağını düşünür:

“Mənimlə birlikdə 4 müəllimimiz də gəlib. Yeni universitetin çox prestijli olacağını düşünürük. Həyacanlıyıq, bizim üçün də gözəl təcürbədir. Təbii ki, bura müəyyən müddətə gəlmişik. Qeyd etdiyim kimi, sistemi qurmaq istəyirik. Tələbələrə necə faydamız ola bilər, bunu görmək istəyirik. Məqsədimiz onların rahat ingiliscə öyrənib akademik həyata davam etmələridir.

Ötən həftə tələbələrlə görüşdük, onları müəllimlərimizlə tanış etdik. Dərs prosesi necə olacaq, qaydalar nədir - bunlardan danışıldı. Bu həftə isə dərslərə başladıq. Üç gündür müəllimlərimiz dərslərə girir.

Tələbələrimiz çox istəklidirlər. Öyrənmək üçün çalışırlar, bu, çox müsbət haldır. Köklü universitetlərin bura töhfəsi olacaq. Ölkələrimiz, tələbələrimiz və bizim üçün uğurlu olacağına, daha da güclənəcəyimizə inanırıq”.

Türkiyədən gəlmiş digər müəllim Anıl Albağların da fikirlərini öyrəndik: “15 ildir Ankarada Orta Doğu Texniki Universitetində çalışıram. Hazırlıq proqramında ingiliscə dərs verirəm. Bir il “intermediate” səviyyədə ingiliscəni tədris edəcəm. ODTU-dakı hazırıq sistemini birə-bir, olduğu kimi bura gətirdik. Orada nə keçirdiksə, burada da onu tədris edəcəyik. Dərs kitabları, proqramlar, testlər hamısı eyni olacaq.

Bir akademik il burada olacağam. Çox savadlı tələbələrin olduğu xəbərini hələ Bakıya gəlməzdən əvvəl aldıq.

Gələndən bəri müşahidələrim bu istiqamətdədir. Fikirləri dərsdədir, suallar verirlər, çox yaxşı qulaq asırlar, dərsə qoşulurlar. Yanlız ingiliscə danışırıq, demək olar ki, türkçəyə dönmürük. Mən də onlardan nələrsə öyrənirəm. Çox zövqlu olur, gözəl gedir dərslərimiz.

Binamız da çox gözəldir. Layihənin özü çox önəmlidir. Türkiyədəki ən yaxşı üç universiteti bura daşıyırıq. Hacettepenin qida, İstanbul Texniki Universitetinin sənaye, ODTU-nun kompüter mühəndisliyi çox güclü proqramlardır. Bu proqramların burada tədrisi, ODTU hazırlığının da əlavə olunması Türkiyə- Azərbayan Universiteti üçün güclü başlanığıcdır. İndidən bu universitetin məzunlarının gözəl işlər görəcəyini, gələcəyin fikir öndərləri ola biləcəyini görürük”.

Yenicə dərsdən çıxan Türkiyə-Azərbaycan Universitetinin ilk tələbələri ilə də söhbətləşdik.

Əbiyev Mirağa, 625 balla sənaye mühəndisliyi ixtisasına daxil olub: "Bu il ingilis dili hazırlıq qrupundayıq. Türkiyə-Azərbaycan Universitetinin ikili diplomu buranı seçməyimin səbəblərindən biridir. Təhsilin də yaxşı, maraqlı olacağını düşünürdüm. Elə gözlədiyim kimi də oldu.

Müəllimlərimiz Türkiyədən gəlib, artıq üç dərs keçmişik. İngilis dilini anlaşılan formada çox yaxşı izah edirlər. Universitetimin mənə çox şey verəcəyini düşünürəm”.

Rəşidova Həmidə bu universitetin yaradılmasının onun üçün böyük avantaj olduğunu deyir:

“Sənaye mühəndisliyi ixtisasında təhsil alıram. 567 balla qəbul olmuşam. Universitetin yaradılması mənim üçün gözəl müjdə oldu. Çünki xəyalım Türkiyədə oxumaq idi. Türkiyə-Azərbaycan Universiteti Türkiyənin önəmli universitetlərini burada təmsil edir. Həmin universitetlərin diplomunu da əldə edəcəyik. Müəllimlərimizi də çox sevdim. Dərslərimiz ingilis dilində aparılır. Bizə hər şeyi ətraflı öyrədirlər. İstəyirəm ki, ixtisasımı çox yaxşı bilim, onu inkişaf etdirim. Gələcəkdə magistr təhsili olarsa, onu da burada oxumaq istəyərəm”.


Müəllif: Foto: Elnur Muxtar, Şəbnəm Zahir

Oxşar xəbərlər