Bu gün Ermənistanın Gəncəyə ilk raket hücumundan 4 il ötür.
2020-ci ilin oktyabrın 4-də səhər saat 10 radələrində ermənilərin atdığı raketlər Azərbaycanın ikinci ən böyük şəhərində mülki yaşayış məntəqəsinə, o cümlədən sakinlərin yaşadığı ikimərtəbəli binaya, həmçinin fərdi yaşayış evlərinə düşmüşdü. Nəticədə 1 mülki şəxs şəhid olmuşdu, 39 mülki şəxs isə yaralanmışdı. Yaşayış evləri ilə yanaşı mülki infrastruktura və qədim tarixi tikililərə ziyan dəymişdi.
Ermənistan hərbi-siyasi rəhbərliyi mülki əhaliyə qarşı terror siyasətiCenevrə Konvensiyasını, BMT-nin, Haaqa Konvensiyasının, UNESCO-nun, elə cə digər beynəlxalq və regional təşkilatların qərar və qətnamələrini, xüsusilə də üzərinə düşən öhdəliklərini kobud və düşünülmüş şəkildə pozmuşdu. Lakin Ermənistana bunların heç birinə məhəl qoymayaraq mülki əhaliyə qarşı terror siyasətini davam etdirmişdi.
Gəncə şəhərinə ümumilikdə 5 dəfə raket və ağır artilleriya ilə hücum edilib. Nəticədə 26 nəfər şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Ümumilikdə, 2020-ci il 27 sentyabr tarixində başlayıb və 44 gün davam etmiş Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri və qanunsuz silahlı birləşmələrinin mülki yaşayış məntəqələrini hədəfə almaqla həyata keçirilmiş hərbi təcavüzü nəticəsində 93 nəfər mülki şəxs (o cümlədən 54 kişi, 27 qadın və 12 uşaq) həlak olmuş, 444 nəfər (o cümlədən 268 kişi, 109 qadın və 67 uşaq) isə xəsarət almışdır.
44 günlük Vətən müharibəsində hər keçən gün məğlubiyyəti ilə barışa bilməyən Ermənistan ordusu və qanunsuz silahlı birləşmələri mülki əhaliyə qarşı terror aktları törətmək yoluna əl ataraq, insanlar arasında qorxu və xaos yaradacağına ümid etmişdi. Lakin, bu terror aktları Azərbaycan xalqını Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun ətrafında daha da sıx birləşməsinə gətirdi.
Belə ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan Ordusunun şücaəti və xalqımızın nümayiş etdirdiyi birlik sayəsində cəmi 44 gün ərzində erməni qoşunları məhv edildi və ərazi bütövlüyümüz bərpa edildi.
44 günlük Vətən Müharibəsindən sonra Azərbaycan tərəfi Ermənistanın bütün bu hərbi cinayətlərinə, terrorlarına baxmayaraq regionda sülhün bərqərar olunması üçün İrəvana sülh təklif etdi. Lakin Ermənistan Azərbaycanın uzatdığı sülh əlini geri çevirərək, yenidən təxribatlara əl atmağa başladı.
19 sentyabr 2023-cü il tarixində Ermənistan silahlı qüvvələri və separatçı dəstələr genişmiqyaslı hərbi təxribatlara əl ataraq, bizim ərazilərdə minalar basdırıb yenidən terror aktları törətdi. Bu təxribatlar Azərbaycanı öz haqlı mövqeyini daha da güclü müdafiə etməyə və suverenliyini qorumaq üçün qəti tədbirlər görməyə vadar etdi. Azərbaycan terror aktlarına və təxribatlara cavab olaraq lokal xarakterli antiterror tədbirləri başlatdı və cəmi 24 saatdan az müddətdə erməni separatçılarını darmadağın edərək təslim olmağa məcbur etdi. Qarabağda qeyri-qanuni xunta rejimi ləğv edildi, separatçıların əsas rəhbərləri həbs edildi və Azərbaycan bütün ərazisində suverenliyini tam bərpa etdi.