10 Oktyabr 14:18
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uşaqların böyüdüyü hazırkı rəqamsal dünya əvvəlki dünyadan çox fərqlənir və bu, bir çoxlarına dəhşətli görünür. Rəqamsal texnalogiyanın uşaqların həyatında artan rolu bir çox valideynləri narahat edir.

Teleqraf.com xəbər verir ki, mövzu ilə bağlı danışan sosioloq Əhməd Qəşəmoğlu bəzi xarici ölkələrdə sosial şəbəkələrin uşaqlarda yaratdığı probləmləri aradan qaldırmaq üçün xüsusi klinikalar yaradıldığını deyib: “Bu, sosial problemdir və ona laqeyd yanaşılmamalı, cəmiyyətdə gedən bu tip proseslər dərindən öyrənilməli və tədbirlər görülməlidir. Uşaqların orqanizminin sağlam qalması üçün keyfiyyətli tibbi xidmətə ehtiyac var”.

Sosioloq qeyd edib ki, insanın havaya, suya ehtiyacı olduğu kimi informasiyaya da ehtiyacı var: “Əgər biz uşaqlara, gənclərə özlərini inkişaf etdirməyə, maraq dairələrinə uyğun məşğuliyyət yaratmağa şərait formalaşdırmasaq, onlar sosial şəbəkələrə meyllənməli olacaqlar. Azyaşlılarda olduğu kimi, gənclər də, hətta yaşlılar da telefon və televizor qarşısında çox vaxt keçirir. Bu isə sağlamlıq problemləri ilə yanaşı, psixi problemlərə də gətirib çıxara bilir”.

Bu vasitələrin insan orqanizminə mənfi təsirini vurğulayan Əhməd Qəşəmoğlunun sözlərinə görə, artıq müxtəlif sosial işlərin görülməsinə başlanılmalıdır:

“Son illərdə bu problemlə bağlı valideynlərin müraciət və şikayətləri artıb. Valideynlər daha çox uşaqların davranış problemləri ilə bağlı müəyyən müəssisələrə müraciət edir. Uşaqlarla yanaşı, gənclərin də telefonda həddən artıq vaxt keçirməsi bir sıra sağlamlıq problemlərinə gətirib çıxarır. Bu problemlərə yalnız fiziki deyil, həmçinin psixi fəsadlar da daxildir.

Ötən əsrin 70-ci illərində uşaqlar 4 yaşından telefon və televizora maraq göstərirdilərsə, artıq bu hal 4 aylıq ikən başlayır. Valideynlər uşaqların sakitləşməsi üçün telefondan istifadəyə məhdudiyyət qoymurlar, lakin bunun gələcəkdə yaradacağı problemlərdən bixəbərdirlər. Məhz bu səbəblərin həlli üçün valideyn klubları yaradılmalı, burada mütəxəssislərlə görüşlər, maarifləndirici tədbirlər keçirilməlidir. Lakin hələ ki məsələyə ciddi yanaşılmır, lazimi tədbirlər görülmür”.

Psixiatr Azər Bağırovun sözlərinə görə, uşaqla məşğul olma müddətini azaltmaq üçün ekrana müraciət etmək, vaxt keçirmək, oyunlar oynamaq yerinə ekrana həvalə etmək böyük problemdir: “Günümüzdə autizm spektr pozuntularının bu səbəbdən artdığı təxmin edilir. Burada mexanizm ondan ibarətdir ki, uşağın yaşıdları, anası ilə qurduğu ünsiyyət ikitərəflidir, uşaq tərəfindən onlara cavab göndərilir. Lakin ekranda uşağın danışmasına ehtiyacı yoxdur, davamlı dəyişən görüntülər var. Bu zaman uşaq ünsiyyət qurmaq ehtiyacı hiss etmir.

İnsanla ünsiyyət zamanı isə qarşı tərəfdən istədiyi reaksiyanı almaq üçün müəyyən hərəkət etməsi lazım olur. Ekran bunu tələb etmədiyi üçün uşaqlarda ünsiyyətə qarşı tənbəllik yaranır”.

Psixiatr bildirib ki, hər bir insanda müəyyən qədər autistik əlamətlər var və ünsiyyətə maraq göstərmə hamıda eyni səviyyədə deyil: “Ona görə ünsiyyətə marağı aşağı olan uşaqlarda bu, daha dağıdıcı fəsad göstərir. Bu səbəblərdən uşaqların danışmasının 3 yaşa qədər gecikməsi, autizm spektrının müxtəlif formalarının artması daha sıx rast gəlinən hal olub”.

Digər bir təhlükənin telefon, ekran asılılığı olduğunu söyləyən Azər Bağırova görə, ekranda görünən videolar və ya sosial mediada hər hansı bir şeyə gələn “layk” sayı, ona göstərilən diqqət insanda dopamin ifrazına, xoşbəxt hiss etməyə səbəb olur:

“Özünü yaxşı hiss etmə halı insanın ekransız, internetsiz qala bilməməsinə gətirib çıxarır. 6-9 yaşlarında uşaqlar isə “Yutub” üzərindən yaşlarına uyğun olmayan qorxulu videolara baxırlar və tam qavraya bilməikləri üçün onlarda qorxu sistemini aktivləşir. Nəticədə qaranlıqdan, tək qalmaqdan, harasa tək getməkdən qorxu kimi hallar əmələ gəlir.

Amma şiddət və cinsi məzmunlu videolarla uşaq yaşda tanışlığın dağıdıcı təsiri daha çoxdur, çünki uşaqlar gördükləri şeylərə tənqidi yanaşmır və gördüklərini doğru məlumat şəklində qavrayırlar”.

Psixoloq Nuriyyə Quliyevanın açıqlamasına görə, bir neçə ildir bu məsələ ilə bağlı valideynlərin müraciətləri artıb: “Onlar daha çox övladlarını dərsdən yayınmaq, davranış problemləri şikayətləri ilə gətirirlər. Məlum olur ki, bu hal nəinki uşaqlarda, gənclərdə də bir sıra problemlərə gətirib çıxarır. Rəqəmsal vasitələrdən çox istifadə olunması həm fiziki, həm psixi fəsadlar yaradır”.

Psixoloq vurğulayıb ki,telefondan həddən artıq istifadə edilməsi uşaqlarda aqressiv davranışlar, sosiallaşmada problemlər, diqqət zəifləməsi, akademik nailiyyətlərin aşağı düşməsi , yuxu pozuntuları, özgüvən əksikliyi yaradır və ailə münasibətləri zədələnir: “Xüsusən də, yeniyetmələr keçid dövründə valideynin tələblərinə qarşı gəlir və inadlaşırlar. Valideynlərin belə hallarda uşaqları telefondan tam uzaqlaşdırması mümkün deyil. Lakin asılılıq halını almadan əvvəl tədbir görmək lazımdır. Telefondan istifadəyə limit qoyulmalıdır.

Uşaqların yaşına uyğun olan səhnələr və oyunlara diqqət yetirilməlidir. Həmçinin, qaydalar qoyulmalıdır və bunlar hər kəsə şamil olmalıdır. Məsələn, masa arxasında heç kim telefonla məşğul olmamalıdır və ya otağa daxil olarkən telefon kənara qoyulmalıdır. 3 yaşa qədər uşaqlar telefon, televizor, kompüter kimi vasitələrlə tanış olmamalıdırlar. 3 yaşdan yuxarı uşaqların telefona baxma müddəti isə fasilələrlə davam edən 40 dəqiqəni aşmamalıdır”.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər