11 Oktyabr 13:44
1 457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən əsrin əvvəllərindən 1930-cu illərə qədər tarixi torpaqları olan İrəvan bölgəsində yaşayan Azərbaycan türklərinin bir qismi erməni və rus zülmünə məruz qaldıqları üçün Türkiyə ərazisinə köç ediblər. Bu mühacirlərə qucaq açan, onları müxtəlif bölgələrə yerləşdirən Türkiyə hökumətinin arxivlərində həmin köçlərlə bağlı müxtəlif sənədlər mövcuddur. Onlardan bəzilərini xronoloji ardıcıllıqla bu yazımızda təqdim edirik.

***

1915-ci ilə aid bir sənəddə irəvanlı Musa Kazım adlı şəxsə Osmanlı təbəəliyinə keçməsinə izn verildiyi qeyd olunub.

9 fevral 1921-ci il tarixli bir sənədə görə İrəvan mühacirlərinin bir qismi Muş şəhərinə köçürülüb.

3 may 1921-ci il tarixli sənəddə irəvanlı türk sənətkarların ailələri ilə birlikdə Türkiyəyə göndərilmələrindən bəhs edilib.

27 mart 1923-cü il tarixli sənəddə Qafqaz bölgəsindən və İrəvandan Türkiyəyə köçmək istəyən şəxslərin sərhəddən içəridə uyğun bir yerə yerləşdirilməsi ilə bağlı qərar verilib.

29 sentyabr 1923-cü il tarixli sənədə görə İstanbulda Gülhane müsafirxanasında yaşayan İrəvan və Gəncə əhalisindən Cəlil və Zeynəbə İzmirə getmələrinə icazə verilib.

28 fevral 1924-cü il tarixli sənədə görə Ərzurumda yaşayan İrəvan qaçqınlarından 6 nəfər Türkiyə vətəndaşlığına qəbul edilmələri üçün müraciət ediblər.

1925-ci ilə aid bəzi sənədlərdə irəvanlı qaçqınlardan İsmayıl Zeynəlzadə, Həsən oğlu İnafi ağa (Gözəldərədən), Cəfər oğlu Şeyx Məhəmməd, Əli oğlu Murad ağa (Gözəldərədən), Hacı Abbaszadə oğlu Tağı əfəndi, İmamverdi oğlu Musa ağa, Ələkbər oğlu Xızır ağa, Dəmirbulaq kəndindən Mirsadıq, Mirfətullah, Mirməhəmməd əfəndilər, Məhəmmədəli oğlu Tağı ağa, İbrahim oğlu Sultan ağa, Mirmehdi oğlu Mirsəlim, Seyid Məhəmməd oğlu Seyid Səid ağa (Gözəldərədən), Məhəmmədəli oğlu Abbas əfəndi, Tacir oğlu Həsən (Gözəldərədən), Hüseyin oğlu Vəli Yusifzadə, İbrahim Abdulla oğlu, İbrahim oğlu Əhməd Cəfərzadə, Hüseyn bəy oğlu İsmayıl bəy, Hacı Məhəmməd Rəcəbzadə, Bayram oğlu Məhəmməd ağa (Gümrüdən), Kərbəlayi Abbas oğlu Muqtəla (Gözəldərədən), Hacı Hüseyn oğlu Dünyamalı (Gözəldərə), Dursun oğlu Xəlil əfəndi (Gözəldərədən), Mərd oğlu Muhibəli ağa, Əli oğlu Hüseyn ağa, Gülbahar xanım, Bərxudar oğlu Məhəmmədvəli (Gözəldərədən), Məhəmməd oğlu Yusif, İsmayıl oğlu Həsən ağa (Gözəldərədən), Mənsur oğlu Salman ağa, Qasım oğlu Hüseyn ağa (Gözəldərədən), Qəhrəman oğlu Əşrəf Dadaşzadə (Gözəldərədən), Sadıq oğlu Abbas, Musa oğlu Kazım ağa, Ağazadə Zeynəlabidin, Təkman oğlu Nəbit ağa (Gözəldərədən), Qafar oğlu Abbas ağa, Məşədi Tağı oğlu Məşədi Məhəmməd, Rza oğlu Vəli ağa (Gözəldərədən), Hümmət oğlu Vəli ağa, Abbas oğlu Məhəmməd ağa, Qəhrəman oğlu Məhərrəm ağa (Gözəldərədən), Kərbəlayi oğlu Məşədi Əsgər ağa İrəvanda tərk etdikləri ev və qiymətli əşyaları ilə bağlı Türkiyə hökumətinə müraciət ediblər, təzminat istəyiblər. Siyahıdan göründüyü kimi bu şəxslərin əksəriyyəti İrəvanın ağa və seyidləri olublar.

10 may 1926-cı il tarixli sənədə görə Trabzonda yaşayan və köməyə ehtiyacı olan İrəvan qaçqınlarından Nadir adlı şəxsin orada məskunlaşmasına izn verilib.

29 noyabr 1927-ci il tarixli sənədə görə Balıkesir şəhərində yaşayan İrəvan mühacirlərindən Abdulla oğlu Ömər başqa bir şəhərə yerləşdirilməsini hökumətdən xahiş edib.

15 dekabr 1927-ci il tarixli sənədə görə İrəvandan Iğdır şəhərinə sığınan Məsumoğlu Camala qaçqın statusu verilib.

16 fevral 1928-ci il tarixli sənədə görə İrəvandan Bəyazid bölgəsinə mühacir axını olub.

1928-1930-cu illərə aid üç sənəddə irəvanlı Vəli Babazadənin İrəvanda müsadirə edilən əmlakı ilə bağlı məlumatlar verilib.

18 fevral 1929-cu il tarixli bir sənəddə İlməzli, Qarakilsə, Qaraqala, Soyuqbulaq kəndlərində yaşayan türklərin Türkiyəyə mühacirəti ilə bağlı məlumat verilib.

23 dekabr 1929-cu il tarixli sənəddə irəvanlı Cəfər Məhəmmədzadəyə verilən evlə bağlı hüquqi işlərin tamamlandığı bildirilib.

11 may 1936-cı il tarixli sənəddə İrəvanın Dərəli kəndindən olan, 1935-ci ildə Türkiyəyə sığınan Əliqulu Yusif oğlunun Denizli vilayətinin mərkəzinə yerləşdirilməsinə qərar verilib.

16 may 1938-ci ilə aid bir sənəd Türkiyədə soyad qanununa görə Qaraçanta familiyasını qəbul edən irəvanlı Heydər Abbas oğlu Haqverdiyevlə bağlıdır. Bu bəlgəyə görə Qarsın Bülbül məhəlləsində yaşayan Heydər Qaraçanta Gümrü qəzasının Ağbaba nahiyəsinin Qaraçanta kəndində yaşayıb. O, 1928-1929-cu ildə İrəvandakı Nəriman Nərimanov adına türk pedaqoji texnikumunu bitirib.

22 noyabr 1939-cu ilə aid bir sənəddə Iğdırda su işləri məmuru olaraq çalışan Rza Yalçın adlı şəxslə bağlı məlumat verilib. Sənəddən məlum olur ki, İrəvanda yaşayarkən İsmixanov soyadını daşıyan Rza bəy 1920-ci ildə İrəvan Gimnaziyasını bitirib və 312 nömrəli lisey şəhadətnaməsi əldə edib. Bəlgəyə görə Rza bəy bir müddət İranda da mühacir həyatı yaşayıb.

İstanbul və Qarsda dəfn edilən irəvanlılar

İstanbulda Seyid Əhməd dərəsi məzarlığında və Qarsdakı Yeni məhəllə Əsri məzarlığında mühacir irəvanlılara aid məzarlar mövcuddur. Bu iki məzarlıqda apardığımız tədqiqatlar nəticəsində dəfn edilənlərin bəzilərinin siyahısını hazırlamışıq.

Seyid Əhməd dərəsi məzarlığında dəfn olunan irəvanlılar bunlardır:

Tahir Mehmandarlı (1918-03.04.1977, Türkiyədə müxtəlif yerlərdə ağır cəza hakimi olaraq çalışıb)

Çobankərəli Cəfər oğlu Həsən (1314-1976)

Çobankərəli Qazaxlardan Əli oğlu Cəfər Baykan (1862-28.06.1977)

İrəvan qəmərlilərindən Hacı İbrahim Novruz xan (1891-11.03.1971)

İrəvan qəmərlilərindən Hacı İbrahim Novruz xanın oğlu Mehmet Teyfik (05.06.1924-11.09.1993)
İrəvanlı Ağa qızı Zəliha Temel (1338-1986)

İrəvanlı Ağbaba oğullarından Əbdülhüseyn Temel (1326-09.12.1982)

İrəvanlı Əli Əkbər qızı Xədicə Okçuoğlu (1896-1988)

İrəvanlı Mehmet oğlu Əli Aslan (27.04.1923-26.07.1976)

İrəvanlı Mehmet Zəngi (1899-26.02.1967)

Rəvanlı Zeynalabidin Qazax (1900-1971)

Seyid Əhməd dərəsi məzarlığında gəzərkən təsadüfən iki məzar arasında torpağa batmış və yox olmaq üzrə olan məzar daşınının torpaq dolu üst təbəqəsini təmizlədikdən, su ilə yuduqdan sonra bu yazını oxuya bilmişdik:

“Huvel Baki.

Zair bu mezar bir abide-i yesi kederdir.
Bir genc güzelin göz yumarak yattığı yerdir.
Bir gönçe iken açmadı bir gün soluverdi.
Anne-babanın matemi ta göğlere erdi.

Tevellüdü 1907. Azeri Türk mühacirlerinden erivanlı Celil mahdumu nakam Asger efendinin ruhuna fatiha”.

İtmək üzrə olan bu məzar da irəvanlı bir mühacirin oğluna aid imiş.

Qarsda dəfn olunan bəzi irəvanlılar:

İrəvan mühacirlərindən Qəmbər oğlu Əli Əkbər Akkuş
Rəvan mühacirlərindən Əli oğlu Rza Sadak (1295-1963)
İrəvan mühacirlərindən Məmməd qızı Tükəzban Aşkın (vəfatı 1969)
İrəvan mühacirlərindən Əhməd oğlu Həsən Aşkın (vəfatı 1963)
Gümrü mühacirlərindən Məşədi Məhərrəm qızı Leylan (1307-17.06.1965)

Qarsdakı bu məzarlıqda Güllübulaq, Gözəldərə, Molla Musalı, Qarakilsə kimi kəndlərin adları yazılan, eləcə də Gümrüdən olduğu qeyd olunan xeyli məzarlar da mövcuddur. Ehtimal ki, onlar da Qərbi Azərbaycanın kəndlərindən Qarsa köçən şəxslərə aiddir. Bu məzarlıqda irəvanlı seyidlərə aid də qəbirlər mövcuddur. İrəvanlı axund Hacı Axund Malik Məhəmməd İşıqlının (1889-1979), Eşnək seyidlərindən Mirhəşim oğlu Hacı Mirqasım Erdemin (1327-25.05.1971) də son mənzilləri həmin məzarlıqdır.

Nəticə olaraq qeyd edək ki, Qərbi Azərbaycan bölgəsindən Türkiyəyə olan köçlər ayrıca bir tədqiqat mövzusudur, geniş araşdırılmalı, Türkiyə arxivlərindəki bütün sənədlər tədqiqata cəlb edilməlidir.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər