Məktəblilər arasında Vətən Müharibəsi Qəhrəmanlarının tanıdılması ilə bağlı növbəti tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, Qaradağ rayonunun Qobu qəsəbəsində fəaliyyət göstərən Cəbrayıl rayon 1 saylı tam orta məktəbdə keçirilən görüş “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində baş tutub. Tədbirdə məktəbdə təhsil alan 50 şagird iştirak edib.
Tədbiri giriş sözü ilə açan Cəbrayıl rayon 1 saylı tam orta məktəbin direktoru Şahnazxanım Şükürzadə şagirdlərin vətənpərvərlik ruhunda böyümələri üçün həyata keçirilən tədbirlərdən danışıb. İşğaldan azad olunan ərazilərimizə qayıdacaq şagirdlərin vətənpərvər böyüməsinin vacibliyini qeyd edən Ş.Şükürzadə Vətən Müharibəsi qaziləri ilə əyani görüşlərin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
Daha sonra çıxış edən “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin sədri Gülsarə Həsənova layihə barədə məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra olunur. Bu layihənin icrasında əsas məqsədimiz Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı məlumat hazırlayıb Şərqi Zəngəzur məktəblərində və sosial mediada təbliğ etməklə torpaqlarımızı işğaldan azad edən qəhrəmanları gənc nəslə tanıtmaqdır. Vətən müharibəsi qəhrəmanları ilə orta məktəb şagirdlərinin görüşünü təşkil etməklə həm zəfər tariximizi orta ümumtəhsil müəssisələrində təbliğ etmək, həm də şəhid olan Vətən Müharibəsi Qəhrəmanlarının döyüş yolu barədə gənc nəsli məlumatlandırmağı nəzərdə tuturuq.
Bu gün Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Füzulidən Şuşayadək döyüş yolu keçən Cavid Həsənov sizlərə Azərbaycan ordusunun torpaqlarımızın işğaldan azad edilməsi uğrunda apardığı əməliyyatlarda göstərdikləri qəhrəmanlıqlardan danışacaq. Vətən Müharibəsi Qəhrəmanı adı ilə təltif olunan döyüş yoldaşlarının keçdiyi döyüş yolu ilə bağlı qəhrəmanlıq dastanını qazimizin öz dilindən eşidəcəksiniz. Dörd il öncə həyacanla rayonlarımızın, kəndlərimizin işğaldan azad olunma xəbərini həyacanla gözlədiyimiz bu günlərdə, indi zəfər günlərimizi qeyd edirik. Bu zəfəri bizə yaşadan qəhrəmanları daim yad etmək, onların döyüş yollarını öyrənmək isə bizlərin borcudur”.
Daha sonra torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan Vətən Müharibəsi Qəhrəmanları barədə hazırlanan videorolik nümayiş etdirilib.
Daha sonra şagirdlər qarşısında çıxış edən Vətən Müharibəsi qazisi, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Şuşayadək döyüş yolu keçən Cavid Həsənov torpaqlarımızın azadlığı uğrunda canından keçən döyüş yoldaşları barədə məlumat verib: “Bir az öncə izlədiyiniz videoda şəhid olan Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı məlumatı və onların fotolarını gördünüz. 44 günlük Vətən Müharibəsi zamanı ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı göstərdiyi qəhrəmanlıq nümunəsinə görə isə 83 nəfərə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.
“Vətən Müharibəsi Qəhrəmanı” adı verilən hərbçilərimizin 34 nəfəri döyüşlərdə şəhid olub, 49 nəfər isə salamatdır. Həmin Vətən Müharibəsi Qəhrəmanlarının bir çoxu ilə çiyin-çiyinə döyüşmüşük. Vətən Müharibəsi Qəhrəmanı, polkovnik-leytenant Ramiz Cəfərov mənim komandirim olub. Azərbaycan ordusunu Şuşayadək aparıb çıxaranlardan biri də polkovnik-leytenant Ramiz Cəfərov idi. Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı, Zəngilan və Şuşanın azadlığı uğrunda aparılan döyüşlərdə fəal iştirak edən qəhrəman zabitimizin sonuncu döyüşü Şuşa uğrunda oldu. Ramiz Cəfərov 2020-ci il noyabrın 6-da Şuşa şəhəri uğrunda aparılan döyüşlər zamanı qəhrəmanlıqla döyüşərək şəhid oldu. Polkovnik-leytenant Anar Əliyev, Kapitan Rəşad Abdullayev, Mehrab Niftəliyev, Elmar Vəliyev, Camal İsmayılov, Sübhan Cəbrayılovun döyüş əməliyyatlarında göstərdikləri qəhrəmanlıqların şahidi olmuşam. Onlar Vətənimizi canlarından əziz tutaraq torpaqlarımızın azadlığı uğrunda şəhid oldular. Vətən Müharibəsi Qəhrəmanlarından bəziləri bu gün də Vətənə xidmətini davam etdirir. Bəzi qəhrəmanlarımız isə öz qanları ilə bir tarix yazırdılar”.
Cavid Həsənov daha sonra digər döyüş yoldaşlarının qəhrəmanlığından danışıb. Cavid Həsənov Vətən Müharibəsi Qəhrəmanları polkovnik-leytenant Əliyev Anar Vaqif oğlu, kapitan Abdullayev Rəşad Arif oğlu, baş gizir Cəbrayılov Sübhan Rahim oğlu, baş gizir İsmayılov Camal Vidadi oğlu, baş gizir Niftəliyev Mehrab Söhrab oğlu və gizir Əsgərli İntiqam Bayram oğlunun real döyüş əməliyyatlarında qəhrəmanlıqları barədə məlumat verib.
Daha sonra Vətən Müharibəsi qazisi Cavid Həsənov məktəblilərin suallarını cavablandırıb.