Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin Teleqraf.com-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında müşahidə olunan qeyri-sabit hava şəraiti oktyabrın 22-dək davam edəcək. Bəzi yerlərdə ara-sıra yağış yağacağı, yarımadanın bəzi hissələrində isə leysan xarakterli yağışlar və şimşək çaxacağı ehtimal olunur.
Oktyabrın 22-si gündüz saatlarından etibarən yağıntılar tədricən kəsiləcək. 23-24 oktyabr tarixlərində isə Bakı və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Havanın temperaturu oktyabrın 22-də 13-15, 23-də 12-17, 24-də isə 15-17 dərəcə isti olacaq.
Respublikanın bölgələrində qeyri-sabit hava şəraiti oktyabrın 23-ü səhərədək davam edəcək. Bəzi yerlərdə ara-sıra yağıntılar, şimşək çaxması, ayrı-ayrı bölgələrdə isə leysan xarakterli yağışlar və dolu düşəcəyi ehtimal edilir. Dağlıq ərazilərdə qar yağması gözlənilir. Aran rayonlarında havanın gündüz temperaturu 13-17, dağlıq bölgələrdə isə 5-9 dərəcə isti olacaq.
Hidrologiya Mərkəzindən bildirilib ki, yağıntılar və qeyri-sabit hava şəraiti kənd təsərrüfatına müxtəlif təsirlər göstərə bilər: “Aran bölgələrində yağıntılar torpağın suvarma ehtiyacını qismən ödəsə də, leysan xarakterli yağışlar və dolu bəzi yerlərdə məhsul itkilərinə səbəb ola bilər. Xüsusən də pambıq, meyvə və tərəvəz sahələrində məhsulların zədələnməsi ehtimalı artır. Dağlıq bölgələrdə yağan qar isə heyvandarlıq və maldarlıqla məşğul olan fermerlər üçün çətinliklər yarada bilər, çünki otlaq sahələri müvəqqəti olaraq istifadəsiz hala gələ bilər”.
Yağıntılar nəticəsində daxili və sərhəd çaylarında, o cümlədən Kür, Araz və Qanıx çaylarında suyun səviyyəsinin artması müşahidə olunub. Xüsusən də dağlıq ərazilərdə yağan qar və leysan xarakterli yağışlar çayların sululuğunun artmasına səbəb olub. Payız mövsümünün başlanması ilə çaylarda daşqınların baş verməsi gözlənilir. Bu hal, kənd təsərrüfatı sahələrində eroziya və torpaq sürüşmələri riskini artırır, xüsusilə meyvə bağları və əkin sahələri üçün ciddi təhlükə yarada bilər.
Lənkəran-Astara bölgəsində yağıntılar nəticəsində çaylarda sel keçməsi ehtimalı daha yüksəkdir. Belə vəziyyət fermerlər üçün məhsulun su altında qalması və infrastruktur ziyanı ilə nəticələnə bilər.
Asif Verdiyev bildirib ki, Azərbaycan ərazisində qeyri-sabit hava şəraitinin vaxtında proqnozlaşdırılması və mümkün təbii fəlakətlərin qarşısının alınması üçün Milli Hidrometeorologiya Departamentində erkən xəbərdarlıq sistemi yaradılıb: “ Bu sistem çaylarda və digər riskli ərazilərdə daşqın və sel təhlükəsini vaxtında müəyyənləşdirərək müvafiq qurumlara məlumat verir. Göygöl və Şamaxı rayonlarında quraşdırılmış doppler radarlar vasitəsilə hava şəraitinə nəzarət edilir və avtomatik stansiyalardan alınan məlumatlar mütəmadi olaraq analiz olunur. Bu məlumatlar əsasında hazırlanmış xəbərdarlıqlar aidiyyəti qurumlara göndərilir ki, vaxtında tədbir görsünlər”.
Uzunmüddətli yağışlar kənd təsərrüfatı işlərinin düzgün planlaşdırılmasını tələb edir. Müvafiq qurumlar fermerlərə məsləhət verərək, yağıntıların təsirini minimuma endirmək və məhsullarını qoruya bilmələri üçün qabaqlayıcı tədbirlər görməyi tövsiyə edirlər.