12:16
12 Punto 14 Punto 16 Punto 18 Punto

"COP29 turizm sektorunun qlobal iqlim gündəminə daxil edilməsi ilə tarix yazır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Ümumdünya Turizm Təşkilatının (UNWTO) Baş katibi Zurab Pololikaşvili COP29 çərçivəsində təşkil olunmuş Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə nazirlərin birinci görüşündə söyləyib.

Pololikaşvili qeyd edib ki, bu tədbirin Bakıda keçirilməsi həqiqətən tarixi addımdır:

"Azərbaycanı, bütün regionu və dünyanı bu mühüm tədbirin burada təşkil olunması münasibətilə təbrik edirəm. COP29 ilk dəfədir ki, burada keçirilir və biz bilmirik ki, növbəti 10 və yaxud 20 ildə bu bölgəyə yenidən gələcəkmi? COP tarixində ilk dəfə olaraq turizmlə bağlı məsələlər gündəmə daxil edilib. Bu hadisənin Azərbaycanda baş verməsindən çox məmnunam, çünki bu, böyük və vacib bir ənənənin başlanğıcıdır".

O, ilk dəfə 4 il əvvəl Qlazqoda keçirilən COP tədbirində iştirak etdiyini və orada təşkilatın üzvlərinə iqlim dəyişikliyinə qarşı mübarizədə həllin bir hissəsi olmaq imkanı təqdim etdiyini xatırladıb:

“Bu günə qədər 800 imzalanma var və biz işimizi davam etdiririk. Bunun kifayət olmadığını bilirik, lakin addım-addım irəliləyirik. Əməkdaşlıq və birlik çox vacibdir. Sülh, iqlim dəyişikliyi və ərzaq tullantıları kimi məsələlərdə həmrəylik əsasdır".


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər