13 Mart 2015 20:22
893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 13-də Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Nəqliyyatda fövqəladə halların xəbərdar ediməsi və nəticələrinin aradan qaldırılması” mövzusunda beynəlxalq videokonfrans keçirilib.

Videokonfransda Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə yanaşı, Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyi Fövqəladə Hallar Komitəsinin Kokşetau Texniki İnstitutunun və Belarus Respublikası Fövqəladə Hallar Nazirliyinin İxtisasartırma və Yenidənhazırlama İnstitutu, Komanda-Mühəndislər İnstitutu və Rusiya Federasiyası Volqa Su Nəqliyyatı Akademiyasının Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun mütəxəssisləri iştirak ediblər.

Beynəlxalq videokonfrans inzibati binasının açılışı mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgədə öz yeri olan və ən müasir texnologiyalarla təchiz olunmuş mühüm tədris müəssisəsi adlandırdığı Fövqəladə Hallar Nazirliyinin Akademiyasının konfrans zalında keçirilib.

Akademiyanın rəisi general-mayor Pənah Süleymanov videokonfransın açılışında deyib ki, ən son texnologiyaların tətbiqi ilə reallaşdırılan bu ilk videokonfrans, eyni zamanda, əməkdaşlığın daha da gücləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Kokşetau Texniki İnstitutunun rəisi Sırım Şaripxanov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyası ilə keçirilən bu videokonfransda müzakirəyə çıxarılmış mövzunun əhəmiyyətindən bəhs edib.

Videokonfrans vasitəsilə keçirilən seminarda çıxış edən Komanda-Mühəndislər İnstitutunun nümayəndəsi Sergey Botian, Kokşetau Texniki İnstitutunun şöbə rəisi Arman Kusainov, Azərbaycan FHN-in Akademiyasının fakültə rəisləri Elçin Mahmudov və İlqar Dadaşov, Xəzər Dəniz və Çay Nəqliyyatı İnstitutunun idarə rəisi Maksim Bodnya və digər natiqlər nəqliyyatın müxtəlif sahələrində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məsələləri ilə bağlı məruzələr təqdim ediblər.

Çıxışlarda, həmçinin, Azərbaycan, Qazaxıstan, Rusiya və Belarusun uyğun qurumları arasında səmimi əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi üçün bu tip tədbirlərin əhəmiyyəti də vurğulanıb.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər