18 Mart 2015 12:14
1 454
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist İlham Qəhrəman bu günlərdə redaksiyamızın qonağı oldu. Bildirdi ki, qardaşı Elxan Qəhrəmanov Laçın rayon Sus kəndindən məcburi köçkündür, birinci qrup əlildir, yataq xəstəsidir. Şair qardaşının mənzil şəraitinin dözülməz olduğunu bildirdi, dövlət orqanlarından yardım istədi.

Dünən Elxan Qəhrəmanovun ailəsinə baş çəkdik. Sabunçu rayonu Nəsib Məlikov küçəsi-22, mənzil 5-də qohumunun təmirsiz, uçuq-sökük evində məskunlaşan 4 nəfərlik ailənin yaşayış vəziyyəti ilə biz də maraqlandıq.

Qohum evinə sığınmaq xəcaləti...

Elxan Qəhrəmanov dedi ki, 1992-ci ildə Laçın rayonu işğal olunduqdan sonra ata-anası ilə birgə Bakı şəhəri Səbayel rayonunda qohumunun mənzilinə qeydiyyata düşüb. Darkeş mənzilə bir neçə ailənin yerləşməsi mümkünsüz olduğu üçün onlar Binəqədi rayonu Sumqayıt yolu-2 ünvanında, yol idarəsinin 5 mərtəbəli inzibati binasında məskunlaşıblar.

Məcburi köçkün həyatı zamanı 3 dəfə müəyyən səbəblərdən ağır xəsarət alan Elxan Qəhrəmanov hazırda dağınıq skleroz diaqnozu ilə I qrup əlildir. Əlilliyi ilə əlaqədar həmin binanın 4-cü mərtəbəsinə qalxıb-enmək onun üçün çətinlik törətdiyindən 2008-ci ildə yaxın qohumu faktiki yaşadığı ünvanda Elxanın həyat yoldaşı və övladlarına sığınacaq verib.

"Görəsən, bizim də adımız ev verilənlər siyahısında olacaqmı?"

Həyat yoldaşı Xalidə Behbudova dedi ki, çilingərlik sənəti olan Elxan Qəhrəmanov bir dəfə işi ilə əlaqədar, digər bir vaxtda isə yol qəzasında ağır xəsarət alıb. 2006-cı ildə səhhətində baş verən ağırlaşma hallarına görə həkimlər ona dağınıq skleroz diaqnozu ilə birinci qrup əlillik dərəcəsi verib.

Aldığı beyin travması ilə əlaqədar Elxan Qəhrəmanovun kənar şəxsin yardımına və qulluğuna ehtiyacı var, yaşadıqları sığınacaqdakı şəraitsizlik səhhəti ağır vəziyyətdə olan həyat yoldaşının sağlamlığına daha pis təsir edir: "Özünüz də şahidsiniz ki, mənzil necə darısqaldır. Tavan uçub tökülür, yağış yağanda bilmirəm hara qab-qacaq qoyum ki, ev gölməçə olmasın. Gün üzü görmədiyimizə görə hamımız revmatizmdən əziyyət çəkirik.

Ev təmirsizdir deyə qışda soyuqdan donuruq, yayda istidən yanırıq. Özüm də bu yaxınlarda əməliyyat olunmuşam, Elxana arxa-dayaq olmaq gücüm qalmayıb. Uşaqlardan biri 12, o biri 10 yaşındadır. Həm onların məktəbə getməsi üçün, həm də Elxan pilləkənlə enib-qalxa bilmədiyinə görə qaynıma minnətdarlıq edirəm ki, bizi bura köçürdü. Amma qohum evində nə qədər qalmaq olar?

Bu sıxıntı da Elxanın səhhətinə pis təsir edir. Bu darısqal, rütubətli, uçuq-sökük yerdə uşaqların dərs öyrənmələri olduqca çətindir. Ona görə də məcburi köçkünlərə ev veriləndə qulağım səsdə olur. Düşünürəm, görəsən, bizim də adımız nə vaxtsa bu siyahıda olacaqmı?"

Elxan Qəhrəmanov dedi ki, yaşadıqları faktiki ünvan 1896-cı ildə Nobel qardaşları tərəfindən inşa olunub. Ərazidəki bu tipli yerlər vaxtilə fəhlə barakı, at damı kimi tikilib. İstifadə müddəti çoxdan başa çatan sığınacaq gün üzünə həsrət olduğuna görə, yəqin ki, "gün girməyən evə, həkim girər" misalı bu sakinlərin həyat tərzinə çevrilib.

Mənzil növbəsinə ömrü yetərmi?

Elxan Qəhrəmanov müvəqqəti yaşayış yeri ilə təmin olunmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Heydər Əliyev Fonduna məktubla müraciət edib: "Axırıncı məktubu ötən il yazmışam. Məktubun ünvanına çatması ilə bağlı bildiriş də almışam.

Mən efirdən də eşitmişəm, qəzetlərdən də oxumuşam ki, bütün məcburi köçkünlər mənzillə təmin olunacaq, amma bu təminat öncə yataqxana, uşaq bağçası və bu kimi bir ərazidə toplu halında məskunlaşanlara şamil olunacaq. Mənim səhhətim isə imkan vermir ki, belə şəraitdə nə vaxtsa bizim ailəyə də şamil olunacaq mənzil növbəsindən yararlana bilim. Övladlarım azyaşlıdır, belə vəziyyətdə ömür nə qədər vəfa edəcək bilmirəm..."

"Əli Həsənovun dəstəyinə çox ümidliyəm"

Elxan Qəhrəmanov Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Məskunlaşma, miqrasiya və məşğulluq məsələləri üzrə şöbəsinin müdiri Sənan Hüseynovla əlaqə saxladığını da bildirdi: "Çox sağ olsun Sənan müəllimi, mənə çıxış yolu göstərdi. Dedi ki, "Qaçqınkom"un sədri Əli Həsənov hər ayın 15-də komitədə, hər ayın 10-də isə Nazirlər Kabinetində vətəndaşları qəbul edir. Təkbaşıma qəbula düşməyimə səhhətim imkan vermir. Qohumların köməyi ilə Əli müəllimin qəbuluna yazılmaq niyyətindəyəm. Çox ümidliyəm ki, hörmətli Əli müəllim məni dinləsə, normal yaşayış yeri ilə təmin olunmağıma kömək edəcək".

Köçürülmə hələlik ictimai binalarda aparılır

Sənan Hüseynovla biz də əlaqə saxladıq. Şöbə müdiri dedi ki, kirayədə, fərdi evlərdə məskunlaşmış məcburi köçkünlərin də mənzillə təmin olunması nəzərdə tutulub, amma bu prosesə nə vaxta başlanacağı məlum deyil. Hazırda komitə "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq yaşayış üçün yararlı olmayan ictimai binalarda məskunlaşmış köçkünlərin mənzil təminatını həyata keçirir.

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas İradə Cavadovanın sözlərinə görə, Prezidentin sərəncamı ilə qəbul edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nda göstərilib ki, hər bir məcburi köçkün normal yaşayış şəraiti ilə təmin edilməlidir: "Vətəndaş məcburi köçkün kimi hansı ünvana qeydiyyatdadırsa, o ünvanın icra hakimiyyətində qaçqınlar və məcburi köçkünlərlə iş üzrə şöbənin siyahısında özünün və ailə üzvlərinin adını daxil etdirməlidir və məcburi köçkün kimi mənzil qeydiyyatına dayanmalıdır.

Uzun illər qohum evində sığınacaqda qalmaq əlbəttə ki, mümkün ola bilməz. Prezidentin sərəncamı bütün məcburi köçkünlər üçün keçərlidir. Vətəndaşın probleminin həlli üçün hüquqi baxımdan hər hansı bir çətinliyi varsa, bizə müraciət edə bilər".

Sevil


Müəllif:

Oxşar xəbərlər