18 Mart 2015 13:52
680
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev martın 18-də İmişli şəhərində yerləşən Heydər Əliyev Mərkəzində məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirib.

Teleqraf.com-un məlumatına görə, DSMF sədrinin qəbuluna gələn İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayonlarının sakinləri əsasən pensiya təyinatı, əmək pensiyası növünün dəyişdirilməsi, pensiyaların yenidən hesablanmasının bir sıra hüquqi aspektləri, o cümlədən başqa dövlətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsi kimi məsələlərlə bağlı müraciət ediblər. Görüş zamanı həmçinin, əyani təhsil müddətinin staja daxil edilməsi, dövlət qulluqçusu kimi pensiya təyin olunması və digər məsələlər barədə çoxsaylı təklif və şikayətlər dinlənilib.

Vətəndaşların rahatlığının təmin olunması məqsədilə DSMF-nin sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb-gətirilmələri təmin olunub.

Fondun məsul əməkdaşlarının və İmişli, Saatlı, Sabirabad, Cəbrayıl, Beyləqan, Xocavənd və Füzuli rayon şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə DSMF-nin sədri Elman Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib. Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.

Qəbulda iştirak edənlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən mütəmadi olaraq bölgələrdə vətəndaşların qəbulunun təşkilindən razı qaldıqlarını vurğulayaraq, pensiyaçılara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildiriblər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər