30 Mart 2015 16:26
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) sosial cəhətdən həssas əhali qruplarına sosial xidmətlərin təşkili, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, əmək siyasəti və digər sahələrdə görülən işlərə və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov iclası giriş sözü ilə açaraq, sosial xidmət sisteminin təkmilləşdirilməsinə şərait yaradıldığını vurğulayıb: “Ölkəmizdə “Sosial xidmət haqqında” Qanuna uyğun olaraq, sosial xidmətlərin göstərilməsi ixtisaslaşmış vətəndaş cəmiyyətləri ilə birgə təşkil olunur. Ötən il nazirliyin sosial xidmətlər üzrə elan etdiyi müsabiqələrdə 28 QHT qalib gəlib. Ümumilikdə keçən il QHT-lər tərəfindən 31 layihə icra olunub ki, onlardan 30-u bilavasitə xüsusi qayğıya ehtiyac duyan uşaqlarla bağlı olub. Həmin layihələr üzrə ümumilikdə 1933 nəfər sağlamlıq imkanları məhdud və ya çətin həyat şəraitində olan uşaq sosial xidmətlərlə təmin olunub. Həmçinin icra olunan layihələr çərçivəsində ölkənin 11 rayonunda günərzi qayğı mərkəzləri yaradılıb. Könüllülər də daxil olmaqla 140 nəfərin çalışdığı bu mərkəzlərin sosial xidmət göstərdikləri 330 nəfərdən çox uşağın 20 faizi sağlamlıq imkanları məhdud uşaqlar olub”.

Səlim Müslümov bildirib ki, daha bir layihə əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara diqqət və qayğının artırılması, onların cəmiyyətə inteqrasiyası məqsədi ilə təbliğat kampaniyasının təşkilinə aid olub. Bu layihə çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkəti tərəfindən əlilliyi olan şəxslərlə bağlı xüsusi verilişlər hazırlanaraq yayımlanıb.

Nazir bildirib ki, bütün bu layihələrin icrası formal xarakter daşımamalı və cəmiyyət bunun nəticələrini görməlidir: “Hazırda ixtisaslaşmış QHT-lər tərəfindən göstərilən bu sosial xidmətlərin keyfiyyətinin, səmərəliliyinin və ünvanlılığının ölçülməsi üçün mütərəqqi standartlar əsasında monitorinq və qiymətləndirmə sisteminin yaradılması vacib məsələlərdən biridir. Bununla əlaqədar qabaqcıl dünya təcrübəsi əsasında, beynəlxalq ekspertlərlə birgə qeyd olunan standartların hazırlanmasına başlanıb. Eyni zamanda, cari ilin may-iyun aylarında Avropa İttifaqının “Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı” Tvinninq layihəsinin icrasına başlanacaq. Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacaq bu layihə ölkəmizdə sosial xidmətlərin təkmilləşdirilməsi üçün həmin ölkənin qabaqcıl təcrübəsindən istifadəyə şərait yaradacaq”.

İclasda ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi Çingiz Əliyev ötən il nazirliyin sosial sifarişlər üzrə müsabiqələrində qalib gəlmiş layihələrin icrasının nəticələri ilə bağlı məlumat verib. Sosial xidmətlər üzrə layihələri icra edən ayrı-ayrı QHT-lərin rəhbərləri sosial sifarişlər üzrə müsabiqələrin nəticələrinə dair xüsusi təqdimatlarla çıxış ediblər, ayrı-ayrı təkliflər səsləndiriblər. Vurğulanıb ki, ƏƏSMN-nin mərkəzi icra hakimiyyəti orqanı olaraq bu sahədə QHT-lərlə fəal əməkdaşlığı dövlət qurumları ilə vətəndaş cəmiyyətləri arasında fəal əməkdaşlığın bariz nümunəsidir. İclasda bu istiqamətdə görülən işlərin daha geniş şəkildə ictimaiyyətə çatdırılması üçün xüsusi bir konfransın keçirilməsi qərara alınıb.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər