30 Mart 2015 17:57
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tovuz şəhərində Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının sakinlərini qəbul edib.

Teleqraf.com xəbər verir ki, nazir qəbuldan öncə Tovuz rayonu ərazisindəki Göytəpə qədim yaşayış məskənində aparılan arxeoloji işlərlə tanış olub.

Qeyd edək ki, eramızdan əvvəl VI minilliyə aid edilən bu məkanda ölkə Prezidentinin sərəncamı ilə arxeoloji park yaradılır. Göytəpə neolit dövrü abidəsi bölgədə mədəni turizmin inkişafı baxımdan mühüm əhəmiyyət kəsb edir.

Daha sonra nazir Tovuz şəhərindəki Hüseyn Bozalqanlı adına Aşıq Sənəti Muzeyində aparılan yenidənqurma işləri ilə də tanış olub, müvafiq tapşırıqlar verib.

Mədəniyyət və Turizm Nazirliyi tərəfindən muzey üçün ikimərtəbəli, müasir standartlara cavab verən yeni bina inşa edilir. Nazir Tovuz rayon Tarix-Diyarşünaslıq Muzeyini, Qovlar şəhər Mədəniyyət evini, qala kompleksini ziyarət edib.

Tovuz şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən görüşdə vətəndaşların müxtəlif məsələlərlə bağlı təklif və şikayətləri dinlənilib.

Nazirliyin məsul işçilərinin də iştirak etdikləri qəbulda səslənən müraciətlər əsasən yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, ixtisaslı kadrlarla təmin olunması, tarix-mədəniyyət abidələrinin mühafizəsi, təmir-bərpası, kitabxana şəbəkəsinin təkmilləşdirilməsi, turizmin inkişaf etdirilməsi və s. məsələlərlə bağlı olub.

Həmçinin işlə təminat və digər sosial məsələlərlə bağlı müraciətlər olub. Görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, problemlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib.

Nazir jurnalistlərə müsahibəsində vətəndaşların təşəbbüskarlığını, mədəniyyət və turizm sahələrində problemlərə diqqət yetirməsini təqdirlə qarşıladığını deyib.

Turizmin inkişafı və tarix-mədəniyyət məkanlarının turizm marşrutlarına daxil edilməsi barədə müraciətlərə toxunan Əbülfəs Qarayev bu məsələlərə konseptual şəkildə baxıldığını və regionun turizm baxımından geniş potensialı olduğunu vurğulayıb.

Bildirilib ki, tarix-memarlıq abidələri və qədim yaşayış məskənlərinin müvafiq turizm marşrutları ilə əhatə olunması üçün əlavə tədbirlər görüləcək.

Bölgədə aşıq sənətinin də zəngin irsi olduğunu qeyd edən nazir bu xüsusda səslənən təkliflərin vacibliyini diqqətə çatdırıb.

Qeyd edib ki, Tovuz rayonunda aşıq sənəti muzeyi nazirlik tərəfindən yenidən qurulur. Ölkəmizin bu bölgəsi qədim saz-söz sənətimizdə xüsusi yeri olan sənətkarlar yetirib.

Nazir qəbulda səslənən bir sıra məsələlərin operativ şəkildə həll edildiyini, o cümlədən kitabxanaların yeni nəşrlərlə təminatı barədə müvafiq tapşırıq verildiyini bildirib.

Sosial məsələlərə dair müraciətlərin də diqqətdə saxlanılacağı və həlli ilə bağlı aidiyyəti təşkilatlara müraciət ediləcəyi qeyd olunub.

Qəbuldan sonra nazir Əbülfəs Qarayevin, nazirliyin məsul işçilərinin, Tovuz, Ağstafa, Gədəbəy, Qazax və Şəmkir rayonlarının mədəniyyət və turizm müəssisələri rəhbərlərinin iştirakı ilə müşavirə keçirilib.

Müşavirədən sonra Əbülfəs Qarayev Azərbaycan-Gürcüstan sərhədinə gedərək Qırmızı körpü tarixi abidəsi ətrafındakı vəziyyətlə tanış olub. Xramçay üzərindən salınmış Qırmızı körpü XII əsrə aid memarlıq nümunəsidir.

Nazir Qazax rayonundakı "Avey" Tarix-Mədəniyyət Qoruğu ərazisindəki Damcılı qədim yaşayış məskəninə də baş çəkib.

İLHAMƏ


Müəllif:

Oxşar xəbərlər