1 Aprel 2015 12:03
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kəmalə Ağazadə: "Biz internat üçün övlad yetişdirməli deyilik"

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşağına yaxşı baxmayan valideynin həbsini nəzərdə tutan təkliflər hazırlayıb. Komitənin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, Azərbaycanda övladına lazımi diqqət göstərməyən və öz vəzifələrinin öhdəsindən layiqincə gələ bilməyən valideynlərin azadlıqdan məhrum edilməsi təklif edilir: "Artıq komitə tərəfindən valideyn məsuliyyətinin artırılması və uşaqlardan sui-istifadə hallarının qarşısının alınması üçün verilən cəzaların sərtləşdirilməsi barədə təkliflər paketi rəy alınması üçün müvafiq qurumlara göndərilib. Təkliflər toplandıqdan sonra paket Nazirlər Kabinetinə təqdim ediləcək".

Valideyn məsuliyyətinin artırılmasını günün aktual məsələlərindən sayan Elgün Səfərov deyib ki, hazırda İnzibatı Xətalar Məcəlləsində valideyn məsuliyyətini tənzimləyən yalnız bir cəza növü var: "Bu cəza da valideynin 20 manatdan 40 manatadək cərimələnməsidir. Komitə valideyn məsuliyyətinin gücləndirilməsi üçün həmin məbləğin artırılmasını təklif etməklə yanaşı, bir çox sahələrdə də valideynlər üçün xüsusi məsuliyyət növlərinin müəyyənləşdirilməsini vacib sayır.

Uşaqlarını dilənçiliyə, küçə işlərinə cəlb edən, onları təhsildən yayındıran, eyni zamanda, uşağı ətraf mühitə, hər hansı əmlaka zərər vuran, yol hərəkəti qaydalarının pozulması hallarına görə günahkar olan valideynlərə də ayrı-ayrılıqda məsuliyyət növləri müəyyənləşdirilməlidir.

Əmlaka zərər vurma və digər hallarla bağlı ümumi normalar var. Amma valideyn övladını lazımi qədər tərbiyə etmirsə, ona qayğısını əsirgəyirsə, bütün bunlar həm Cinayət Məcəlləsində, həm də İnzibatı Xətalar Məcəlləsində xüsusi ağırlaşdırıcı hal kimi təsbit edilməlidir.

Bundan başqa, bəzən 5-8 yaşlı uşaq təkbaşına yol keçəndə müxtəlif yol-nəqliyyat hadisələri baş verir. Bu məsələdə də uşaq deyil, valideyn təqsirkardır. Çünki valideyn ona birbaşa nəzarət etməli və öz vəzifələrini həyata keçirməlidir. Belə valideynlər üçün ayrıca məsuliyyət növləri müəyyənləşdirilməlidir".

Komitə rəsmisinin sözlərinə görə, təmsil etdiyi qurum valideynlərə bəzi hallarda müvəqqəti olaraq azadlıqdan məhrumetmə cəzası kəsilməsini də təklif edir: "Uşaq təhsildən yayındıqda yalnız məktəb direktoru məsuliyyət daşımalı deyil. Övladının təhsildən yayınmasında valideynin günahkarlıq dərəcəsi müəyyənləşdirilməlidir. Bu zaman tətbiq edilən cəza yalnız maddi cərimə ilə məhdudlaşmalı deyil. Bəzi hallarda valideyn müvəqqəti olaraq, bir neçə sutkalıq azadlıqdan məhrum da edilə bilər".

Elgün Səfərov qeyd edib ki, Avropa İttifaqının qaydalarına görə, avtomobilində uşaq sərnişin daşıyan və maşının arxa hissəsində uşağa görə xüsusi nişan yerləşdirməyən valideynlər cərimələnirlər. Komitə həmin qaydaların da Azərbaycanda tətbiqini təklif edir.

Komitə rəsmisinin sözlərinə görə, Azərbaycanda valideyn hüquqlarının məhdudlaşdırılması və valideyn hüququndan məhrum etmə ilə bağlı prosedurun təkmilləşdirilməsi də təkliflər paketində yer alır. O deyib ki, bu sahədə yerli icra hakimiyyəti orqanları və yerli polis şöbələrinin fəaliyyətində də islahatlar aparılmalıdır.

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, Dövlət Komitəsinin təkliflərindən qabaq ona zəmin hazırlanmalıdır. Birlik sədri hesab edir ki, dövlət himayədar ailələri stimullaşdırmalıdır: "Əvvəlcə dövlət himayədar ailələri ortaya çıxarmalı, həmin ailələrdə uşaqlar alternativ xidmətlərdən yararlanmalıdırlar. Əks halda valideynlər cəzalandırıldıqda uşağın vəziyyəti daha da pisləşə bilər.

Belə çıxır ki, yeni qanunla biz növbəti internat evləri üçün uşaqlar yetişdirəcəyik. Mən düşünürəm ki, əvvəlcə alternativ qayğı xidmətləri hazırlanmalı, himayədar ailələr, sosial iş institutu formalaşmalıdır. Yalnız bundan sonra belə bir qanun işlək ola bilər. Əks təqdirdə, verilmiş təklifləri özündə ehtiva edən qanun işlək mexanizmi olmayan qanunlar sırasında qalacaq".

Kəmalə Ağazadənin sözlərinə görə, rəhbərlik etdiyi qurumda hazırda 27 uşaq qalır. Onların arasında zorakılığa məruz qalan, valideyni tərəfindən imtina olunan, küçəyə atılan, istismarla üzləşən uşaqlar da var. Həmin uşaqlardan bir neçəsi məktəb yaşlıdır.

Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan Azərbaycan Uşaq Qaynar Xətt xidməti ilə əlaqə saxlayıb daxil olan müraciətlərlə maraqlandıq. Mərkəzin direktoru Günel Cabbarovanın sözlərinə görə, mərkəzə uşaqlara qarşı edilən zorakılıqla bağlı təkcə Bakıdan deyil, bölgələrdən də şikayətlər daxil olur: "Mərkəzimizin yarandığı 5 il müddətdə qaynar xətt xidmətinə on bir mindən çox müraciət edilib. Paytaxtla yanaşı, rayonlardan da müraciətlər olur. Uşaqlar əsasən zorakılığın müxtəlif növləri ilə - fiziki, psixoloji, cinsi, etinasızlıqla bağlı müraciət edirlər. Müraciət edənlər bu kimi halların zorakılıq olduğunu qəbul etməsələr də, daxil olan zəngləri araşdırarkən zorakılığın etinasızlıq növünə daha çox rast gəlinir. Valideynləri tərəfindən qayğıya ehtiyacı olan və diqqətdən kənarda qalan uşaq olurlar. Yeniyetmələr isə daha çox sevgi ilə bağı müraciət edirlər". Mərkəzin direktoru qeyd etdi ki, mərkəzdə ilkin olaraq daxil olan müraciət dinlənilərək araşdırılır, qiymətləndirmə aparılaraq problemin hansı sahəni əhatə etdiyi müəyyənləşdirilir: "Daha sonra problemdən asılı olaraq, psixoloq, hüquqşünas və ya sosial işçi tərəfindən telefon vasitəsilə yardım göstərilir. Telefon konsultasiyasına ehtiyac olan psixoloji narahatlıq qaynar xəttin psixoloqu tərəfindən analiz edilir, müəyyən psixoloji tapşırıqlar verilir və problemin aradan qaldırılmasına yardım olunur. Belə ki, zorakılıq faktı ilə zəng daxil olursa, müraciət edən şəxsin razılığı ilə Ümidli Gələcək Gənclər Təşkilatının xidmət mərkəzi olan Zorakılıq və Cinayətin Qurbanı olan Uşaqlar üçün Sosial Reabilitasiya Mərkəzinə yönləndirilir. Mərkəzin məlumatına görə, cinayət törətmiş və ya cinayət törətməyə meyilli uşaqlarla bağlı müraciət daxil olduqda, Ümidli Gələcək Gənclər Təşkilatının digər xidmət mərkəzi olan Uşaq və Gənclər üçün Sosial Reabilitasiya Mərkəzi və Uşaq Hüquqları Klinikasına yönləndirmə həyata keçirilir.

Psixoloq Narinc Rüstəmovanın sözlərinə görə, uşaqların üzləşdiyi şiddət onların həyatından travmasız ötüşmür: "Uşaqların döyülməsi çox vaxt valideynin psixoloji durumunadan asılı olur. Uşaq vaxtı döyülənlər gələcəkdə ailə başçısı olanda öz övladlarına eyni münasibəti göstərirlər. Bu günün uşağını döymək sabahın döyən valideynini yetişdirməkdir.

Fiziki zorakılığa məruz qalan uşaqların gələcək həyatında çox böyük problemlər olur. Onlar aqressivləşir, kobudluq göstərir, təhqiramiz sözlər işlədirlər. Valideyn başa düşməlidir ki, uşaq onun əşyası deyil. Onların borcu övladını yüksək səviyyədə tərbiyə verib cəmiyyətə çıxarmaqdır".

Narınc Rüstəmovanın dediyinə görə, içki içən valideynlər uşaqlarını daha çox şiddətə məruz qoyurlar: "Hətta bəzən şiddət nəticəsində uşaq həyatını itirir. Məsələni araşdıranda bəlli olur ki, bu, birinci fakt deyil, uşaq ailədə dəfələrlə şiddət görüb. Bunun üçün uşaqların haqları onlara öyrədilməlidir. Avropada belə bir qanun var ki, valideyn uşağı döyərsə, uşaq ondan alınır və o, dövlət himayəsinə götürülür. Bizdə dı belə bir qanunun qəbuluna ehtiyac var".

İlhamə


Müəllif:

Oxşar xəbərlər