Beynəlxalq təşkilatın ekspertləri Azərbaycanda 3 ali məktəbdə akkreditasiya aparır
Avropa Müstəqil Akkreditasiya Agentliyinin (ASIIN) ekspertləri Azərbaycandadır. Agentliyin ekspertləri ölkədə bir neçə ali məktəbdə təhsilin bakalavriat və magistratura pillələrində akkreditasiyaya hazırlığın vəziyyətini öyrənəcəklər.
Bu qurum 2013-cü ildən başlayaraq Dövlət Neft Akademiyasında (ADNA), Texniki Universitetdə və Sumqayıt Dövlət Universitetində ölkəmizdə texniki təhsilin Bolonya prosesinə uyğunlaşması yollarını göstərməyi nəzərdə tutan pilot xarakterli layihə icra edir.
ASIIN ekspertləri bu məqsədlə martın 31-də Texniki Universitetdə, aprelin 1-də isə Neft Akademiyasında olublar.
Texniki Universitetdə keçirilən görüşdə Təhsil Nazirliyinin nümayəndəsi Yaqub Məmmədov çıxış edərək bildirib ki, təmsil etdiyi qurum Azərbaycan təhsilinin dünyaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəssisələri ilə beynəlxalq əlaqələrin genişləndirilməsini və əməkdaşlığının inkişafını dəstəkləyir.
ADNA-nın mətbuat xidmətindən verilən məlumata görə, burada 3 ildir Avropa Birliyinin qrantı əsasında 3 ixtisas üzrə - “elektrotexnika mühəndisliyi”, “avtomatlaşdırma mühəndisliyi” və “enerji-menecment magistraturası ixtisasları üzrə tədris qurulub.
TEMPUS (European Mobility Programme for University Studies) beynəlxalq proqramına - yeni tədris planları, Avropadan müasir avadanlıqların alınması, müəllimlərin Avropanın bir sıra ölkələrində müəyyən kurs keçməsi və onların ADNA-da Avropa səviyyəsində tədrisə başlaması daxildir.
Avropa Müstəqil Akkreditasiya Agentliyinin mütəxəssisləri görülən işin nəticəsini müəyyənləşdirmək üçün ADNA-da həmin ixtisaslarda akkreditasiya aparıblar.
ADNA-nın mətbuat xidmətinin rəhbəri Tahirə Qafarlının sözlərinə görə, yeni tədris metodları Avropa standartlarına uyğun gəlsə, ali məktəbə müvafiq sertifikatlar veriləcək. Yəni sertifikatda ADNA müəllimlərinin Avropa standartlarına uyğun dərs tədris etmələri qeyd olunacaq.
Bir sözlə, akreditasiyadan keçən həmin ixtisasların diplomları Avropada tanınacaq.
Mətbuat xidmətinin rəhbəri bildirdi ki, ADNA-nın professor-müəllim heyətinin TEMPUS proqramı üzrə layihələrdə iştirakı onların elmi-pedaqoji potensialının artmasına, böyük təcrübə əldə etmələrinə zəmin yaradır. Bu proqramın yerinə yetirilməsi Azərbaycan təhsilinin dünyaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəssisələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsini və əməkdaşlığın inkişafını əsəs tutur. Burada Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşdırılmasının vacibliyi öz əksini tapır: “Neft Akademiyasının Avropa Birliyi ilə TEMPUS proqramı çərçivəsində əməkdaşlığı təhsil sistemindəki islahatlar proqramına uyğun olaraq başlayıb. Fransanın Sofiya-Antipolis və İtaliyanın Genuya universitetləri ilə birlikdə bu proqrama qrant ölkəmizdə ilk dəfə olaraq bizim ali məktəbdə magistr səviyyəsində yeni ixtisaslaşmanın yaradılması üçün ayrılıb.
Proses eyni zamanda Almaniyanın Zigen Universiteti, Polşanın Bıdqoş şəhərindəki Texnologiya və Həyat haqqında Elmlər Universiteti, Yunanıstan Afina Dövlət Texniki Universiteti ilə birlikdə başlayıb. Avropa standartlarına uyğun tədris planları əsasında aparılan təhsil fakültələrarası mahiyyət daşıyır. Neft Akademiyasında bu layihənin ofisi, kompüter şəbəkəsi, daxilində müasir tədris vasitələri və dərsliklər olan kitabxanası yaradılıb".
2010-cu ildən Neft Akademiyasında “Sənaye müəssisələri ilə əlaqələrin inkişafı üçün universitetlərarası innovasiya şəbəkəsinin yaradılması” adlı yeni TEMPUS layihəsi həyata keçirildiyini vurğulayan ADNA sözçüsü bildirdi ki, İsveçin Kral Texnologiya Universiteti, Neft Akademiyasının Avropa tərəfdaşlarının sırasında Almaniyanın Köln Tətbiqi Elmlər Universiteti də xüsusi yer tutur: “2006-cı ildə isə ali məktəbimiz Köln Tətbiqi Elmlər və Varşava Texnologiya universitetləri ilə birgə Avropa Birliyinin Təhsil və Mədəniyyət üzrə Komissiyasının keçirdiyi müsabiqənin qalibi olub və ”Neft sənayesi üçün enerji menecmenti üzrə magistr hazırlığı" adlı layihəni həyata keçirməyə başlayıb.
Nəticədə Azərbaycanda ilk dəfə sənaye müəssisələri üçün vacib olan bu ixtisaslaşma üzrə kadrların hazırlığı həyata keçirilir. Yeni ixtisaslar üzrə mütəxəssis hazırlığına cəlb olunmuş müəllimlər alman dili kursları keçib, Köln, Heerlen və Varşava universitetlərinə ezam olunaraq, öz peşə biliklərini artırıblar. Tərəfdaş ali məktəblərin nümayəndələri isə Bakıya gələrək, yeni ixtisasların açılması ilə bağlı yaranan problemlərin həllində bizə metodiki kömək göstəriblər.
Əməkdaşlığın davamı 2011-ci ildə yeni qrantın udulması ilə qeyd olunub. Bu dəfə Brüsseldə yerləşən Avropa Birliyinin Təhsil, Audiovizual vasitələr və Mədəniyyət üzrə İcraçı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan üçün mühəndis təhsilində tədris prosesinin Bolonya prosesinə uyğunlaşdırılması” TEMPUS layihəsi həyata keçirilir. İşin təşkilinə Köln Tətbiqi Elmlər, Varşava Texnologiya və Graz (Avstriya) Texniki Universitetləri ilə yanaşı Almaniyanın ASIIN Consult GmbH akkreditasiya agentliyi cəlb olunub.
Əsas məqsədi ali təhsildə mühəndislik və təbiət elmləri ixtisasları sahələrində yüksək standartların təmin edilməsindən ibarət olan bu təşkilat Azərbaycanın tərəfdaş universitetlərində tədris prosesi üçün keyfiyyətə təminat və attestasiya mərkəzlərinin qurulmasına dəstək verir".
Sevil Hilalqızı