Ötən gün Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ), Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan Bakı və Gəncə şəhərlərində “Gəncə 2016: Gələcəyə Baxış” forumunun mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən ARGTMŞ-nın baş katibi Seymur Hüseynov Forumun “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində keçirilməsinin xarici qonaqların bu barədə məlumatlılığının artırılmasına imkan yaratdığını qeyd edib: “Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi həm də tarixdə bir ilkdir. Çünki, ilk dəfədir ki, Avropa Birliyinin üzvü olmayan bir ölkənin şəhəri Avropa Gənclər Paytaxtı seçilir. Gəncə şəhərinin 2016-cı ilin Avropa Gənclər Paytaxtına namizədliyini verildiyi andan ARGTMŞ Gəncə şəhərinin Avropa Gənclər Paytaxtı seçilməsi ilə bağlı yaradılmış təşkilati komandanın işində yaxından iştirak edib, Avropa səviyyəsində bu prosesi dəstəkləyib.
Bu istiqamətdə bir sıra fəaliyyətlər həyata keçirilib ki, bu Forum da onlardan biridir. Forumun əlamətdar cəhətlərindən biri də “Bakı 2015” 1-ci Avropa Oyunları ərəfəsində baş verməsidir. Belə ki, Forumda 7 ölkənin gənclər təşkilatlarının nümayəndələri və fəalları, eyni zamanda Avropa Gənclər Forumunun nümayəndələri iştirak edir. Bu bizə imkan verir ki, “Bakı 2015” 1-ci Avropa Oyunları haqqında onları məlumatlandıraq və onların təşkilatlarında fəaliyyət göstərən minlərlə gəncin məlumat almasına imkan yaradaq.”
Konfransda çıxış edən, Moldova Gənclər Milli Şurasının prezidenti Doru Kroşu qeyd edib ki, Avropa Gənclər Paytaxtı titulu Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumu tərəfindən təsis olunub: “Titulun təsis olunduğu 2009-cu ildən bəri hər il 1 şəhər Avropa Gənclər Paytaxtı seçilir və 1 il müddətində bu şəhər Avropanın bir çox beynəlxalq tədbirlərinə ev sahibliyi edir. Bugünədək Rotterdam, Türin, Atverpen, Praqa, Maribo, Soloniki və Cluj-Napoka şəhərləri Avropa Gənclər Paytaxtı statusu qazanıblar. Gəncə şəhərinin 2016-cı ildə bu statusu qazanması isə şəhərin Avropa səviyyəsində tanınmasına böyük dəstək verəcək”.
Qeyd edək ki, tədbirdə Avropa Gənclər Forumunun nümayəndələri, bugünə qədər şəhərləri Avropa Gənclər Paytaxtı olmuş ölkələrin gənclər təşkilatlarının nümayəndələri və fəal gəncləri iştirak edəcəklər.
İLHAMƏ