15 Aprel 2015 14:10
558
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa Hərəkatı bəyanat verib, sülh çağırışı etdi

Ermənilərin 1915-ci ildə baş vermiş hadisələri “erməni soyqırımı” adı ilə dünya ictimaiyyətinə təqdim etməsi və 24 apreldə hadisələrin yüz illiyi olduğu üçün daha genişmiqyaslı təşviqata başlaması ilə bağlı Azərbaycan Avropa Hərəkatı bəyanat yayıb. Eyni zamanda Hərəkat soyqırım iddiasınından öz maraqları üçün istifadə edən və bununla da həyata keçirmək istədikləri sülh prosesinə zərbə vuranlara qarşı aksiya keçirəcək. 21 aprel saat 15:00-da Bakının fəvvarələr meydanında baş tutacaq dinc aksiya “soyqırım iddiası düşmənçilik yaradır!” şüarı ilə keçiriləcək.

Bəyanatı olduğu kimi təqdim edirik:
Azərbaycan Avropa Hərəkatı (AAH) öz prinsiplərini bütün xalqların milli maraqlarını özündə birləşdirən ümumbəşəri dəyərlər əsasında formalaşdırıb. Bu səbəbdəndir ki, biz sülhün bərqərar olması üçün aktiv fəaliyyət göstərməkdəyik. Beynəlxalq Avropa Hərəkatının Azərbaycan nümayəndəliyi olaraq “Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”nin barış yolu ilə tənzimlənməsi üçün həyata keçirilən layihələrin fəal tərəfdaşıyıq. Münaqişə nəticəsində ayrı düşən xalqların yaxınlaşması məqsədi ilə hərəkatımızın nümayəndələri bütün riskləri gözə alaraq Ermənistanda səfərdə olub və sülh çağırışı edib. Hərəkatımız ermənilərin, türkiyəlilərin, gürcülərin, azərbaycanlıların bir araya gəldiyi tədbirlər, görüşlər, layihələr edir.

Təəssüflə qeyd etmək istərdik ki, tarixi prosesləri siyasi ritorikaya daşıyan qüvvələr həyata keçirmək istədiyimiz barış prosesinə əngəl törədir. Əgər birinci dünya savaşı zamanı baş verənləri soyqırım kimi xarakterizə etsək, erməni xalqına qisasçılıq hissi aşılamış olarıq. Bu halda da regionda sabitlik mümkün olmayacaq. Biz tarixdə baş vermiş olayların tarixçilər tərəfindən araşdırılmasının, hüquqi qiymətin siyasilər tərəfindən deyil, dövlətlərin və ya maraq qruplarının yox, arxivləri təhqiq edən mütəxəssislər tərəfindən verməsinin tərəfdarıyıq. Əks təqdirdə soyqırım iddiası düşmənçilik yaradır, Ermənistan-Türkiyə sərhədlərinin bağlı qalmasına xidmət edir, münaqişədə maraqlı olan tərəflərin lehinə işləyir.

Dinlərin sülhə, insanlığın inkişafına, xalqların rifahına töhfə verməli olduğu halda din xadimlərinin tərəf kimi görünməsini təəssüflə qarşılayırıq, çünki Roma Papası I Fransis “erməni soyqırımı”nın XX əsrin ilk soyqırımı olduğunu bəyan etməsi fədakar sülhpərvər insanların fəaliyyətinə neqativ təsir göstərə bilər.

Biz sülhsevər insanları, barış naminə birləşməyə, tarixi hadisələrə deyil, gələcəyə istiqamətlənən mesajlar verməyə, insanlığın təntənəsi üçün dialoq istiqamətində fəaliyyətləri daha da genişləndirməyə çağırırıq. Hər kəsi 21 aprel saat 15:00-da Bakının fəvvarələr meydanında baş tutacaq və “soyqırım iddiası düşmənçilik yaradır!” şüarı ilə keçirəcəyimiz dinc aksiyaya dəvət edirik.


Sonda xatırladaq ki, bəyanat Avropa Birliyi, ABŞ, Vatikan və digər Qərb dövlətləri ilə yanaşı beynəlxalq təşkilatlara da göndərilib.


Müəllif:

Oxşar xəbərlər