Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan BMT-nin işgəncələrin qarşısının alınması üzrə alt komitəsinin rəhbəri Aişə Şujun Muhammədin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ombudsman Aparatından Teleqraf.com-a bildiriblər ki, işgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Mexanizm (MPM) funksiyalarını həyata keçirən müvəkkil MPM-in fəaliyyəti, görülmüş işlər, Milli Preventiv Qrupun saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, təhsil, səhiyyə və sosial obyektlərə həyata keçirdiyi başçəkmələr, bu sahədə qanunvericiliyə və müvafiq dövlət qurumlarına verilmiş təklif və tövsiyələr, hüquqi maarifləndirmə tədbirləri ilə bağlı məlumat verib.
Görüşdə MPM-in müsbət təcrübəsi və əməkdaşlığın perspektivləri müzakirə olunub.
Ombudsman nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb.
Sonda qonaqlara Azərbaycan MPM-nin fəaliyyətinə dair illik hesabatlar təqdim edilib.