17 Aprel 2015 12:16
10 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil eksperti: "İstedadlar yetişdirən məşğələləri canlandırmaq gərəkdir"

Hazırkı tədris planına uyğun olaraq təhsil proqramlarında dərs yükü ilə bərabər fakültətiv fərdi qrup məşğələləri və dərnəklər də nəzərdə tutulur. Ancaq həmin məşğələ və dərnəklərin səmərəsi haqda müsbət bir söz demək çətindir. Ekspertlərin fikrincə, sovet dövründə dərsdənkənar dərnəklərin uğurlu nəticələri olurdu. Məktəb direktorları valideyn və şagirdlərin istəyinə uyğun olaraq dərnəklərin profilini müəyyənləşdirirdi.

Müxtəlif sahələr üzrə - musiqi, dram, xor, ədəbiyyat, riyaziyyat, ekologiya dərnəkləri beləcə təşkil olunurdu.

Könüllü əsaslarla qurulan məktəbdənkənar təhsil

Bu sahədə indi vəziyyət necədir? Təhsil ekspertləri məktəbdənkənar təhsil müəssisələrinin əsas fəaliyyət istiqamətlərini 3 qrupa bölür ki, bura dərnək məşğələləri, mədəni-kütləvi tədbir, müsabiqə, idman yarışları və təlimati-metodiki işlər daxildir. Uşaqların maraq, meyl və bacarıqlarının, intellektual səviyyələrinin üzə çıxarılmasında, onların yaradıcılıq qabiliyyətlərinin inkişafında, fiziki cəhətdən sağlam böyümələrində məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti əlverişli hesab edilir.

Məktəbdənkənar təhsil könüllülük əsasında qurulur, ailə, təhsil müəssisələri, ictimai təşkilatlar, yaradıcılıq birlikləri, cəmiyyətlər, fondlar, əmək kollektivləri ilə birlikdə, həmçinin ayrı-ayrı vətəndaşların köməyi ilə aparılır.

Təhsil Nazirliyinin rəsmi saytında qeyd olunub ki, nazirliyin sistemində 350-dən çox məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Onların 90-dan çoxu uşaq yaradıcılıq mərkəzidir ki, bu mərkəzlərdə əsasən "Bacarıqlı əllər", "Bədii qiraət", "Rəsm", "Xalçaçılıq", "Dram", "Bədii özfəaliyyət", "Rəqs", "Gənc idmançılar", "Texniki estetika", "Xor", "Ağac üzərində oyma" və sair adlarda dərnəklər təşkil olunur.

Siyahı üzrə ölkədə 63 texniki yaradıcılıq mərkəzi, 54 ekoloji tərbiyə və təcrübəçilik mərkəzi, 66 uşaq-gənclər şahmat məktəbi, 10 gənc turistlər və diyarşünaslıq mərkəzi, 95 uşaq idman məktəbi fəaliyyətdədir.

Amma nədənsə bu mərkəzlərin real fəaliyyəti və həmin fəaliyyətin nəticələri barədə məlumat verilmir...

Formal xarakterli dərnəklər

Təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, hazırda dərnəklərin fəaliyyəti formal xarakter daşıyır. Sovet dövründə Bakıda məktəbdənkənar müəssisələrin fəaliyyətinə diqqət çəkən ekspert dedi ki, Yuri Qaqarin adına Mərkəzi Pionerlər Sarayı vaxtilə xeyli istedadlar yetişdirib: "Dram, xor, ədəbiyyat, texniki təmayüllü fənlər üzrə fəaliyyət göstərən dərnəklərin istedadlı yetirmələri az olmayıb. Aşağı sinifdən hər uşağın öz təmayülü müəyyənləşdirlirdi və onlar bu dərnəklərə yönləndirilirdi.

Məktəblərdə 5, 6 və 7-ci siniflərdə 2 saat, 8 və 9-cu siniflərdə 3, 10 və 11-ci siniflərdə 4 saat əlavə fakültətiv məşğələ və 2 saat dərnəklər təşkil edilirdi. Hazırda fakültətiv məşğələlər maraq kursu adlanır. Amma bu ada rəğmən kurslara maraq göstərən yoxdur. Şagirdlər əlavə repetitor yanına getdikləri üçün yuxarı siniflərdə dərsə davamiyyət çox zəifdir. Dərnəklər demək olar ki, arxivə gömülüb.

Müəllimin dərs yükü azdır deyə ona fakültətiv məşğələ və dərnəyə rəhbərlik təyin edilir ki, əməkhaqqı tənzimlənsin. Bu isə doğru yanaşma deyil".

Məktəblərə inspektor nəzarəti təmin edilsə...

Hazırda məktəbdənkənar təhsil üzrə xüsusi şöbələrin fəaliyyət göstərdiyini vurğulayan Nadir İsrafilov dedi ki, ştat üzrə onların sayı sovetlər dövründəkindən də çoxdur, amma fəaliyyətləri qənaətbəxş deyil. Təhsil ekspertinin sözlərinə görə, dərnəklərin fəaliyyətinin gücləndirilməsi üçün məktəblərə nəzarət mexanizmi bərpa olunmalıdır: "Təhsil sisteminin idarə edilməsinin 4 funksiyası var: planlaşdırma, təşkiletmə, rəhbərik və nəzarət. Sovet dövründə təhsil şöbələrinin hamısında inspektorlar vardı və onlar məktəblərdə mütəmadi yoxlamalar aparır, nəzarət həyata keçirirdilər. İndi bu inspektorların funksiyasını dəyişiblər, onlar məsləhətçi rolunu oynayır. Məktəblərə nəzarət funksiyası ləğv edilib. Fikrimcə, məktəblərə nəzarət mexanizminin obyektiv şəkildə bərpa olunması təhsildə bir çox problemlərin aradan qaldırılmasına, o cümlədən dərnəklərin fəaliyyətinin real məzmun almasına imkan yaradar".

Məktəbdənkənar müəssisələr üçün yeni proqram hazırlanmalıdır

Qeyd edək ki, "Azərbaycan 2020 Gələcəyə baxış" İnkişaf Konsepsiyasında Məktəbdənkənar təhsilin səmərə və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə müasir təhsil proqramlarının hazırlanması qeyd edilib.

Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələr şöbəsinin müdiri Ağababa İbrahimovun sözlərinə görə, dərsdənkənar müəssisələrin müasir tələblərə cavab verən fəaliyyətini işə salmaq üçün konsepsiyada da qeyd olunduğu kimi dövlət proqramının qəbul olunmasına ehtiyac var.

Ağababa İbrahimovun bildirdiyinə görə, qeyri-hökumət təşkilatı olan "Els" Araşdırmalar Mərkəzi ilə birlikdə məktəbdənkənar müəssisələrini fəaliyyətini əks etdirən meneviservetimiz.az saytı yaradılıb.

Saytda yerləşdirilən məlumata görə, Bakının Nəsimi, Xəzər rayonlarında 5, Sabunçu rayonunda 4, Səbayel, Nizami, Suraxanı rayonlarında 2, Binəqədi, Nərimanov, Yasamal, Qaradağ rayonlarında 1 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.

"Yaradıcılıq mərkəzlərinə 4-cü sinifdən sonra gələnlər azdır"

"Els" Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubovanın bildirdiyinə görə, mərkəz Təhsil Nazirliyi ilə birgə məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı tədbirlər keçirir: "Layihələrimiz milli-mədəni sərvətlərimizi qorunması, uşaqların psixoloji problemlərinin araşdırılması, asudə vaxtın təşkili və mütaliə ilə bağlıdır. İcra etdiyimiz bu layihələrə dərnək məsələlərini də əlavə etməyi düşünürük.

Amma hazırda təhsil proqramları elə gərgin vəziyyətdədir ki, şagirdlər daha çox repetitor hazırlığına gedirlər. Uşaq yaradıcılıq mərkəzlərinə 4-cü sinifdən sonra gələnlər çox azdır.

Bizim uşaq yaradıcılıq mərkəzlərimiz var ki, Azərbaycanı Türkiyədə, Kanadada və digər xarici ölkələrdə təmsil ediblər, diplom, kubok və medallarla qayıdıblar. Məsələn, bu yaxınlarda "Təbəssüm" Uşaq Musiqili Teatrı Gürcüstanda keçirilən Vaxtanq Cabukiani adına II Beynəlxalq festival-müsabiqədən qələbə ilə qayıdıb, "Günay" Uşaq Teatrı Azərbaycanı təmsil etdiyi "Şaqi" ("Addımlar") ІІІ Minsk Beynəlxalq uşaq teatr forumunda uğura imza atıb.

Bütün bunlar məktəbdənkənar təhsilin fəaliyyətinin nəticəsidir. Amma məktəblərdə dərnəklərin fəaliyyətində həqiqətən də boşluq var. Əslində dərnəklərin fəaliyyətinə valideynlər də, məktəblər də maraqlıdır. Görünür, bunun üçün əsaslı proqram qəbul edilməlidir ki, real nəticə də hasil olsun".

Sevil Hilalqızı


Müəllif: