21 Aprel 2015 15:39
3 182
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 17-18-də Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyi və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkilatçılığı ilə Füzuli rayonunda məcburi köçkünlər üçün "Sabaha sağlam ruhla" adlı yeni layihə həyata keçirilib.

Teleqraf.com-un xəbərinə görə, adı çəkilən layihəyə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Füzuli rayon İcra Hakimiyyəti dəstək verib.

Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Koreya Respublikasının səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova əvvəlcə Horadiz şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri qoydular. Daha sonra isə Füzuli Müalicə Diaqnostika Mərkəzində layihənin açılış mərasimi keçirildi. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Koreya Respublikasının səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova çıxış edərək layihənin vacibliyini və böyük əhəmiyyət kəsb etdiyini vurğuladılar.

Layihənin ilk tədbirində Kyung Hee Universitetinin Bakıda - SEBA Assosiasiyasının nəzdində fəaliyyət gostərən Koreya Şərq Təbabəti Klinikasının əməkdaşları və koreyalı həkim-professorlar və fizioterapevt tərəfindən 260 nəfər məcburi köçkünə könüllü tibbi xidmət göstərildi. 2 gün ərzində osteoxondroz, iflic, artrit, revmatizm, əzələ ağrıları və s. bu kimi xəstəliklərdən əziyyət çəkənlərin muayinəsi ilə bərabər, hər bir pasiyentə içərisində 13 növ Koreya dərmanları olan bağlamalar paylanıldı.

Səfər çərçivəsində Koreya Respublikasının səfiri Çoi Suk İn və SEBA Assosiasiyasının sədri xanım Ruhəngiz Heydərova Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə görüşüb və məcburi köçkünlərin məskunlaşdığı Zobucuq 2 qəsəbəsi ilə tanış olaraq bir ailəyə baş çəkiblər. Həmin ailəyə Səfirlik tərəfindən elektrik ətçəkən maşın, SEBA Assosiasiyası tərəfindən isə paltaryuyan maşın hədiyyə olundu.

Layihə çərçivəsində Horadiz şəhər 3 saylı tam orta məktəbində 60 nəfərdən ibarət, 3-5-ci sinif şagirdlərinin iştirak etdiyi “Sehirli nağıl” rəsm müsabiqəsi olmuşdur. Şagirdlər Azərbaycan nağılı "Göyçək Fatma" və Koreya nağılı "Şim Çonqun hekayəsi" haqqında təsəvvürlərini rəsmlərdə təsvir etdilər. Daha sonra, müsabiqə iştirakçıları Səfirlik və Azərbaycanda fəaliyyət göstərən Koreya şirkəti “Halla” Korporasiyası tərəfindən məktəbli çantaları və dəftərxana ləvazimatları ilə mükafatlandırıldılar. SEBA Assosiasiyası, öz növbəsində, şagirdlərə müxtəlif həvəsləndirici hədiyyələr təqdim etdi.

Sonra təşkilatçılar Füzuli rayon Əhmədbəyli kəndində yerləşən Mirmehdi Xəqani adına musiqi təmayüllü internat tipli gimnaziyada olarkən, orada təhsi alan 311 nəfər uşaqla görüşüb, onlara hədiyyələr və şiriniyyatlar payladılar.

Layihənin sonunda Horadiz şəhərinin Muğam Mərkəzində Koreya Respublikasının səfiri Çoi Suk İn və Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək bu geniş layihənin yekunlarından danışdılar. Layihənin çoxtərəfli olduğu və uğurlu keçirildiyi qeyd edildi.

Sonra isə toplanan 300-ə yaxın Fizuli rayon sakinlərinə 2012-ci ildə rejissor Lee Yong-ju tərəfindən çəkilən və Koreyada böyük uğur və eyni zamanda dünya ölkələrində də populyarlıq qazanmış "Memarlıq-101" Koreya filmi nümayiş olundu.

"Sabaha sağlam ruhla"layihəsi Koreya və Azərbaycan arasında qarşılıqlı anlaşma və inam əsasında dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məqsədi daşıyır. Layihənin bu il Azərbaycanın daha iki rayonunda da həyata keçirilməsi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər