27 Aprel 2015 20:18
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Səhiyyə Təşkilatının (DST) hesablamalarına görə, hər il 250 milyon insan malyariyaya yoluxur. Problem 2009-cu ildə dünyada daha aktual olub və dünya əhalisinin yarısı, yəni 3,3 milyard insan malyariya təhlükəsi qarşısında qalıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanda malyariya ilə bağlı vəziyyət 1990-cı illərin başlanğıcında sürətlə pisləşməyə başlayıb, 1993-1994-cü illərdə malyariya hallarının sayı 23-dən 667-yə, 1996-cı ildə isə 13 min 135-ə çatıb. Bu, əsasən ağır sosial-iqtisadi şərait, o cümlədən silahlı münaqişə nəticəsində təxminən bir milyon insanın məcburi köçkün olması ilə bağlı idi. Kür-Araz və Lənkəran düzənliklərində 1997-ci ildə baş vermiş daşqınlar vəziyyəti daha da pisləşdirmişdi. 1997-ci ildən başlayaraq genişmiqyaslı epidemiyaya nəzarət işləri nəticəsində ölkəmizdə malyariya ilə bağlı vəziyyət yaxşılaşmağa başlayıb.

Qeyd edək ki, hər il 25 aprel - Ümumdünya Malyariya Günü kimi qeyd olunur. U gün Ümumdünya Səhiyyə Assambleyası tərəfindən xəstəliyə nəzarət səylərinin artırılması məqsədilə 2007-ci ildə təsis edilib. Malyariya insana anofeles cinsindən olan ağcaqanadlar vasitəsilə keçir. Ağcaqanad sağlam insanı sancdıqda parazit insanın qanına keçir və yoluxma baş verir. Halsızlıq, yüksək qızdırma, üşütmə, baş ağrıları ilə özünü büruzə verən xəstənin vəziyyətində sonradan ağırlaşmalar qeydə alınır. Lakin malyariya müalicə olunan xəstəlikdir və bu ölümlərin qarşısını almaq mümkündür.

2005-ci ildə Özbəkistanın Daşkənd şəhərində DST-nin Avropa Regionunda malyariyanın aradan qaldırılması ilə bağlı regional təşəbbüs üzrə keçirilmiş ilkin görüşdə “Malyariyaya nəzarətdən onun eliminasiyasına (aradan qaldırılmasına) doğru” Regional Bəyanatı qəbul edilib. Son bir neçə il ərzində ölkədə malyariyaya nəzarətlə bağlı əldə edilmiş əhəmiyyətli nəticələri nəzərə alaraq Azərbaycan Daşkənd Bəyanatını imzalamış və 2008-2013-cü illər üçün Azərbaycan Respublikasında “Malyariyanın Eliminasiyası üzrə Milli Strategiya” qəbul edilib. Bu strategiya 2008-ci il martın 3-də Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilib. Yeni milli strategiyanın son məqsədi 2013-cü ilədək malyariya ilə yerli yoluxmaların kəsilməsi idi. Hal hazırda milli məqsədə nail olunub. Azərbaycanda 2013-cü və 2014-cü illərdə, eləcə də 2015-ci ilin ötən dövrü ərzində yerli yoluxma nəticəsində malyariya halları qeydə alınmayıb. Yalnız 2013-cü ildə 4 nəfər, 2014-cü ildə isə 2 nəfər tropik malyariyaya tutulub ki, bu da bizim ölkəmiz üçün xarakterik deyil.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər