30 Aprel 2015 21:15
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Qarnizonunun Zabitlər evində hərb tariximizin tanınmış simalarından olan Cəmşid Naxçıvanskinin anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib.

Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən tədbiri Hərbi Lisey rəisinin şəxsi heyətlə iş üzrə müavini, polkovnik Azad Cəfərov açaraq görkəmli hərbi xadim, Azərbaycanın ilk milli atıcı diviziyasının komandiri Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətindən danışıb.

Bildirilib ki, Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il aprelin 9-da imzaladığı Sərəncam ilə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər planına əsasən, muxtar respublikada hərb tariximizin unudulmaz simalarından olan Cəmşid Naxçıvanskinin 120 illik yubiley tədbirləri keçirilir. Bu gün Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən yubiley tədbiri də bu qəbildəndir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev bildirib ki, hərb tariximizin yetirdiyi görkəmli şəxsiyyətlər sırasında Naxçıvanskilərin öz yeri var. Kəngərlilər nəslinin davamçılarından olan Naxçıvanskilər həm dövlətçilik, həm də hərbi sahədə mühüm xidmətlər göstərərək adlarını milli tariximizin səhifələrinə yazdırıblar. Onlardan biri də sonuncu Kəngərli generalı Cəmşid Naxçıvanskidir. Cəmşid Naxçıvanskinin ömür yolu bu gün gənclərimiz, eyni zamanda, hərb peşəsinin incəliklərini öyrənən kursantlarımız üçün əsl nümunədir.

AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev çıxış edərək bildirib ki, Cəmşid Naxçıvanski 1915-ci ilin mart ayında tatar (azərbaycanlı) süvari polkunda həqiqi hərbi xidmətə başlayıb. 1920-ci ildə ikinci Qarabağ süvari polkunun komandiri təyin edilib. Ona böyük bir riskli iş tapşırılır: Qarabağdakı Əsgəran qalasını erməni daşnaklarından təmizləmək. O, həmin ilin aprel ayının 12-dək Ağdamı və Xankəndini, eləcə də Şuşanı erməni quldurlarından təmizləyib. Cəmşid Naxçıvanski 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasını yaradıb və həmin diviziyaya komandir təyin olunub.

Vurğulanıb ki, görkəmli hərb xadiminin adı yalnız ulu öndər Heydər Əliyevin təşəbbüsü nəticəsində əbədiləşib. 1971-ci ildə Moskvanın əsassız cəhdlərinə baxmayaraq, Bakı şəhərində respublika hərbi təyinatlı orta internat məktəbi yaradılıb və Cəmşid Naxçıvanskinin adı bu məktəbə verilib. Sonralar məktəb hərbi liseyə çevrilib. Böyük sərkərdənin adına indi ölkəmizdə hərbi lisey, ev-muzeyi və tam orta məktəb var.

Sonra kursantlar Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.


Müəllif:

Oxşar xəbərlər