Ölkəmizdə penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər müvafiq qanunvericiliyə uyğun olaraq, minimum əmək haqqının 4 misli məbləğində (420 manat) birdəfəlik pul müavinəti ilə təmin olunur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, cari ilin yanvar-mart aylarında birdəfəlik pul müavinəti ilə təmin edilən belə şəxslərin sayı 1488 nəfər təşkil edib.
ƏƏSMN tərəfindən penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan şəxslərin gələcək məşğulluğunun dəstəklənməsi məqsədilə onların peşə reabilitasiyası işləri də görülür. Ötən il həmin şəxslərdən 230 nəfər, bu ilin ötən dövründə isə 16 nəfər əmək bazarında tələb olunan peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub. Hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda inşa olunan Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün Sosial Adaptasiya Mərkəzi sözügedən insanların sosial adaptasiyası işlərinin gücləndirilməsinə xidmət edəcək.
Mərkəz penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının müdafiəsi, onların müvafiq sahələrdə yardımla təminatı yönündə işlər görəcək.
Naibə QURBANOVA